Alternative content

14:10 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ruhsuz bədənlər
Ruhsuz bədənlər
ANA SƏHİFƏ / Səhiyyə
12:03 11.03.2018

 

99 yaşlı Anatomiya Muzeyi öz sahəsi üzrə dünyanın ən yaxşıları sırasındadır

 

Muzeydəyik… Lakin digərlərindən fərqli olaraq, burada incəsənət, tarix, mədəniyyət inciləri ilə tanış olmuruq, əksinə, özümüzü, fiziologiyamızı tanıyırıq...
Bu məkanı hərə bir cür adlandırır - “mumiyaların saxlanıldığı muzey”, “meyitxana” və sair... Amma bu adların heç biri onun mahiyyətini əks etdirmir. Əslində isə bura tədris məkanı, insanın öz orqanizminə, bədən quruluşuna bələd olması üçün ən mükəmməl informasiya mənbəyi olan Anatomiya Muzeyidir...

 

5200-dən artıq preparat, 24 minə qədər eksponat

 

Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının yerləşdiyi binanın dəhlizindəki insan anatomiyasının bütün hallarını özündə əks etdirən böyük rəsmlər bu məkan barədə ilk təəssüratı yaradır. Həmsöhbətimiz ATU-da insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski deyir ki, kafedra və onun nəzdindəki muzey öz fəaliyyətinə 1919-cu ildə başlayıb. 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeydə alınan muzey dünyada bu cür fəaliyyət göstərən analoqlarından istər sahə, istərsə də preparat sayı baxımından ən böyüyüdür.
Ötən 99 ildə kafedranın tərkibindəki Anatomiya Muzeyi tədris muzeyi kimi fəaliyyət göstərib və xeyli genişləndirilib. Muzey “Dayaq-hərəkət aparatı”, “Anomaliya”, “Sinir sistemləri” və “Daxili orqanlar” olmaqla 4 bölmədən ibarətdir. Anatomiya tədris muzeyi hazırda 5200-dən artıq preparata, 24 minə qədər eksponata malikdir.
Bu eksponatlar əsasən tədris prosesində istifadə edilir, ancaq sıravi vətəndaşlar da bu muzeyə gedib nadir eksponatlarla tanış ola bilərlər. Qeyd edək ki, muzeyə giriş ödənişsizdir.

 

Süni qidalanan cansız bədənlər

 

İndi keçək burada illərlə cansız bədənlərin necə və hansı formada saxlanılması prosesinə... Necə olur ki, kafedraya gətirilən meyitlər çürümür, iylənmir və orqanları xəsarət görmür?
V.Şadlinski deyir ki, meyitlər gətirilən zaman çürüməmələri üçün damarlarına formalin (xüsusi məhlul) doldurulur. Nəticədə süni qidalanma olur. Belə meyitlər illərlə saxlanılır. Tələbələrin meyitlərlə işləməsi çətin olsa da, onların hansısa xəstəliyə yoluxması mümkün deyil. Çünki formalin buna imkan vermir. Yaxud da meyiti təhvil almamışdan əvvəl onun vərəm və ya onkoloji xəstə olub-olmadığı öyrənilir. Çünki belə meyitlər götürülmür. Meyitin damarları nə qədər formalinlə doldurulsa da, toxumalarda xəstəliyin izləri qala bilər.
Söhbət zamanı Vaqif Şadlinski meyit azlığından da şikayətləndi: “Tələbələri öyrətmək üçün əyani vasitələrdən istifadə etməliyik. Meyit az olduğundan tələbələr preparatlar üzərindən öyrənirlər. Meyitlərin cinsiyyət fərqi yoxdur. Əvvəllər meyit çox olduğundan on tələbəyə birini verə bilirdik. İndi isə vəziyyət fərqlidir. Çünki yaxınları olmayan şəxslər kimsəsizlər qəbiristanlığında basdırılır. Ona görə də bu cür meyitləri götürə bilmirik. Bu baxımdan, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə əməkdaşlıq edirik. Bəzən meyiti aldıqdan bir müddət sonra onun sahibi çıxır. Əgər meyitin üzərində işlənilibsə, geri qaytarmaq mümkün olmur”.

Malinovskinin külü, “təpəgöz”, siam əkizləri...

 

Bundan sonra bizə bələdçiliyi muzeyin əməkdaşı İlahə Rüstəmova edir. Öncə Anomaliya bölməsinə baş çəkirik. Burada döl formasında və anomaliyayla doğulan uşaqların bədəni yerləşdirilib. Muzeydə nümayiş olunan “eybəcər” doğulmuş uşaqları müşahidə edirik. Anensefaliya, akraniya, el arasında su yığımı adlanan beyin hidropu və yırtığı, onurğanın arxadan yarığı, dovşandodaqlıq, bir sözlə anormal doğulmuş uşaqlar formalin dolu şüşə qablarda saxlanılır.
Şüşədəki eksponatların dərmanı ildə bir dəfə dəyişdirilir. Rəngi saralmış formalin yenisi ilə əvəz edilir. Əgər vaxtı-vaxtında dəyişidirilməzsə, eksponat məhv ola bilər. Ona görə də buna ciddi nəzarət edilir.
Muzeydə diqqət çəkən “eybəcər”liklərdən biri “təpəgöz” deyə adlandırılan normadan çox inkişaf etmiş burnu və alnında tək gözü olan körpədir. Siam əkizləri, bir bədəndə iki baş, inkişafdan qalmış, yaxud həddindən çox inkişaf etmiş uşaqlar barədə də məlumat alırıq. Öyrənirik ki, vərəm və başqa xəstəliyin təsiri nəticəsində belə eybəcərliklər əmələ gəlib.
Kafedraya ötən əsrin 20-ci illərində rəhbərlik etmiş B.Malinovskinin külü və böyrəkləri də Anomaliya bölməsində eksponat kimi nümayiş olunur. Həmsöhbətim bildirdi ki, Malinovski ölən zaman yandırılaraq külünün və böyrəklərinin saxlanılmasını vəsiyyət edib. Kül 1926-cı ildən buradadır. Bir insanın külünün çəkisi 800-1000 qr arasındadır.

 

1 mm ölçüsündə rüşeym

 

Sinir sistemləri bölməsində insan bədəninin sinir sistemləri, kəllələr, skeletlər nümayiş olunur. Bəzi kəllələr Şəki rayonunda qazıntı zamanı aşkar olunub, türk mənşəlidir. Həmçinin muzeydə yaş həddinə görə insan skeletləri də maraq doğurur. Uşaq skeletləri maket kimi görünsə də, əslində, tamamilə realdır. Bəzi skeletlərin sinəsinin qabarıq olması isə irsi, ya da valideynlərin pis vərdişlərin aludəçisi olduğunu göstərir ki, nəticədə də belə xəstə uşaqlar dünyaya gəlibdir.
Daxili orqanlar bölməsində isə adından bəlli olduğu kimi, insanın daxili orqanları nümayiş olunur. Bu muzeydə diqqətimizi daha çox 1 millimetr həcmində olan rüşeym çəkir. Rüşeymin inkişaf mərhələsi muzeydə eksponat kimi nümayiş edilir.

 

Min illik mumiyalar

 

Sonda isə dayaq-hərəkət aparatlarının yerləşdiyi bölməyə baş çəkdik. Bu otaqda insan skeleti, kəllə sümükləri, mumiyalar var. Muzeydə sərgilənən kəllə skeletləri təxminən XI əsrə aiddir. Onların bir qismi Mingəçevir Su Elektrik Stansiyası tikilərkən köhnə qəbirlərdən çıxarılıb.

Burada saxlanılan mumiyaların mindən çox yaşının olduğunu öyrəndik. Bir qadın və iki kişi meyiti olan mumiyalar ildə bir dəfə xüsusi dərman və vasitələrlə təmizlənir. Hətta bir kişi meyitinin mindən çox yaşı olmasına baxmayaraq, ürəyi və böyrəkləri üzərində qalmaqda idi. Sovet dövründə tapılan mumiyaları eksponat kimi bir çox ölkələrə göndərirdilər. Lakin bu mumiyalar Azərbaycandan tapılanlardır. Ehtimal olunur ki, havasız yerdə öldükləri üçün kimyəvi yox, təbii yolla mumiyalanıblar.
Muzeydən tam fərqli düşüncələrlə ayrılırıq. İlk qənaətimiz isə odur ki, sağ ikən qurub yaradan, yeni-yeni kəşflərə imza atan insanın cansız bədəni də elm üçün əvəzsiz əyani vəsaitdir. Onun sayəsində sanki özümüzü görür və kəşf edirik...

Səbinə MƏMMƏDOVA,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”