06 Mart 2018 01:03
366
Səhiyyə
A- A+

Vaxtında müalicə edilməyəndə qlaukoma korluğa səbəb olur

Qlaukoma gözün xroniki proqressivləşən xəstəliyidir, ona el arasında “qara su” da deyirlər. Qlaukoma gözdaxili təzyiqin qalxması ilə müşayiət olunur, görmə sinirini zədələyir və görmənin geridönməz şəkildə aşağı düşməsinə və itməsinə səbəb olur. Xəstəlik hər iki gözdə inkişaf etsə də, eyni zamanda yaranmır. İkinci gözdə xəstəlik bir neçə ay və ya bir neçə ildən sonra inkişaf edə bilər. Başlanğıc dövründə müalicə xəstəni korluqdan xilas edə bilər.

AZƏRTAC xəbər verir ki, Respublika Neyrocərahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədova qlaukoma xəstəliyi haqqında danışarkən deyib: ”Xəstəliyin əsas gedişi fasiləsiz və davamlı olaraq gözdaxili təzyiqin artması ilə müşayiət olunur. Bəs təzyiqin qalxması nə ilə əlaqədardır? Məsələ burasındadır ki, gözə fasiləsiz olaraq hər saniyə maye daxil olur. Həmin maye gözün damarlı qatından gözün içərisinə süzülür və xüsusi kanal vasitəsilə oradan xaric olur. Gözün içərisinə nə qədər maye daxil olursa, o qədər də xaric olunmalıdır. Qlaukomada həmin balans pozulur, xaric ola bilməyən mayenin bir hissəsi gözdə qalır və gözdaxili təzyiq yüksəlir. Təzyiq nə qədər yüksək olsa, görmə siniri də o qədər zədələnmiş olur. Görmə siniri tədricən atrofiyalaşır, solur, tələf olur və onunla birlikdə görmə qabiliyyəti də itir.

Qlaukomanın üç əsas forması - qapalıbucaqlı, açıqbucaqlı və qarışıq növləri var. Qapalıbucaqlı qlaukomada gözdaxili təzyiqin kəskin artması müşahidə olunur və özünü kəskin ağrı tutması ilə göstərir: gözdə əmələ gələn güclü ağrı alın, gicgah nahiyəsinə yayılır, gözün qarşısını duman alır, işığa baxarkən göy qurşağına bənzər rəngli halqalar görünür, göz qızarır, bəbək genəlir. Bəzən ağrı o qədər güclü olur ki, qollara, ürək və qarın nahiyəsinə yayılır və başqa xəstəliyin əlaməti kimi qəbul olunur. Belə kəskin ağrı tutmaları zamanı dərhal həkimə müraciət etmək lazımdır.

Açıqbucaqlı qlaukoma isə çox zaman simptomsuz keçir. Gözdaxili təzyiq davamlı olaraq qalxsa da, özünü heç bir əlamətlə büruzə vermir. Bu səbəbdən qlaukomanın daha təhlükəli forması olan açıqbucaqlı növündə xəstə görmə qabiliyyətinin aşağı düşməsindən şikayətlənərək həkimə müraciət edir. Təəssüf ki, bundan sonra itirilən görmə qabiliyyətini bərpa etmək mümkün olmur. Ona görə də 40 yaşdan sonra hər kəs hər il gözdaxili təzyiqin ölçülməsi və göz dibinin müayinəsi üçün həkim-oftalmoloqa müraciət etməlidir. İşığa baxarkən rəngli halqaların görünməsi, göz önündə üzən qara nöqtələr, gözdə olan daimi diskomfort, ağırlıq hissi, gözün tez-tez sulanması, qaranlıqda görmə qabiliyyətinin pisləşməsi, görmənin dumanlanması halları zamanı mütləq qlaukomanı inkar etmək üçün həkimə müraciət edilməlidir”.

Həkim-oftalmoloqun dediyinə görə, gözdaxili təzyiqin səviyyəsi fərdi xarakter daşıyır. Normada gözdaxili təzyiq 18 - 26 mm civə sütunu təşkil edir. Onu həkim-oftalmoloq tonometriya keçirərək təyin edir. Əgər qlaukoma diaqnozu qoyulubsa, müalicə həkiminin təyinatına mütləq əməl etmək lazımdır.

Qlaukomada medikamentoz müalicə əsasdır. Bəzi hallarda dərman müalicəsi səmərə vermir və cərrahi əməliyyat aparmaqdan başqa çıxış yolu qalmır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video