Alternative content

13:59 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gömrük hospitalının həkimləri 2 gün Salyanda olmuşlar
Gömrük hospitalının həkimləri 2 gün Salyanda olmuşlar
ANA SƏHİFƏ / Səhiyyə
12:03 06.03.2018

 

Ölkə rəhbərinin göstərişinə əsasən Salyan və Neftçala rayonlarının əhalisi əvvəlcədən məlumatlandırılmışdı ki, mart ayının 3-də və 4-də Dövlət Gömrük Komitəsi Mərkəzi Hospitalının Ürək mərkəzi şöbəsinin həkim kardioloqları Salyan şəhərinə gəlib xəstələri pulsuz müayinə edəcəklər. Tədbir mərkəzi hospitalın təşəbbüsü və Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutmuşdur. İki həftə öncə hospitalın kupon və bukletləri şəhər, qəsəbə və kənd ərazi nümayəndəlikləri tərəfindən sakinlərə paylanmışdı. Bundan sonra ürəklərindən şikayəti olanlar telefonla zəng vurub növbəyə yazılmışdılar. Hər iki rayondan olan vətəndaşlar mart ayının 3-ü və 4-ü humanitar aksiyanın keçirildiyi Salyan Rayon Mərkəzi Xəstəxanasına gəlib müayinə olunmuşlar. Burada istər həkimlər, istərsə də pasiyentlər üçün hər bir şərait yaradılmışdı. Şənbə və istirahət günü əhaliyə xidmət göstərən, onların dərdlərinə əlac edən həkimlərə baş çəkməyi biz də özümüzə borc bildik. Səhər saat 11 radələri idi. Pasiyentlər növbəlilk əsasında bir-bir qeydiyyatçıya yaxınlaşdıqdan sonra müvafiq otaqlara göndərilirdilər. Bizi də mehribanlıqla qarşıladılar. Hospitalın Ürək mərkəzinin rəhbəri - uzman doktor Ülvi Mirzəyevlə görüşdük.

Əvvəllər haqqında çox xoş sözlər eşitsək də, üzünü birinci dəfə idi görürdük. Bacarıqlı, istedadlı adamlar haqqında deyilən “sadə”, “təvazökar” sözləri elə bil ki, bu cavan həkimin də boy-buxununa, işinə-gücünə, əməlinə biçilib. O, ürəyə ən yaxşı stend qoyan uzman doktor kimi ad-san qazanıb. 1999-cu ildə Azərbaycan Tibb Universitetini bitirdkdən sonra Elmi Tədqiqat İnstitutunda bir il interna keçib. 2000-ci ildə ixtisasını artırmaq üçün qardaş Türkiyə Respublikasına gedib, orada çalışıb və ixtisasını artırıb. 2008-ci ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalı yaranarkən işləmək üçün Vətənə gəlib. Hal-hazırda buradakı Ürək mərkəzinin rəhbəridir. Hospitalda demək olar ki, bütün xəstəliklər üzrə şöbələr fəaliyyət göstərir. Doktor Ü.Mirzəyevin rəhbərlik etdiyi şöbənin 20 nəfərdən ibarət həkim briqadası bir neçə həftə bundan öncə Lənkəranda olmuş və 300 nəfər pasiyenti müayinə etmişdir. Dediyimiz kimi, budəfəki xeyirxah səfərləri Salyana olmuşdur. Onlar mart ayının 3-4-də Salyan və Neftçaladan olan 500 nəfər xəstəni elektrokardioqramma, exokardioqrafiya etmiş, qan nümunələri götürüb lazımi analizlər aparmışlar. Müayinədən keçmiş xəstələrə tövsiyə və göstərişlərini vermiş, müalicələr təyin etmişlər. Bu işdə uzman doktor - kardiocərrah Elməddin Əliyev, kardioloq Samir Mustafayev, Sevda Babayeva, Elnurə Əsgərova və başqaları daha çox fərqlənmşlər. Onların hər birinin əməyi xəstələr tərəfindən yüksək qiymətləndirilmişdir.

Salyan rayonunun Qızılağac kənd sakini Həzrətqulu Kazımov deyir: “Sağ olsun Gömrük hospitalının ürək həkimləri. Artıq ikinci gündür ki, şənbə və bazar günləri Salyandadırlar. Bu istirahət günləri, yəqin ki, onların da hər birinin ailə qayğıları, digər vacib işləri olardı. Lakin buna baxmayaraq, paytaxtdan rayona gəlib bizi müayinə edirlər. Bunun üçün onların hər birinə, xüsusilə də rəhbərləri, adlı-sanlı uzman doktor Ülvi Mirzəyevə öz dərin minnətdarlığımı bildirirəm. Ü.Mirzəyev ürəyimin elektrokardioqrammasına, exokardioqrafiyasına, qan analizlərimə diqqətlə baxıb müalicəmi təyin etdi, məsləhətlərini verdi. Axı, bundan yaxşı nə ola bilər?! Ali təhsilli iqtisadçıyam. Görürəm, dərk edirəm ki, ölkəmiz inkişaf etdikcə hər sahədə, eləcə də səhiyyədə əsaslı dönüş yaranır. Gələcək illərdə hər bir sahədə işlərimiz indikindən də yaxşı olacaq”.

Ceyran Salahova, Salyan şəhər sakini: “Tanınmış ürək loğmanı, uzman doktor Ülvi Mirzəyev çox böyük savab iş görür. Rəhbərlik etdiyi 20 nəfərlik kollektivlə artıq 2 gündür ki, Salyandadir. Onlar Salyanda və Neftçalada ürək xəstəliklərindən əziyyət çəkən adamları bir-bir qəbul edir, bu insanların dərdinə əlac etmək üçün əllərindən gələni əsirgəmirlər. Özləri ilə hər cür avadanlıqlar gətirmişlər. Gömrük Hospitalının Ürək mərkəzinin hər bir işçisi adamlara xüsusi diqqət və qayğıkeşliklə yanaşır, özü də heç bir təmənna ummadan. Allah belə dövlətdən, belə həkimlərdən razı olsun. Salyan Rayon Mərkəzi Xəstəxanasındakı şərait, səliqə-sahman, təmizlik adamı heyran edir. Bir insan, bir ana kimi deyirəm: yaxşı zamanda yaşayırıq, gəlin, bunların qədrini bilək. 10 - 15 il bundan qabaq belə şeylər yox idi. Ürək əməliyyatı üçün adamlar başqa ölkələrə gedirdilər. İndi maşallah olsun, Ülvi Mirzəyev kimi həkimlərimiz yetişib”.

Salyan şəhər sakini Müseyib Mustafayev, rayonun Qarabağlı kənd sakini İlham Muradov, Neftçala rayonunun Bankə qəsəbəsindən olan Sona Babayeva, Gülbəniz Babayeva, Naibə Babayeva və başqaları bu xeyirxah aksiyanın keçirilməsində əməyi olan bütün adamlara, həkimlərə, xüsusilə uzman doktor Ülvi Mirzəyevə öz minnətdarlıqlarını bildirdilər.

Əhalinin sağlamlığı keşiyində durmağı özlərinin həyat amalına çevirən kollektivin növbəti səfəri Naxçıvan Muxtar Respublikasına olacaqdır.

 

Seyran CAVADOV,

“Azərbaycan”