Alternative content

19:41 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikası Prezidentliyinə namizədin qeydə alınmasının əsasları, qaydaları və qeydə alınmış namizədin statusu
Azərbaycan Respublikası Prezidentliyinə namizədin qeydə alınmasının əsasları, qaydaları və qeydə alınmış namizədin statusu
ANA SƏHİFƏ / MSK
12:03 06.03.2018

 

Ötən hər bir gün bizi xalqımızın və dövlətimizin ictimai-siyasi həyatında çox mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikası Prezidentinin seçkilərinə daha da yaxınlaşdırır. Seçkilərin elan olunmasından sonra cərəyan edən proseslər onu göstərir ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə həm ölkə daxilində, həm də beynəlxalq arenada diqqət və maraq böyükdür. Respublika ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən xeyli sayda soydaşımızın seçki prosesinə qoşulması, həm öz təşəbbüsü, həm seçicilərin təşəbbüs qrupu və həm də siyasi partiyalar tərəfindən bütövlükdə 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi də bunun bariz nümunəsidir.

Seçki prosesi bir-biri ilə qırılmaz tellərlə bağlı olan ayrı-ayrı mərhələlərdən ibarətdir ki, hər bir mərhələnin də özünəməxsus xüsusiyyətləri var. Belə mərhələlərdən biri də namizədin qeydə alınması mərhələsidir.
Seçki prosesinin bu mərhələsi prezidentliyə namizədliyin irəli sürülməsinin təsdiq olunmasından sonrakı seçki hərəkətlərini özündə cəmləşdirir. Bu, ilk növbədə, prezidentliyə irəli sürülmüş namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, onun rəsmiləşdirilməsi, namizədin qeydə alınması üçün zəruri olan digər seçki sənədlərinin hazırlanması və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsini əhatə edir. Adı çəkilən seçki hərəkətləri, o cümlədən bu prosesin məntiqi nəticəsi kimi namizədin qeydə alınması Seçki Məcəlləsinin 56-58-ci, 60-cı, 181 və 182-ci maddələri, eyni zamanda, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2008-ci il 4 iyul tarixli 6/23-6 saylı Qərarı ilə təsdiq edilmiş, 2013-cü il 18 iyun tarixli 6/53 saylı Qərarı ilə dəyişiklik edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı prezidentliyə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi və namizədin qeydə alınması qaydaları haqqında” təlimatla tənzimlənir.
Göründüyü kimi, prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan ilk seçki hərəkəti namizədin müdafiəsi üçün seçici imzalarının toplanmasıdır ki, seçki qanunvericiliyi bununla bağlı bir sıra qaydalar müəyyənləşdirmişdir. Yeri gəlmişkən qeyd edək ki, bu qaydaların pozulması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, namizədin qeydə alınmasından imtinaya səbəb ola bilər. Seçki Məcəlləsinin tələbinə görə, hər bir namizədin müdafiəsi üçün 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisində azı 50 və ümumilikdə 40 mindən az olmayan imza toplanmalıdır. Azərbaycan Respublikasının aktiv seçki hüququ olan hər bir vətəndaşı namizədin müdafiəsi üçün imza vərəqəsinə imza etmək hüququna malikdir. Bu zaman nəzərə almaq lazımdır ki, bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər. Bununla belə, namizədin müdafiəsi üçün imza etmək könüllüdür və seçicinin hər hansı bir vasitə ilə bu hüququnu reallaşdırmasına mane olmaq qadağandır.Aldatma, fiziki və ya psixi zor tətbiq etmə və ya bu tip hədələrlə seçiciləri imzalamağa məcbur etmə, imza atmağa imkan verməmək, buna görə onları mükafatlandırmaq kimi hərəkətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə nəzəzrdə tutulmuş məsuliyyətə səbəb olur.
İmza vərəqələri Seçki Məcəlləsinin 2 və 2A saylı əlavələrinə uyğun formada Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş sayda və üsulla tipoqrafiya müəssisəsində hazırlanır. Seçici imzalarını namizədin özü, səlahiyyətli nümayəndələri, həmçinin Azərbaycan Respublikasının 18 yaşına çatmış fəal seçki hüququ olan hər bir vətəndaşı toplaya bilər. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçici imzalarını toplayan şəxslə imza toplaması barədə müqavilə bağlaya bilər. Belə işin haqqı yalnız namizədin seçki fondu hesabına ödənilməlidir. Lakin dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq, hüquqi şəxslərin imza toplamasında iştirakına yol verilmir.
Namizədin müdafiəsi üçün seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana bilər.
İmza vərəqəsində seçiciyə aid bütün məlumatlar müvafiq qrafalarda mütləq qeyd edilməlidir. Seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini (18 yaşlı şəxs həm də doğulduğu ay və günü), yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini, verilmə tarixini və imza qoyulması tarixini göstərir. İmza vərəqəsində seçiciyə aid məlumatları imza toplayan şəxs seçicinin razılığı ilə onun əvəzinə doldura bilər.İmza etmək hüququ isə yalnız seçiciyə məxsusdur. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir.
İmza toplayan şəxs tərəfindən hər bir imza vərəqəsinin yuxarı sol tərəfində seçici imzalarının toplandığı seçki dairəsinin adı və nömrəsi göstərilməlidir.
Şəxsin özü və ya seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş namizəd üçün imza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya nömrəsini və verilmə tarixini göstərir.
Namizəd siyasi partiya, siyasi partiyalar bloku tərəfindən irəli sürülürsə, imza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Namizədin irəli sürülməsinin təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri toplanmış seçici imzalarının sayını hesablayır. Seçici imzalarının toplanması haqqında yekun protokolunu tərtib edir və imzalayır. MSK-ya təqdim edilən imza vərəqələri ardıcıl olaraq nömrələnməli və qovluq formasında səhifələnməlidir.
İmza vərəqələri seçki qanunvericiliyinə uyğun olaraq doldurulduqdan sonra namizədin qeydə alınması üçün aşağıda göstərilən digər seçki sənədləri ilə birlikdə 2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək prezidentliyə namizəd və ya siyasi partiya, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komisssiyasına təqdim edilməlidir:
1) İrəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;
2) seçici imzalarının toplanması haqqında tərtib edilmiş yekun protokolun 2 nüsxəsi;
3) irəli sürülmüş namizədin öhdəlik ərizəsindəki məlumatlarda dəyişikliklər barədə bildiriş;
4) namizədin seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövrü əhatə edən gəlirlərinin miqdarı və mənbələri haqqında məlumat;
5) gəlirlər barədə məlumatların alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış;
6) mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat;
7) seçici imzalarının toplanması üçün sərf edilmiş vəsait haqqında məlumatlar da göstərilməklə namizədin ilkin maliyyə hesabatı.
Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində olan imzaların və digər məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə, Daxili İşlər, Vergilər nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin və Azərbaycan Respublikası Hesablama Palatası mütəxəssisləri sırasından ekspertlərdən ibarət işçi qrupu yaradılmışdır. Hər bir prezidentliyə namizədin imza vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi qrupunun rəhbəri tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün MSK-ya təqdim edilir.
Mərkəzi Seçki Komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul edir.
Düzgün imzaların sayı 40 mindən az deyildirsə, digər təqdim olunan seçki sənədləri həqiqəti əks etdirirsə, seçki qanunvericiliyinə uyğun tərtib edilibsə, bu, namizədin qeydə alınmasına əsas verir.
Təqdim edilmiş sənədlərdə səhvlər və pozuntular varsa və bunlar namizəd və ya səlahiyyətli nümayəndələr tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, MSK namizədi və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsini 24 saat müddətində bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədi qeydə alır. Qeydə alınmış namizədlərə Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyat vəsiqəsi verilir, qeydiyyatdan sonra 24 saat müddətində onlar haqqında məlumatlar kütləvi informasiya vasitələrinə təqdim edilir.
Namizədin qeydə alınmasından imtinaya əsaslar Seçki Məcəlləsinin 60.2.1, 60.2.2, 60.2.3, 60.2.4, 60.2.5 və 60.2.6 maddələrində göstərilmişdir. Bunlar əsasən seçici imzalarını toplayarkən Seçki Məcəlləsinin tələblərinin pozulması, namizədin qeydə alınması üçün təqdim etdiyi sənədlərin düzgün rəsmiləşdirilməsi və ya olmaması, seçici imzalarının lazımi saydan az olması ola bilər.
Məlumat üçün bildirək ki, Mərkəzi Seçki Komissiyası imza vərəqələrini və digər seçki sənədlərini müəyyən olunmuş müddətdə hər gün saat 9.00-dan 18.00-a qədər qəbul edir. Sənədlər qəbul olunarkən imza vərəqələri olan hər bir qovluq möhürlə təsdiqlənir, təqdim olunmuş imza vərəqələrinin sayının seçici imzalarının toplanmasının yekunu haqqında protokolla uyğunluğu yoxlanılır, sənədlərin qəbulu barədə yazılı arayış tərtib edilir. Arayış Mərkəzi Seçki Komissiyasının katibi və imza vərəqələrini, digər seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edən şəxs tərəfindən imzalanır, təsdiqlənir və bir nüsxəsi seçki sənədlərini təqdim edən şəxsə verilir.
Qeydə alınmış namizədlərin statusu - bərabərliyi, fəaliyyətinin təminatları və seçkilərdə iştirakının şərtləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin 69-71-ci maddələrində öz əksini tapmışdır. Qeydə alınmış bütün namizədlər onların statusları nəzərə alınmaqla bərabər hüquqa malikdirlər və bərabər vəzifələr daşıyırlar.
Dövlət orqanlarında, bələdiyyə qulluğunda və ya kütləvi informasiya vasitələrində işləyən qeydə alınmış namizədlər seçki kampaniyasında iştirak etdikləri müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad edilirlər. Amma bu qayda Azərbaycan Respublikası Prezidentinə, Milli Məclisin deputatlarına və bələdiyyə üzvlərinə şamil edilmir. Qeydə alınmış namizədin işlədiyi, oxuduğu, hərbi xidmətdə olduğu idarənin, təşkilatın müdiriyyəti, hərbi hissənin komandiri namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün onu işdən, tədrisdən, xidmətdən ödənilməyən məzuniyyət verilməsi əsasında istənilən gün və vaxt azad etməlidir. Bu halda Mərkəzi Seçki Komissiyası seçkilərin hazırlanması və keçirilməsi ücün büdcədən ayrılmış vəsait hesabına namizədə orta aylıq əməkhaqqı məbləğində, lakin minimum əməkhaqqının 20 mislindən çox olmayan haqq ödəməlidir.
Qeydə alınmış namizədə Seçki Məcəlləsi ilə müəyyən edilmiş nəqliyyat xərcləri ödənilir. Taksi və sifarişli nəqliyyat reyslərindən istifadə xərcləri isə ödənilmir.
Qeydə alınmış namizəd Seçki Məcəlləsinin 70.1-ci maddəsində göstərilən müddətdə işdən, xidmətdən, təhsil müəssisəsindən çıxarıla bilməz, öz razılığı olmasa, başqa işə keçirilə bilməz, habelə ezamiyyətə göndərilə, hərbi xidmətə və ya toplanışa çağırıla bilməz. Respublika baş prokurorunun razılığı olmadan törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və ya məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz.
Bundan əlavə, qeydə alınmış prezidentliyə namizədin təhlükəsizliyi Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada təmin edilir.

Etibar QULİYEV,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü