Martın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim, pedaqoq, Əməkdar Elm Xadimi, akademik Feyzulla Qasımzadənin 120 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli ədəbiyyatşünas alimin həyat və yaradıcılığından, çoxşaxəli elmi-pedaqoji fəaliyyətindən danışıb. O, F.Qasımzadəni yüksək intellekt səviyyəsi, zəngin erudisiyası, geniş dünyagörüşü, əhatəli yaddaşı, hadisələrə özünəməxsus yanaşma tərzi, səmimiyyəti, təvazökarlığı və xeyirxahlığı ilə seçilən alim kimi xarakterizə edib. Bildirilib ki, F.Qasımzadə xalqımızın Bəkir Çobanzadə, Əli Sultanlı, Mir Cəlal Paşayev, Məmməd Cəfər Cəfərov, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Məmməd Arif Dadaşzadə, Mirəli Seyidov, Cəfər Xəndan kimi görkəmli ziyalıları ilə bir sırada dayanan alim-vətəndaş olub.
Ədəbiyyat İnstitutunun əməkdaşları F.Qasımzadənin həyat və yaradıcılığı haqqında məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, xalqımızın böyük alimi, akademik Feyzulla Qasımzadə Azərbaycan ədəbiyyatı tarixinin, xüsusilə də XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin araşdırılaraq elmi müstəviyə gətirilməsində və təbliğində müstəsna xidmətlər göstərib. Onun böyük zəhmətinin və gərgin elmi axtarışlarının nəticəsi olan “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi və ədəbi-bədii düşüncənin təhlili baxımından çox dəyərli və əvəzolunmaz elmi mənbədir. Akademik F.Qasımzadə həm də ədəbi tənqid sahəsində səmərəli fəaliyyət göstərib, yüksək səviyyəli əsərləri ilə Azərbaycan ədəbiyyatının obyektiv təhlilini verib. Akademik F.Qasımzadə, eyni zamanda, şəxsiyyət bütövlüyünə, zəngin daxili mənəviyyata, yüksək insani keyfiyyətlərə malik alim-pedaqoq idi.
Sonra görkəmli alimin ömür yolunu əks etdirən film nümayiş olunub.
Digər çıxış edənlər də akademik F.Qasımzadəni böyük alim, görkəmli ziyalı, ləyaqətli vətəndaş kimi səciyyələndirib, onunla bağlı xatirələrini bölüşüblər.