05 Mart 2018 11:03
590
Qəbullar
A- A+

Prezident İlham Əliyev Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bouritanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nazir Nasser Bourita Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədin dövlətimizin başçısına salamlarını və Azərbaycan Respublikası Prezidentinə və ölkəmizə ən xoş arzularını çatdırdı. Nazir dedi: “Mərakeşin Kralı Əlahəzrət VI Məhəmməd Sizinlə olan çox yaxşı şəxsi münasibətlərini və ölkələrimiz arasında uğurla inkişaf edən əlaqələri yüksək qiymətləndirir”. Qonaq qeyd etdi ki, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının ildönümü ərəfəsində Mərakeş tərəfi, eyni zamanda, Mərakeşin mərhum Kralı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Kasablankada tarixi görüşünün keçirilməsinin 25 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlərə hazırlaşır. Bu tarixi görüşü ölkələrimiz arasında çox yaxşı əlaqələrin qurulmasının əsası kimi dəyərləndirən Nasser Bourita bu gün Prezident İlham Əliyevlə Mərakeş Kralının bu yolu uğurla davam etdirdiklərini vurğuladı. O, öz səfəri zamanı keçiriləcək birgə komissiyanın iclasının ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri qeyd etdi ki, ölkələrimiz beynəlxalq aləmdə həmrəylik nümayiş etdirir, Mərakeş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və öz növbəsində, Azərbaycanın da Mərakeşin ərazi bütövlüyünü müdafiə etdiyinə görə minnətdarlığını bildirir. Dünyada islamofobiyanın və radikalizmin gücləndiyini deyən nazir ölkələrimizin beynəlxalq səviyyədə İslam dəyərlərinin qorunması istiqamətində səylərinin gücləndirilməsinin önəmini qeyd etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəm əsaslar üzərində uğurla inkişaf etdiyini bildirərək, bu münasibətlərin təməlinin xalqımızın ümummilli lideri Heydər Əliyev və Mərakeşin mərhum Kralı tərəfindən qoyulduğunu vurğuladı. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik göstərdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı sürətdə dəstəklənməsinin önəmini qeyd etdi. Azərbaycanın İslam həmrəyliyi işinə öz töhfəsini verdiyini qeyd edən dövlətimizin başçısı Azərbaycanda multikulturalizmin və dini tolerantlığın hökm sürdüyünü, ölkəmizin bu istiqamətdə mötəbər beynəlxalq tədbirlərin, o cümlədən İslam Həmrəyliyi Oyunlarının, müxtəlif beynəlxalq sərgi və konfransların keçirildiyi bir məkana çevrildiyini vurğuladı. Bu baxımdan İslam mədəniyyətinin qorunması ilə bağlı Azərbaycanın Avropada keçirdiyi təqdimatların, ISESCO tərəfindən Naxçıvanın bu il, Bakının isə bir neçə il bundan əvvəl İslam mədəniyyəti paytaxtı seçilməsinin önəmini qeyd etdi. Bu gün Azərbaycan dünyada vüsət alan islamofobiyaya qarşı fəal mübarizə aparır və bu baxımdan ölkələrimiz beynəlxalq aləmdə eyni mövqe nümayiş etdirir.

İqtisadi əlaqələrə toxunan dövlətimizin başçısı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etdi, bu baxımdan qarşılıqlı ticarətin artırılmasının, investisiya imkanlarının araşdırılmasının önəmli olduğunu bildirdi.

Prezident İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Mərakeş Kralına çatdırmağı xahiş etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video