Alternative content

01:19 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müasir dövr müasir kadrlar tələb edir
Müasir dövr müasir kadrlar tələb edir
ANA SƏHİFƏ / Təhsil
12:03 02.03.2018

 

Məlum olduğu kimi, bu gün ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət ilk növbədə qeyri-neft sektorunun inkişafına xidmət edır. Reallaşdırılan böyük layihələr, o cümlədən yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliyinin artırılması bu istiqamətdə uğurlarımızı artırmaqla yanaşı, Azərbaycanı yüksək infrastruktur təminatına malik ölkəyə çevirir. 

Lakin bu zaman bir sıra məsələlər də meydana çıxır ki, onlardan biri yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Bu işdə isə ali təhsil müəssisələrinin üzərinə böyük vəzifələr düşür.
Azərbaycan Texnologiya Universitetində də bu sahədə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Yeni istehsalat müəssisələrini, xüsusən də yüngül sənaye, qida, metallurgiya, logistika və İKT sənayesini müasir bilik və bacarığa malik kadrlarla, o cümlədən mühəndis və menecerlərlə təmin etmək üçün son illər universitetdə xeyli iş görülmüşdür. Onlardan biri keçən il reallaşan UTECA-dır. UTECA (Azərbaycan Texnologiya Universitetinin patentləşdirdiyi yeni beynəlxalq brendi - əmtəə nişanı) qeyd etdiyimiz sahələrin mütəxəssislərlə təminatında böyük rol oynayır. Bu əmtəə nişanı altında tələbələr təhsil illərində bugünkü əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnirlər.
Bundan başqa, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmək üçün 3 ildir ki, universitetdə Təhsil Nazirliyinin pilot layihəsi olan Müştəriyə Yönəltmə Proqramının icrasına da başlanılmışdır. Bu proqram kadr hazırlığı işini müəssisələrin tələblərinə uyğun qurmağa, hətta bu prosesə müəssisələrin özünü cəlb etməyə imkan verir. Elə bu məqsədlə proqram çərçivəsində çoxlu sayda istehsalat müəssisəsi ilə əməkdaşlıq əlaqələri qurulmuşdur. Tez-tez zavod və fabriklərdə təlimlərə, istehsalat təcrübələrinə göndərilən tələbələr nələri bilməli olduqlarını yerində görür, onları təcrübədən keçirir, tədris prosesində isə onun nəzəri biliklərini mənimsəyirlər. Universitet bu proqram - Müştəriyə Yönəltmə Proqramı çərçivəsində Gəncə Avtomobil Zavodu, “Det-AL” Alüminium Kompleksi, “Neon” firması, “Gəncə dəyirman”, Göygöl Şərab Zavodu, Gəncə Cihazqayırma Zavodu, Əlvan Metal Emalı Zavodu, “Azercell”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Şəmkir Aqroparkı”, “AzGranata” şirə emalı zavodu və s. müəssisələrlə sıx əlaqələr qurmuşdur.
“Det-AL” Alüminium Kompleksi universitet üçün metallurgiya laboratoriyası yaratmışdır. Hazırda burada “Det-AL Akademiyası”nın qurulması istiqamətində iş aparılır. Bundan başqa, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ilə əməkdaşlıq çərçivəsində regionda ilk dəfə Loqistika Təlim-Tədris Mərkəzi istifadəyə verilmişdir. Ölkənin aparıcı telekommunikasiya şirkətlərindən olan “Azercell” tərəfindən tədris prosesində istifadə üçün universitetə 2G və 3G stansiyaları bağışlanmışdır. “Barama” innovasiya və sahibkarlıq mərkəzinin ilk regional ofisinin təşkilatçılığı ilə keçirilən “İdeya müsabiqəsi”ndə isə bütün region universitetlərinin tələbələri öz startap layihələri ilə çıxış etmişlər. Universitet həmçinin Gəncə Avtomobil və Cihazqayırma zavodlarında UTECA-nın kafedralarını yaradıb. Həyata keçirilən bütün bu tədbirlər yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsinə imkan yaradır. Universitet-sənaye əlaqələrinin inkişaf etdirilməsi nəticəsində artıq bu ali təhsil müəssisəsinin nəzdində UTECA texnoparkının yaradılması işlərinə başlanılmışdır.
UTECA-da mütəxəssis hazırlığının keyfiyyətinin artırılması məqsədilə atılan ən mühüm addımlardan biri tam şəffaf təhsil mühitinin yaradılmasıdır. Biliyin qiymətləndirilməsində obyektivliyin təmin olunması universitetdə əsas prioritetlərdəndir və ali təhsilin keyfiyyətinin yüksəldilməsində vacib rol oynayır. Məhz son illər həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycan Texnologiya Universiteti bu gün ölkədə ən şəffaf təhsil mühitinin mövcud olduğu ali məktəblərdən sayılır. Təhsil Nazirliyinin təşəbbüsü ilə Siyasi Texnologiyalar Mərkəzi tərəfindən ali təhsil müəssisələri tələbələri arasında keçirilən sosioloji sorğunun nəticələri deyilənlərə əyani sübutdur. Həmçinin hər imtahan sessiyası müddətində təşkil olunan mediaturlarda valideynlərin, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə bu prosesin nə qədər qanunauyğun aparıldığı dəfələrlə təsdiqini tapmışdır.
Gələcək mütəxəssislərin daha peşəkar hazırlanması məqsədilə universitetin nəzdində yaradılan Davamlı İnkişaf və Təhsil Texnologiyaları Mərkəzində tələbələrə əlavə olaraq xarici dil və İKT bilikləri də öyrədilir. Bunlar müasir mütəxəssislərin gələcəkdə uğurlu karyera qura bilmələri üçün zəruri amillərdir. Bundan başqa, universitetdə fəaliyyət göstərən Davamlı İnkişaf və Təhsil Texnologiyaları Mərkəzində professor-müəllim heyətinin elmi potensialından istifadə edərək, şirkət və müəssisələrə, həmçinin digər maraqlı şəxslərə hazırlıq kursları, peşə təlimləri, fərdi inkişaf mövzularında müxtəlif tədbirlər və sair xidmətlər də təqdim edir.
Bütün bu deyilənlər, təbii ki, universitetdə formalaşan güclü kadr potensialından, pedaqoji və inzibati heyətin hazırlığından, eləcə də maddi-texniki bazadan istifadə etməklə reallaşır. Yaşı 50-yə yaxınlaşan bu ali təhsil ocağında indiyədək güclü kadr potensialı ilə yanaşı, müasir laboratoriyalar da yaradılıb. Bu gün respublikamızın qida və yüngül sənaye sahəsində fəaliyyət göstərən əksər müəssisələrində universiteti bitirmiş yüzlərlə məzun çalışır. 1980-ci ildən başlayaraq universitetdə təhsil alan tələbələrin sonrakı həyat yollarına nəzər salsaq görərik ki, məzunlar arasında öz doğma universitetlərində elmi-pedaqoji fəaliyyətlə məşğul olanlar da çoxdur.
Eyni zamanda universitetdə pedaqoji heyətin gəncləşdirilməsi istiqamətində ciddi işlər aparılır. Son bir neçə ildə 50-dən artıq gənc müəllim işə qəbul olunmuşdur ki, onların arasında dövlət proqramı ilə xaricdə təhsil alanlar da az deyil. Yeri gəlmişkən qeyd edək ki, müəllimlərin xarici universitetlərdə mübadilə proqramları da həyata keçirilir ki, bunun da nəticəsində onların peşəkarlığı xeyli artır.
Ümumiyyətlə, universitetdə beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verilir. Hazırda universitet Mövlana və Erasmus mübadilə proqramları üzrə bir çox xarici universitetlərlə əməkdaşlıq edir. Tələbə və müəllimlər indiyədək bu proqramlar çərçivəsində Türkiyənin Yıldız Texniki, Qaradəniz, Giresun kimi tanınmış ali təhsil ocaqlarında təcrübə mübadiləsində olmuşlar. Türkiyənin Orta Doğu Universiteti, İstanbul Texniki Universiteti, Hacəttəpə Universiteti, İstanbul Universiteti, Düzcə Universiteti kimi nüfuzlu ali təhsil ocaqları ilə ikili diplom proqramlarının tətbiqi istiqamətində danışıqlar aparır.
Bütün bu deyilənlərin yekunu kimi qeyd etmək olar ki, Azərbaycan Texnologiya Universitetində həyata keçirilən tədbirlər burada təhsil alanların gələcək uğurlarına zəmanət verir. Ümumilikdə isə bütün görülən işlər Azərbaycan vətəndaşının gələcək karyerasının təməlinin düzgün qoyulmasında mühüm rol oynayır.

Sabir ƏLİYEV,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM