Alternative content

21:50 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Ağ tüstü”nün qara zəhəri
“Ağ tüstü”nün qara zəhəri
ANA SƏHİFƏ / Səhiyyə
12:03 01.03.2018

 

Siqaretə qarşı mübarizə Azərbaycanda dövlət siyasətinin prioritetlərindən birinə çevrilir

 

...Heç kimin ağlına da gəlməzdi ki, 500 il əvvəl okeanın o tayından gəmi ilə Avropaya üzən “qərib” bitki nə vaxtsa bəşəriyyətin kabusuna çevriləcək. Avropalı səyyah Xristofor Kolumb heç özü də bilmirdi ki, hinduların ona hədiyyə etdikləri bir bağlama yarpaq nədir. Onun ekspedisiyası əslində, qızıl axtarışı ilə Amerikaya gedib çıxmışdı. Amma tapdığı “nemət” zaman keçdikcə insanlar üçün nəinki qızıldan, hətta canlarından da “əziz” oldu. Elə “əziz” ki, onların ömrünə şərik olsa belə, insanlar onu atmadılar...

 

XVII əsrdən başlanan ölüm erası...

 

XV əsrin sonlarından başlayaraq avropalılar ilk dəfə tütün gördülər və oradan da bu bitki dünyanın digər yerlərinə ayaq açdı. Tütünün becərilmə tarixinə nəzər saldıqda məlum olur ki, indiki tütün kolu təxminən eramızdan 6 min il əvvəl formalaşıb və 30 min il öncə isə hindular çeynəməklə, çəkməklə və s. formada ondan istifadə ediblər. Avropalılar tütün yarpağı ilə tanışlıqdan cəmi 20-25 il sonra kultivasiya yolu ilə onu əkməyə başlayıblar. İlk tütün plantasiyası da elə Avropada - ispanlar tərəfindən Santo-Dominqo adasında salınıb. 1620-ci ildə isə İspaniyada (Sevilyada) ilk tütün emalı fabriki yaradılıb, beləliklə də dünyada siqaret erası - ölüm erası başlayıb.
Krım müharibəsi zamanı (1853-1856-cı illər) türk və rus əsgərləri də siqaretdən istifadə etməyə başlayıblar. Onlar tütünü barıtın kağız gilizinə büküb çəkirmişlər.
Müharibədə müttəfiq kimi iştirak edən ingilis və fransız əsgərləri arasında da bu adət yayılıb. Sonra bu əsgərlər yeni öyrəndikləri vərdişləri öz ölkələrinə də aparıblar, oradakıları da tütünlə yaxından “tanış” ediblər.
Artıq XIX əsrin ortalarından dünyada (Amerikadan başlayaraq) sənaye üsulu ilə siqaret istehsal edilməsinə, bir əsr sonra isə müasir siqaretlərin yaranmasına başlanılıb. Bundan sonra isə dünyanın bir çox ölkələrində tütün plantasiyaları salınıb, fabriklər tikilib, tütün məmulatlarının istehsalı artıb.
Azərbaycanın kənd təsərrüfatında isə tütündən çox-çox əvvəllər istifadə olunmağa başlanılsa da, tütün fermentasiya zavodları, kombinatlar əsasən sovet hakimiyyəti illərində tikilib. 1970-1980-ci illərdə tütün istehsalı yüksək səviyyəyə çatıb. İllər keçdikcə tütündən istifadə edənlərin sayı digər ölkələrlə yanaşı, Azərbaycanda da sürətlə artıb, yüz minləri ötüb. Statistik məlumatlara görə, dünyada əhalinin 22, Azərbaycanda isə 35 faizə yaxını siqaret istifadəçisidir.

 

Bir udumda 4000 zəhərli kimyəvi maddə...

 

Nəhayət, zaman-zaman insanlara məlum oldu ki, onların uzun illər, əsrlər boyu istifadə etdikləri siqaret orqanizmin ən təhlükəli düşmənidir. Anladılar ki, siqaret dünyanın elə “qida”sıdır ki, heç bir faydalı, xeyirli xüsusiyyəti yoxdur. Siqaret tüstüsündə təxminən 4000 (!) zəhərli kimyəvi maddə və birləşmə vardır ki, bunların 250-si konkret olaraq insan sağlamlığı üçün çox zərərli, 43-ü kanserogen (xərçəng törədici) xassəli, 30-u isə təbii zəhər kateqoriyasına aiddir. Həkimlərin gəldiyi qənaətə görə, siqaret bir çox bəlaların, xüsusilə də ağ ciyər xərçənginin, xroniki bronxitin və ürək xəstəliklərinin əsas baiskarıdır.
Dünyada ağ ciyər xərçəngindən ölənlərin 90, bronxitdən həyatını itirənlərin 75, ürək-damar fəsadlarından ömrü yarımçıq bitənlərin 25 faizinin səbəbkarı da siqaretdir. Bu gün tütün dünyada böyüklər arasında on nəfərdən birinin ölümünə səbəb olur və səkkiz aparıcı ölüm səbəbinin altısı üçün risk amilidir. Hər il 6 milyondan çox insan tütün tüstüsünün təsiri nəticəsində yaranan xəstəliklərdən ölür, onlardan 600 min nəfəri ətrafa yayılan ikinci tüstü ilə nəfəs alan siqaret çəkməyən insandır. XX əsrdə tütünlə bağlı səbəblərdən 100 milyon insan dünyasını dəyişib. Təcili tədbirlər görülməzsə, bu əsrin sonunadək tütün 1 milyarddan çox insanı məhv edə bilər.
Demək olar ki, siqaretdən istifadənin zərərləri haqqında faktlar az qala ən ağır xəstəlik törədicisindən də çoxdur və bu barədə istənilən qədər yazmaq olar. Bəlkə də siqaret silahdan sonra yeganə kəşfdir ki, ancaq öldürür, fərqi isə odur ki, silah dərhal, tütün isə aram-aram, aldada-aldada insanın canını alır. İstifadəçilər isə bunu bilsələr də, bu bəladan əl çəkmək və ya buna cəhd etmək istəmirlər, bəzən də bacarmırlar.

 

İlk cəzanı tütünü Avropaya ilk gətirənlərdən biri aldı

 

Nə qədər qəribə görünsə də, tütünə görə ilk cəzaya da elə onun Avropada ilk istifadəçisi - Kolumbun ekspedisiya üzvlərindən biri olan ispan əsilli Rodriqo Deheres məruz qalıb. O, qitəyə yeni gətirilmiş qərib bitkinin dadına birinci özü baxmaq istəyir. İspanlar onun ağzından buraxdığı tüstünü görəndə çox təəccüblənirlər, düşünürlər ki, dənizçinin içinə şeytan girib. Naməlum bitkidən istifadə etdiyinə və ağzından tüstü üfürdüyünə görə o, inkvizisiya hakimləri tərəfindən həbs olunur. Bəlkə də bir müddətdən sonra Rodriqonu həbsdən azad edib bu bitki ilə yaxından “tanış” olmasaydılar, bu gün tütün dünyanı belə ağuşuna almazdı, heç bu qədər ölümün səbəbi də olmazdı.
Artıq bu gün beynəlxalq təşkilatlar, ayrı-ayrı qabaqcıl ölkələr tütünlə mübarizə aparmaq, bəşəriyyəti xilas etmək üçün çıxış yolu axtarır, yeni qanunlar qəbul edir, cəzalar tətbiq edirlər. 1977-ci ildən bəri dünyanın bir sıra ölkəsində tütündən imtina və istifadənin məhdudlaşdırılması ilə bağlı çoxsaylı tədbirlər görülür. 40 ildir ki, Amerika Onkologiya Cəmiyyətinin təklifi ilə bir sıra ölkələrdə siqaretin əks-təbliğatı aparılır. Nəticə olaraq bir neçə ölkədə siqareti atmaq istəyənlərə yardım mərkəzləri, pulsuz telefon məsləhət xidmətləri yaradılıb. Müraciət edən şəxslərin siqaretdən imtina müddətində üzləşdikləri çətinliklərdən keçmələrinə psixoloji, mənəvi və tibbi yardım göstərilir, onlar üçün fərdi “yol xəritələri” çəkilir və s. 2003-cü ildə Ümumdünya Səhiyyə Assambleyası tərəfindən qəbul edilən (2005-ci ildə qüvvəyə minib) Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyası isə bəşəriyyətin tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən ilk beynəlxalq razılaşma və tütün “epidemiyası”na qarşı qlobal mübarizədə ilk addım oldu. Elə həmin ildən Azərbaycanda bu konvensiyaya qoşuldu, bu istiqamətdə konkret addımlar atdı...

 

Azərbaycanda tütündən qanunsuz istifadənin cəzası 30 manatdan 1000 manatadək artır

 

Bu gün Azərbaycanda əhalinin sağlamlığının qorunması, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyət hüquqi əsaslarla tənzimlənir. Prezident İlham Əliyevin 1 dekabr 2017-ci ildə təsdiq etdiyi “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda bunlar tam öz əksini tapıb. Elə ötən il dekabrın 29-da həmin qanunun tətbiqi barədə dövlət başçısı fərman da imzalayıb.
Sənəddə tütünün ziyanı qeyd olunaraq onun istifadəsinin məhdudlaşdırılması, məsələ ilə bağlı aidiyyəti qurumların üzərinə düşən öhdəliklər, tütün çəkilməsinə icazə verilməyən yerlər və bu istiqamətdə digər çoxsaylı məqamlar yer alıb. Eyni zamanda, bu tələbləri pozan şəxslərin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıması qeyd olunub və konkret cərimələr müəyyən edilib. Belə ki, dəmir yolu nəqliyyatında, dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə 40 manat, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə görə 50 manat, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə görə 40 manatdan 50 manatadək məbləğdə cərimə müəyyən olunub. Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə isə 100 manat məbləğində cərimə nəzərdə tutulub. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə isə siqaret çəkənlər 30 manat məbləğində cərimə ediləcəklər. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 212.2. maddəsinə əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə olunacaqlar.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bu barədə danışarkən siqaretin ziyanlı olmasını xüsusilə vurğuladı: “...Həm insanlar zəhərlənir, həm də pul gedir. Ona görə bu məsələyə çox ciddi baxmaq lazımdır. Əminəm ki, indi qəbul edilmiş qanun siqaret çəkənlər üçün, əlbəttə, yeni bir tövsiyə olacaq ki, camaat bu pis vərdişdən əl çəksin. Bilirsiniz, bu, xəstəlikdir, bədbəxtlikdir, çox pis vərdişdir. Bunun insan orqanizminə heç bir xeyri yoxdur, ziyandan başqa...”
Göründüyü kimi, qanunda sözügedən məsələ ilə bağlı bütün incəliklər nəzərə alınıb. İndi bu istiqamətdə qarşıda duran ən vacib məsələ icra mexanizminin təşkili, aidiyyəti qurumların üzərinə düşən işi layiqincə icra etməsi və real fəaliyyətə başlanılmasıdır. Təbii ki, insanlar özləri də aktiv olmalı, tütündən istifadənin onların sağlamlıqlarına necə təsir etməsi haqqında daha çox düşünməli, qanunun tələblərinə əməl etməlidirlər ki, həm sağlam yaşasınlar, həm də ziyana düşməsinlər...

Elnur HADIYEV,
“Azərbaycan”