23 Fevral 2018 01:02
328
Səhiyyə
A- A+

Şəkidə tibbi müayinənin keçirilməsində mütəşəkkillik var

 

Respublikamızın hər yerində olduğu kimi, beş ildir  Şəki rayonunun ərazisində də əhalinin pulsuz tibbi müayinəsi həyata keçirilir. Şəki Rayon Mərkəzi Xəstəxanası (RMX) baş həkiminin müavini Knyaz Məmmədov məlumat verdi ki, fevralın 12-dən başlayaraq ümumilikdə rayon üzrə 18 yaşdan yuxarı 84 min 137 nəfərin müayinədən keçməsi nəzərdə tutulub.

Hazırda RMX-nin poliklinika şöbəsində 5 terapevtik laboratoriya fəaliyyət  göstərir. Bunlara 5 ultrasəs müayinəsi kabineti, 2 elektrokardiologiya endoskopiya, 2 rentgen kabineti və bütün dar ixtisaslı mütəxəssislərin - uroloq, nevropatoloq, kardioloq və bu tipdə başqa mütəxəssislərin kabineti daxildir.

Bəzi xəstələrin diaqnozunun dəqiqləşdirilməsi və daha ixtisaslı müalicə və müayinə məqsədilə xəstəxananın stasionarında fəaliyyət göstərən həkimlərin xidmətindən istifadə olunur. Lazım gəldikdə xəstələr Bakı şəhərinin müxtəlif səhiyyə müəssisələrinə göndərilir.

Əhalinin tibbi müayinəsi Şəki Şəhər İcra Hakimiyyətinin nəzarəti və tərtib etdiyi qrafik əsasında aparılır. Prosesə start verildiyi ötən müddət ərzində 4200-dən çox insan  müayinədən keçib. Bunlardan 282 nəfərinə ambulator müalicə təyin olunub. Onların arasından 27 nəfər Şəki RMX-nin stasionarına göndərilib. Eyni zamanda daha təkmilləşmiş müalicə üçün 10 nəfərə  müayinə və müalicə məqsədilə Bakı şəhərinə getmək üçün göndəriş verilib. Üstünlük təşkil edən xəstəliklər sırasında əvvəlki illərdə olduğu kimi, ürək, qan-damar, tənəffüs sistemi, əsəb, göz və endokrin xəstəlikləri daha çox müşahidə olunub. Təəssüf doğuran hallardan biri də yeni törəmələrin də artımının müşahidə edilməsidir.

Müayinənin yüksək şəkildə aparılması üçün mərkəzi xəstəxananın avadanlıqlarından və tibbi cihazlarından istifadə olunur.

Rayon üzrə ümumilikdə 71 məntəqədə müayinə aparılması nəzərdə tutulub. Bunlardan biri Şəki şəhərində, qalanı isə kəndlərdədir. Həkim və tibb məntəqələrinin olduğu kəndlərlə yanaşı, uzaq yerlərdə də müayinəni təşkil etmək üçün səyyar briqadalar təşkil olunub. Onlar məntəqələrə gələ bilməyən insanları elə yerindəcə müayinə edirlər. Hərtərəfli müayinəyə ehtiyac yarandıqda isə onların poliklinikaya gəlməsi üçün şərait yaradılır.

Şəki RMX-nin poliklinika şöbəsində müayinə olunan Kəlbəcər rayonundan məcburi köçkün Vəli Mikayılova yaxınlaşırıq. O, böyrək problemi olduğunu və hər dəfə müayinə olunub müalicə aldıqdan sonra özünü daha gümrah hiss etdiyini deyir. Eyni zamanda yaradılan şəraitə görə ölkə rəhbərinə, şərəfli peşə sahibi olan həkimlərə minnətdarlığını bildirdi.

Turan qəsəbəsinin sakini Nurxan İbrahimova isə təzyiqdən əziyyət çəkir. Deyir ki, sağ olsun həkimlər, məni hərtərəfli müayinə etdilər. Müalicə kursu da müəyyənləşdirilib. İnanır ki, yaxın günlərdə yenidən əvvəlki sağlamlığı bərpa olunacaq və həyatı öz axarı ilə davam edəcək.

 

Əli SƏLİMOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video