Fevralın 21-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə səfərdə olan Avstriyanın federal nəqliyyat, innovasiya və texnologiya nazirinin müavini Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolunun vacibliyi vurğulanıb.
Avstriya ilə əməkdaşlığın Azərbaycan üçün önəmli olduğunu deyən Hadi Rəcəbli
ölkəmizdə həyata keçirilən islahatlar haqqında qonaqlara məlumat verib. O deyib ki, Azərbaycanda müasir infrastruktur mövcuddur, yeni yollar çəkilir, otel şəbəkələri genişlənir, müalicəvi turizm inkişaf edir, ölkəmizdə təhlükəsizlik və sabitlik mövcuddur.
Andreas Rayxhardt ölkələrimiz arasında əlaqələrin inkişafında parlament diplomatiyasının vacibliyini vurğulayıb. O deyib ki, turizmin inkişafı üçün yaxşı infrastruktur olmalıdır. Buraya hava, dəmir yolu xətləri, aeroportlar, yollar və s. daxildir. Azərbaycan İpək Yolu layihəsini dəstəkləyir və biz buna önəm veririk. Bu layihə çox əhəmiyyətli infrastruktur layihəsidir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.