Alternative content

07:27 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
01:08 12.08.2012

 

Kiçik bir market işlədirəm. Məndən POS-terminal quraşdırmamı tələb edirlər. Bilmək istəyirəm, bu tələb qanunidirmi?

K.Seyidzadə,

Bakı şəhəri

 

- Məlum olduğu kimi, POS-terminal - ödəniş kartı vasitəsilə malların, iş və xidmətlərin ödənilməsi, habelə nağd pulun alınması üçün nəzərdə tutulmuş avadanlıqdır (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2006-cı il  tarixli 54 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində POS-terminalların istismar və istifadə edilməsi Qaydaları"nın 2.5-ci bəndi).

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 17-ci maddəsinə əsasən, ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminallar quraşdırılmalıdır. POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları, ərazilər üzrə mərhələlərlə tətbiqi qaydası və cədvəli müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan POS-terminalların quraşdırılmaması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 fevral 2006-cı il tarixli 33 nömrəli qərarı ilə "POS-terminalların quraşdırılması məqsədəmüvafiq hesab edilən pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrinin müəyyənləşdirilməsi meyarları" və "Ərazilər üzrə POS-terminal aparatlarının mərhələlərlə tətbiq edilməsi cədvəli" təsdiq edilmişdir.

Göründüyü kimi, qüvvədə olan qanunvericilikdə POS-terminalın quraşdırılmalı olması tələbi öz əksini tapmışdır.

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verilməsi halında qətnamənin icrası dayandırılmalıdırmı?

 

Səmayə Yaqublu,

Bakı şəhəri

 

- "İcra haqqında" qanunun 17.1.8-ci maddəsinə görə, iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.

"Konstitusiya Məhkəməsi haqqında" qanunun 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində, V və VII hissələrində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə daxil olmuş sorğu və ya şikayət, bir qayda olaraq, 30 gün müddətində Konstitusiya Məhkəməsi palatasının iclasına çıxarılır, sorğu və ya şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunur.

"Konstitusiya Məhkəməsi haqqında" qanunun 52.2-ci maddəsinə uyğun olaraq sorğu və ya şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunduğu gündən ən geci 7 gün keçənədək sorğuverənə (ərizəçiyə) göndərilir.

Göründüyü kimi, məhkəmə aktından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verilməsi özü-özlüyündə icra sənədi üzrə icraatın dayandırılması üçün əsas deyildir. Çünki "İcra haqqında" qanunun 17.1.8-ci maddəsi məhkəmə aktından şikayət verilməsini deyil, verilmiş şikayətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasını icra sənədi üzrə icraatın dayandırılmalı olması üçün əsas hesab edir. Şikayətin icraata qəbul olunması isə Konstitusiya Məhkəməsi palatasının bu barədə qərardadı ilə təsdiq edilir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi