13 Fevral 2018 09:02
517
PARLAMENT
A- A+

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan hesabat verdi

 

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. 19 məsələnin müzakirəyə çıxarıldığı iclasda bir sıra mühüm qanun layihələrinə dəyişikliklər edildi. Milli Məclisin Sədri Oqtay Əsədov birbaşa gündəlikdəki layihələrin müzakirəsinə başlanmasının vacibliyini söylədi.

İlk məsələ “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə idi. Bununla bağlı məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, dəyişikliyin məqsədi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilmiş hakimin statusunun Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulması ilə bağlıdır. Eyni zamanda Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlar Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə seçilmiş hakimə də şamil ediləcək. Təklif olunan dəyişiklik səs çoxluğu ilə qəbul edildi.
Müzakirəyə çıxarılan digər iki məsələ Ramiz Rzayevin Ali Məhkəmənin, Qasım Əliyevin isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında idi. Deputatlar hər iki qərara müsbət münasibət bildirdilər və sənədlər səsə qoyularaq qəbul olundu.
Sonra iclasda Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi. Ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov məlumat verərək bildirdi ki, hesabat dövründə Milli Məclis tərəfindən “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun qəbul edilib, bələdiyyələrin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması məqsədilə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə qulluğu haqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və digər qanunlara edilmiş mütərəqqi dəyişikliklər bələdiyyələrin işinin təkmilləşməsinə, onların fəaliyyətində şəffaflığın artırılmasına, bələdiyyə qulluqçularının əmək münasibətlərinin tənzimləməsinə şərait yaradıb. Qeyd olundu ki, 2017-ci ildə inzibati nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə 62 min 618 bələdiyyə aktı daxil olub. Onlardan 60 min 444 (97 faiz) akt qanunvericiliyə uyğun hesab edilib. Qanunvericiliyin tələblərinə uyğun olmayan 1978 aktın isə dəyişdirilməsi və ya ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə müraciət olunub. Nazirliyin təkliflərinin əsasında onlardan 740-ı ləğv edilib, 714-ü dəyişdirilib, digərləri isə baxılmaqdadır.
Məruzənin sonunda vurğulandı ki, yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi sahəsində tədbirlər davam etdirilir.
Müzakirələr zamanı parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputatlardan Elmira Axundova, Əli Məsimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Qənirə Paşayeva və başqaları çıxış edərək bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzəyə münasibət bildirdilər. Qeyd olundu ki, bələdiyyələrin fəaliyyət mexanizmi daim təkmilləşdirilir. Görülən işlərlə yanaşı, bu sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün müəyyən işlər görülməli, bələdiyyələrin yerli icra hakimiyyətindən faktiki aslılığını aradan qaldırmaq, müstəqil fəaliyyətinin tənzimlənməsi üçün işlər davam etdirilməlidir. Çıxışlarda bələdiyyələrdə maarifləndirmə tədbirlərinin artırılmasının vacibliyi də qeyd olundu.
İllik məruzə haqqında fikir və təkliflər səsləndirildikdən sonra sənəd səsə qoyularaq qəbul edildi.
Muzakirəyə çıxarılan digər bir məsələ “Ələt azad iqtisadi zonası haqqında” qanunun layihəsi idi. Layihə barədə məlumat verən parlamentin vitse-spikeri, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirdi ki, birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihəsi 5 fəsil 30 maddədən ibarətdir. Sənəd “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” ölkə Prezidentinin sərəncamına əsasən hazırlanıb.
Qanun layihəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azad Zona səlahiyyətli qurumunun yaradılması təklif olunur. Səlahiyyətli qurum Azad Zona rezidentlərinin, hüquqi şəxslərinin və inzibati müəssisələrinin fəaliyyətini tənzimləyəcək və nəzarəti həyata keçirəcək. Bundan başqa, səlahiyyətli qurum Azad Zona ərazisi, burada yerləşən əmlak və aktivlər, eləcə də strateji məqsədlər ilə bağlı hər hansı digər məsələləri tənzimləyəcək və bu işlərə nəzarət edəcək. Səlahiyyətli qurum Azad Zona üçün qabaqcıl beynəlxalq təcrübəyə və standartlara əsasən daxili qaydalar hazırlayacaq.
Vitse-spiker layihəni hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlərin dünyada gedən proseslərə ciddi diqqət yetirdiyini dedi və əlavə etdi ki, azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb.
Müzakirələr zamanı çıxış edən deputatlardan Əli Məsimli, Qüdrət Həsənquliyev , Tahir Kərimli layihə ilə bağlı fikir və təkliflərini bildirərək onun icrasının vacibliyini qeyd etdilər.
Fasilədən sonra Milli Məclis öz işini davam etdirdi. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlardan Şəmsəddin Hacıyev, İlham Əliyev qanun layihəsi ilə bağlı təkliflərini bildirdilər. Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov səslənən təkliflərə nəzər yetiriləcəyini diqqətə çatdırdı. Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olundu.
Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında” sazişləri də təsdiqlədi.
İclasda “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Elektrik və istilik stansiyaları haqqında” , “Meliorasiya və irriqasiya haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunlarda dəyişikliklər edilməsi haqqında qanun layihələri də müzakirəyə çıxarılaraq qəbul olundu.
Gündəlikdəki növbəti məsələ - İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bu dəyişiklik Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) tövsiyəsinin icrası məqsədilə hazırlanıb. Komitə sədri qeyd etdi ki, 2017-ci il 14 aprel tarixində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən bütün fiziki və ya hüquqi şəxslər, o cümlədən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər, habelə dövlət qurumları terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması üzrə tədbirlər görməli və bu barədə dərhal maliyyə monitorinqi orqanına məlumat verməlidirlər. Layihə qeyd edilən qanunun icrası məqsədilə hazırlanıb. Dəyişikliyə əsasən, yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, həmçinin hüquqi və fiziki şəxslər, dövlət qurumları da zəruri tədbirləri görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb ediləcəklər.
Layihə səsverməyə çıxarılaraq qəbul olundu.
Gündəliyin sonuncu məsələsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi idi. Milli Məclisdə birinci oxunuşda müzakirəyə çıxarılan sənədi parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim etdi.
Komitə sədri bildirdi ki, qanun layihəsi 8 fəsil 40 maddədən ibarətdir. Layihənin əsas məqsədi əlillərin sosial müdafiəsini, onların hüquqlarının qorunmasını, cəmiyyətə tam inteqrasiyasını təmin etməkdir. Diqqətə çatdırıldı ki, Azərbaycanda 620 min əlilliyi olan şəxslər var: “Əlillərin sayı ölkə əhalisinin 6 faizi civarındadır. Dünyada isə bu rəqəm 10-12 faizdir. Bizdə faiz göstəricisinin aşağı olması onu göstərir ki, bu sahədə ardıcıl işlər görülür”. Sənəddə əsas anlayışlar əlilliyin müəyyən edilməsi, iş yerlərinin əlilliyi olan şəxslərə müəssər olması və istifadəsi üçün ağlabatan uyğunlaşdırılması, əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları, onların reabilitasiyası və ablitasiyası, məşğulluğunun təmin edilməsi, təhsili, peşə hazırlığı, əmək şəraiti, mənzil təminatı, mədəniyyət və idman obyektlərinin əlilliyi olan şəxslərə uyğunluğunun təmin edilməsi və digər məsələlər öz əksini tapıb.
Deputatların fikir və təklifləri dinlənildikdən sonra Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov çıxış edərək bu məsələlərin, o cümlədən əlillərin işlə təmin olunması qaydalarının qanunvericilikdə əksini tapdığını vurğuladı.
Sənəd birinci oxunuşda səsə qoyularaq qəbul edildi və bununla da Milli Məclisin plenar iclası başa çatdı.

Elnur HADIYEV,
Səbinə MƏMMƏDOVA,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video