07 Fevral 2018 03:02
499
PARLAMENT
A- A+

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı yeni qanun layihəsi hazırlanır

 

Dünən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi ictimaiyyət nümayəndələrinin və qeyri-hökumət təşkilatlarının iştirakı ilə müzakirəyə çıxarılıb.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, qanun layihəsi 8 fəsil 40 maddədən ibarətdir. Sənəddə əsas anlayışlar, əlilliyin müəyyən edilməsi, iş yerlərinin əlilliyi olan şəxslərə müyəssər olması və istifadəsi üçün ağlabatan uyğunlaşdırılması, əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları, onların reabilitasiyası və abilitasiyası, məşğulluğunun təmin edilməsi, təhsili, peşə hazırlığı, əmək şəraiti, mənzil təminatı, mədəniyyət və idman obyektlərinin əlilliyi olan şəxslərin müyəssərliyinin təmin edilməsi və digər məsələlər əksini tapıb.

Müzakirələr zamanı Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev

I qrup əlillər üçün xüsusi iş yerlərinin yaradılmasını təklif edib. Qeyd edib ki, əlillərin iş probleminin həlli diqqətdə saxlanılmalıdır. Əlillər üçün ayrıca məşğulluq kvotası ayrılmalıdır. Sahibkarlar I qrup əlillər üçün müəssisədə xüsusi iş yerləri açmalıdırlar.

Müzakirələr zamanı çıxış edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib ki, kvotanın ayrılması məsələsi qanunvericilikdə əksini tapıb.

“Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev qeyd edib ki, əlillərə dövlət daim qayğı göstərib: “Yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində aidiyyəti orqanların qanunların icrasından boyun qaçırmalarının, nöqsanlara yol verilməsinin qarşısını almaq üçün bəzi dəyişikliklər edilməlidir. Çünki hazırkı layihədə məsələyə ümumi toxunulub”.

O, əlillərə verilən pulsuz dərmanların keyfiyyətindən də narazılıq edib: “Ən təhlükəli xəstəliklərdən biri də vərəmdir. Vərəmə qarşı imtiyazla verilən dərmanlar heç də bu xəstəliyi müalicə etmir, sadəcə, prosesi müəyyən qədər ləngidir. Hesab edirəm ki, ölkəmiz həmin xəstələri sağalda biləcək dərmanları almaq gücündədir”.

Sonra iclasda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə baxıldı. Qeyd edildi ki, 134-cü maddəyə 6-cı hissə əlavə olunacaq. Əlavəyə əsasən, hərbi vəziyyət dövründə səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.

Həmçinin iclasda “Həmkarlar ittifaqları haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihə də müzakirə olundu. 8-ci maddəyə ediləcək əlavəyə əsasən, hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti hərbi vəziyyət başa çatanadək dayandırıla bilər.

Yekunda hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Səbinə MƏMMƏDOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video