Alternative content

19:57 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın tarixi yenidən, “ağ ləkə”lərdən təmizlənərək yazılır
Azərbaycanın tarixi yenidən, “ağ ləkə”lərdən təmizlənərək yazılır
ANA SƏHİFƏ / Elm və texnika
12:02 04.02.2018

 

Müstəqilliyini bərpa etməsindən o qədər də böyük zaman - 26 il keçməsinə baxmayaraq, Azərbaycan Cənubi Qafqaz regionunun ən dinamik inkişaf edən lider dövlətinə çevrilmişdir. Dövlət başçısı tərəfindən həyata keçirilən müdrik, uzaqgörən, cəsarətli və xalqın milli mənafelərinə uyğun siyasət ölkəmizdə elmin də inkişafını sürətləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir. Elmi tədqiqatların aparılması, tarixi abidələrimizin qorunması və bərpası istiqamətində böyük dövlət qayğısı Azərbaycan tarixçisinə tariximizi obyektiv, hərtərəfli araşdırmaq imkanı vermişdir.

Hər zaman dövlətin və Prezidentin qayğısını hiss edən tarixçilərimizin ən ümdə vəzifəsi də ulu öndər Heydər Əliyevin tariximizin dirçəliş konsepsiyasını və Prezident İlham Əliyevin bu konsepsiyanı yeni şəraitdə yaradıcılıqla daha dolğun və daha mükəmməl şəkildə həyata keçirmək üçün verdiyi tapşırıqları əsas tutaraq Azərbaycanın gerçək tarixini tədqiq və təbliğ etməkdir.
Cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institutumuza çox yüksək qiymət vermişdir. Bu, Azərbaycan milli tarix elminin gələcək inkişafına, tarixi keçmişimizə dair elmi axtarışların daha da genişlənməsinə və təbliğinə böyük imkanlar açmış, Tarix İnstitutunun milli tarixi-mizin ən aktual problemlərinin müasir dövrün tələblərinə uyğun və azərbaycançılıq məfkurəsi işığında öyrənilməsi baxımından xüsusi rol oynamışdır.
AMEA Tarix İnstitutunun elmi tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. İnstitutda aparılan bütün mühüm elmi tədqiqat işləri birbaşa ölkə başçısının çağırışları əsasında həyata keçirilir. İnstitut tərəfindən nəşr edilən fundamental elmi əsərlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirilmişdir. Dövlət başçısının sərəncamı ilə beş il əvvəl Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı fəxri adı verilmişdir.
Ötən 15 il ərzində institutun elmi tədqiqat planında çox mühüm siyasi və elmi əhəmiyyət kəsb edən bir məsələyə - Azərbaycanın qədim torpaqlarının tarixinin tədqiqi məsələsinə xüsusi diqqət yetirilməyə başlandı. Çox qısa müddət ərzində Azərbaycanın ayrı-ayrı bölgələrinin tarixi ilə bağlı hərtərəfli və dərindən elmi tədqiqatlara başlanıldı və bu sahədə fundamental əsərlər ərsəyə gətirildi. Məhz bu dövrdə Azərbaycan tarixşünaslığında “itirilmiş torpaqlar” problemi elmi dövriyyəyə daxil edilmiş, bu istiqamətdə ciddi elmi tədqiqatlar aparılmaqla obyektiv tarixi gerçəkliyi özündə əks etdirən bir sıra sanballı əsərlər nəşr olunmuş, bir sözlə, itirilmiş tarixi torpaqlarımızın tarixini tədqiq edən elmi mərkəz formalaşdırılmışdır.
Azərbaycanın əzəli torpaqlarının tarixinin araşdırılmasına dövlət qayğısı Tarix İnstitutunda bu sahədə fundamental tədqiqatların aparılmasına şərait yaratdı. Azərbaycan Prezidentinin çağırışları, tövsiyə və tapşırıqları ilə Tarix İnstitutu son illərdə “Qarabağ: real tarix, faktlar və sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Tarixi adlara qarşı soyqırımı”, “Ermənilərin Azərbaycan torpağında törətdiyi cinayətlərə dair”, “Şimal-Qərbi Azərbaycan tarixi”, “Azərbaycan xalçaları: İrəvan qrupu”, “Azərbaycan xalçaları: Qarabağ qrupu”, “Azərbaycan xalçaları: Naxçıvan qrupu”, “Azərbaycan xalçaları: Qazax və Borçalı qrupu”, “Azərbaycan xalçaları: Dərbənd qrupu”, “Qədim Azərbaycan tarixi mixiyazılı mənbələrdə”, “Şuşa-Pənahabad”, “Real tarix və “böyük Ermənistan” uydurması”, “Ljenauka falğsifikatorov ili “istoriə po armənski”, “Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır”, “Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri”, “Dərbənd şəhərinin tarixindən”, “Dərbənd XIX-XX əsrin əvvəllərində”, “Ərəb Xilafəti dövründə Azərbaycan əhalisi” və digər fundamental tədqiqatlardan ibarət 400-dən çox əsər hazırlayıb nəşr etdirmişdir. Nəşr olunan bu fundamental əsərlərdən 58-i məhz 2017-ci ildə işıq üzü görmüşdür.
İnstitutun 2017-ci ilə dair elmi tədqiqat fəaliyyətinin əsasını Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci ilin 9 noyabr tarixində AMEA-nın 70 illik yubileyi ilə bağlı tədbirdəki çıxışı təşkil etmişdir. Prezident İlham Əliyev çıxışı zamanı Tarix İnstitutu tərəfindən nəşr edilən fundamental elmi əsərləri yüksək qiymətləndirərək bildirmişdi: “Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Budur reallıq. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olubdur. Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılır”.
Prezident İlham Əliyevinin tövsiyəsi ilə yazılmış olan “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı fundamental monoqrafiya Azərbaycan, rus, ingilis, rumın, italyan, ispan və ərəb dillərinə tərcümə olunaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xətti ilə dünya ölkələrində yayılmışdır. 2017-ci ildə bu fundamental monoqrafiya Türkiyə türkcəsinə və alman dilinə tərcümə olunmuş və nəşrə hazırlanmışdır.
2014-cü il iyul ayının 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin diplomatları qarşısında çıxışı zamanı demişdir: “Bilirsiniz ki, alimlərimiz mənim təşəbbüsümlə İrəvan xanlığı haqqında böyük elmi əsər yaratmışlar. Bunun çox böyük əhəmiyyəti vardır. Ancaq bu əsər daha çox faktoloji və elmi məsələləri əks etdirir. Hesab edirəm ki, daha geniş auditoriyaya çatdırmaq üçün kiçikhəcmli broşürlər də buraxılmalıdır”. Ölkə rəhbərinin həmin çağırışına cavab olaraq Tarix İnstitutu 2016-cı ildə Azərbaycan, rus və ingilis dillərində 12 broşür, 2017-ci ildə isə Azərbaycan və rus dillərində yeni 8 broşür nəşr etdirmişdir.
“İtirilmiş torpaqların tarixi” problemi çərçivəsində institutumuzda qısa müddət ərzində İrəvanın, Qarabağın, Göyçə və Zəngəzurun, Şimal-Qərbi Azərbaycanın, Borçalının, Dərbəndin tarixi ciddi araşdırılmağa başlanmış, fundamental tədqiqat əsərləri yazılmışdır. Onların arasında “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı fundamental əsərlər mühüm yer tutur. Bu əsərlər əzəli Azərbaycan torpaqlarının tarixinin obyektiv, mötəbər mənbələr əsasında araşdırılmasının məhsuludur.
Şimal-Qərbi Azərbaycan ərazisinin tarixi Azərbaycan tarix elminin həm elmi, həm də siyasi baxımdan aktuallıq kəsb edən sahəsidir. Qısa müddət ərzində Tarix İnstitutunda Şimal-Qərbi Azərbaycan torpaqlarının tarixi ilə bağlı hərtərəfli və dərin elmi tədqiqatlar aparılmış, fundamental əsərlər yazılmışdır (“İlisu sultanlığı”, “Şimal-Qərbi Azərbaycan: İngiloylar”, “Şimal-Qərbi Azərbaycan (tarixi-demoqrafik araşdırma)”, “Car-Balakən camaatlığı”, “Haylada unudulan tariximiz və tanbur”, “Şimal-Qərbi Azərbaycan tarixi”, “Göynük hərəkatı” və s.).
2017-ci ildə Tarix İnstitutunda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri də xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımları tarixinin tədqiqidir. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin tarixini vərəq-vərəq izləmək və ən başlıcası, dünya ictimaiyyətinə çatdırmaq məqsədilə mühüm elmi araşdırmalara başlanıldı. Erməni daşnaklarının azərbaycanlılara qarşı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda, Urmiya gölü ətrafında, Şərqi Anadoluda həyata keçirdikləri soyqırımlarını sübut edən dəyərli tədqiqatlar aparılmış, çoxsaylı fundamental əsərlər, monoqrafiyalar işıq üzü görmüşdür (Qenoüid Azerbaydjanüev v İrevanskoy qubernii (1918-1920). Baku, 2017; 1918-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımı. Bakı, 2017; 1917-1918-ci illərdə Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı (ATASE-nin sənədləri əsasında). Bakı, 2017; Azərbaycan türk-müsəlman əhalisinin soyqırımı Britaniya kitabxanasının arxiv sənədlərində. Bakı, 2017; İrəvan quberniyasında Azərbaycanlıların soyqırımı (1918-1920). Bakı, 2017; Bakıda 1918-ci il mart soyqırımı. Bakı, 2017; Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı. Bakı, 2017; Quba qəzasında türk-müsəlman soyqırımı. Bakı, 2017; Qenoüid Azerbaydjanüev v Karabaxskom reqione Azerbaydjana (1918-1920). Baku, 2017; Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı (1918-1920). Bakı, 2017).
2017-ci ildə Tarix İnstitutunun elmi uğurları sırasında erməni daşnaklarının xalqımıza qarşı törətdikləri soyqırımı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə 22-27 aprel 2017-ci il tarixlərində Lənkəran şəhərində keçirilən “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans mühüm yer tutur. Ümumilikdə 135-dən artıq tanınmış alim və mütəxəssisin, rəsmi dəvət olunmuş qonaqların iştirak etdiyi bu konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən 60-a yaxın alimin, o cümlədən - Almaniya, Albaniya, Polşa, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Hindistan, Rusiya və başqa ölkələrdən olan tədqiqatçıların son 200 ildə türk-islam ölkələrində baş vermiş soyqırımlarına həsr edilmiş məruzələri dinlənilmişdir. Dövlət başçısının himayəsi altında keçirilən elmi konfransda XX əsrdə Azərbaycanda, Şərqi Anadoluda, Volqaboyuda, Şimali Qafqazda, Mərkəzi Asiyada erməni daşnaklarının türk-müsəlman xalqlarına qarşı həyata keçirdikləri soyqırımları və deportasiyalar barədə elmi məruzələr dinlənilmiş, konfransın sonunda dünya elmi ictimaiyyətinə müraciət qəbul edilmişdir.
Dövlət başçısının diqqət və qayğısı olmasaydı, yaxın keçmişdə adının belə çəkilməsi yasaq olunan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunmuş ikicildlik Ensiklopediyamız, Milli Tarix Atlasımız, Dövlət Mükafatına layiq görülən “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığının tarixi” və digər fundamental tədqiqatlar yazılıb, xarici dillərə tərcümə olunaraq dünya ölkələrində yayılmazdı. İndi Tarix İnstitutunun əsərləri Bakı ilə yanaşı Londonda, Nyu Yorkda, Romada, Mexikoda, Qahirədə, Moskvada, İstanbulda, Ankarada, İslamabadda, Budapeştdə, Kiyevdə, hətta Los-Ancelesdə də nəşr olunur.
Tarix İnstitutunun 2007-ci ildən bəri başlamış olduğu ciddi araşdırmaların daha bir istiqaməti də mənbələrin, arxiv materiallarının, xüsusilə Azərbaycanda əlçatmaz olan, xarici ölkələrdə toplanmış sənədlərin ölkəmizə gətirilməsi və nəşr olunmasıdır. Bu məqsədlə institut rəhbərliyi Tarix İnstitutunda yeni bir layihə - “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsini ortaya qoydu. Rəhbərlik tarixçilərin bir qrupunu Rusiya, Gürcüstan, Türkiyə, İngiltərə, Almaniya, Fransa və Hindistana ezam edərək həmin materialların Azərbaycana gətirilməsini təmin etdi. Bununla da Azərbaycan tarixinin xüsusi məqsədlərlə təhrif olunmuş və saxtalaşdırılmış səhifələrinin yenidən yazılması və Azərbaycanın müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarının tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırılması institut əməkdaşlarının əsas tədqiqat obyektinə çevrildi. Layihə çərçivəsində vaxtilə üzümüzə qapalı olan bu arxivlərdə nəinki işləmək, hətta bu sənədləri olduğu kimi institutumuza gətirib çap etmək imkanı (böyük çətinliklər bahasına) yarandı. Azərbaycan tarixi ilə bağlı dünyanın müxtəlif arxivlərində saxlanılan bu qiymətli sənədlər artıq Tarix İnstitutuna gətirilmişdir. Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, Dərbənd, Mahaçqala, Tiflis, Həştərxan, İstanbul, Ankara kimi şəhərlərin arxivlərindən əldə olunan bu sənədlər çoxcildli toplular şəklində hazırlanaraq tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edilməkdədir. 2017-ci ildə bu layihə davam etdirilmiş, Türkiyədən, Almaniyadan, Hindistandan və Rusiyadan gətirilmiş sənədlər çapa hazırlanmış və nəşrə təqdim olunmuşdur.
2017-ci ildə institutun elmi fəaliyyətində diqqəti cəlb edən digər bir cəhət də odur ki, elmi tədqiqat planlarına daxil edilmiş mövzular üzrə ölkənin müxtəlif bölgələrində artıq ənənə halını alan beynəlxalq simpozium və respublika səviyyəli elmi-praktiki konfransların keçirilməsi davam etdirilmişdir. Əslində ölkənin bütün regionlarında keçirilən bu elmi konfransların böyük mədəni, ictimai-siyasi, praktiki əhəmiyyəti region əhalisinin öz tarixinə dair həqiqətləri bilməsi, doğma tarixə sahib çıxması və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə yönəldilməsidir.
2017-ci ildə Tarix İnstitutu Azərbaycan həqiqətlərini beynəlxalq elmi ictimaiyyətə daha dolğun şəkildə çatdırmaq məqsədilə dünya ölkələri alimlərinin iştirakı ilə beynəlxalq elmi konfranslar təşkil etmişdir. İnstitutun təşkil etdiyi beynəlxalq elmi konfranslar və simpoziumlar arasında “Prezident sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti - 100”, “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları”, “Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il”, “Azərbaycan xalqına qarşı soyqırımları tarixində Xocalı”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir”, “Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri”, “Heydər Əliyev: Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi”, “Regionda münaqişələrin gücləndiyi şəraitdə Azərbaycanın milli maraqlarının qorunmasının aktual problemləri”, “100. Yılında sovet ihtilali, gelişimi ve bölgesel etkileri”, “İlham Əliyev və Azərbaycan tarix elmi” mövzulu tədbirlər mühüm əhəmiyyət daşıyır.
AMEA Tarix İnstitutu ermənilərin Azərbaycan xalqına qarşı informasiya müharibəsinin getdikcə daha kəskin xarakter aldığını və ölkə Prezidenti cənab İlham Əliyevin milli maraqlara söykənən qətiyyətli xarici siyasətinə tələb olunan səviyyədə informasiya təminatı yaratmaq məqsədilə tarixi tədqiqatların miqyasını daha da genişləndirmişdir. Prezident İlham Əliyev tarix elmimizin nailiyyətlərinin dünyada yayılmasına xüsusi qayğı göstərir. Məhz onun tapşırığı ilə institutun nəşr etdiyi fundamental əsərlər müxtəlif dillərə tərcümə olunaraq dünya ölkələrində yayılmışdır.
2017-ci ildə Tarix İnstitutunun elmi uğurları sırasında “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini uğurla davam etdirməsi mühüm yer tutur. Orta ümumtəhsil məktəblərimizdə həyata keçirilən bu layihə bir tərəfdən gələcəyimiz olan uşaqlara Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri, dövlət xadimləri barədə daha ətraflı məlumat verməklə yanaşı, onların fəaliyyətinə kölgə salmağa çalışan qüvvələrə qarşı tutarlı elmi cavab verməkdən, onları düzgün elmi məlumatlarla silahlandırmaqdan ibarətdir.
Cəsarətlə deyə bilərik ki, bu gün Tarix İnstitutunda aparılan bütün elmi axtarışlar, həyata keçirilən əsaslı islahatlar - milli tariximizin saxtalaşdırmalardan, təhriflərdən təmizlənməsi, vətənimizin tarixinin yenidən, həqiqətdə olduğu kimi yazılması, dünyanın müxtəlif ölkələrindən qiymətli ilk mənbələrin, çoxsaylı arxiv sənədlərinin institutumuza gətirilib nəşr edilməsi ulu öndər Heydər Əliyevin vəsiyyətlərinin dönmədən həyata keçirilməsinin və dövlət başçısı cənab İlham Əliyevin tarix elminin inkişafına göstərdiyi gündəlik qayğının nəticəsidir.

Tofiq NƏCƏFLİ,
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini