01 Fevral 2018 12:02
325
Elm və texnika
A- A+

Əbədi çıraq

Fevralın 1-də dünya şöhrətli alim, görkəmli ictimai-siyasi xadim akademik Cəlal Əliyevin dünyasını dəyişməsindən iki il ötür. Bu böyük alimin yoxluğu onu tanıyanlar üçün son dərəcə ağırdır. Onun qayğıkeşliyi, tələbkarlığı, faydalı fikir və tövsiyələri, Azərbaycan elminin inkişafına, dünyada təbliğinə töhfələri, elmə təsadüfi gələnlərə qarşı mübarizəsinə yönəlmiş əməlləri daim böyük ehtiramla xatırlanır.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynovanın əbədiyaşar alimlə bağlı qeyd və xatirələrini təqdim edir.

Cəlal Əliyev kimi güclü iradəyə və xarakterə malik olan insanlar nadir hallarda yetişir. O, çətinliklərlə, mübarizələrlə dolu olan şərəfli həyat yolu keçib. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının, Ukrayna və Belarus Aqrar Elmlər akademiyalarının xarici üzvü, ömrünün sonunadək AMEA-nın Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinə və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bitki fiziologiyası və biotexnologiyası şöbəsinə rəhbərlik etmiş Cəlal Əliyev bütün mənalı həyatını elmə və elmin təmizliyi prinsiplərinə həsr edib. O, dərin zəkası, güclü erudisiyası, sanballı tədqiqatları ilə təkcə Azərbaycan elminin deyil, dünya elminin də inkişafı yolunda əvəzsiz xidmətlər göstərib.

Elm sərhəd tanımır, onu insanlar yaradır. Bu insanların hər biri müəyyən millətə, müəyyən məmləkətə mənsub olur. Şübhə yoxdur ki, bu mənada elm vəzifəsinə görə bəşəri olsa da, öz mənşəyinə görə milli səciyyə daşıyır. Bu baxımdan Cəlal Əliyev şəxsiyyətinin Azərbaycan elminin tarixində müstəsna yeri var. Cəlal Əliyev canlı tarix idi. İllər ötdükcə bu tarixin şanlı səhifələri vərəqlənəcək, onun şəxsiyyətinin böyüklüyü, elmin inkişafı, xalqının xoşbəxtliyi naminə gördüyü işlərin mahiyyəti və miqyası daha aydın və dolğun görünəcək.

Akademik Cəlal Əliyev Azərbaycan cəmiyyətinə, elm və mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş Əliyevlər ailəsinin üzvü idi. Cəmiyyətdə seçilmişlər, öz varlığı ilə xalqını şərəflə yaşadan insanlar var. Nadir hallarda bir insan, tək bir şəxs çox böyük işlər görə bilər. Cəlal Əliyev də məhz belə insanlardan biri olub.

Elm işıqdır, Allah nurundan yaranıb. Əsl alimlər bu nurun daşıyıcıları, qaranlığı, nadanlığı, məchulluğu parçalayıb yaran, bəşərin qəlbinə, ruhuna, idrakına işıq paylayan fəzilət sahibləridir. Bu elm işığında fotosintez prosesinin sirlərini öyrənmək, işığın içində işığı aramaq elə Allahın işığına doğru daha bir addım da yaxınlaşmaq deməkdir. Cəlal müəllimin sözü, işi, əməli, şəxsiyyəti Allah nurundan yaranmışdı.

Cəlal Əliyevin adı Azərbaycan elminin təxminən 65 illik bir dövrünü əhatə edən tarixinin simvoluna çevrilib. Cəlal müəllim əsl elm fədaisi kimi gələcəyə inamla baxıb, yorulmaq bilmədən daim elmi axtarışlarını davam etdirib. O, sadə, təvazökar bir ömürlə elmin ağır, keşməkeşli yollarında xalqına xidmət göstərən böyük bir alim idi. Öz ömrünü yer üzərində həyatın əsasını təşkil edən, həm təbiətinə, həm də tədqiqinə görə unikal olan fotosintez prosesinin sirlərinin dərk edilməsinə həsr edən Cəlal Əliyev, sözün əsl mənasında, Tanrının öz işığına doğru yönəltdiyi insanlardan idi.

Cəlal Əliyev öz bacarığı və gərgin əməyi hesabına maneələri dəf edə bilib. Elmdə və elmə münasibətdə daim həqiqət axtaran alim bu yolda bəzən siyasi və mənəvi təzyiqlərlə üzləşib, lakin iradəli, cəsarətli və haqqa, ədalətə sadiq olması sayəsində bu çətinliklərdən, bu bəlalardan üzüağ çıxmağa müvəffəq olub. Həyatın ən çətin anlarında belə elmi tədqiqatlarını dayandırmayıb, elm və insanlıq naminə daim axtarışda olub. Azərbaycan elmi qarşısında müstəsna və təmənnasız xidmətlərinə görə bu şəxsiyyət hələ sağlığında özünə əbədi abidə ucaldıb. Cəlal Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif istiqamətlərində qazandığı uğurların əsas səbəbi onun nadir istedadı və yüksək dərəcədə əməksevərliyi olub. Yüksək intellektual təfəkkürə malik olan akademik Cəlal Əliyev öz geniş diapazonlu elmi fəaliyyəti və zəngin irsi ilə müasir Azərbaycan biologiya elminin inkişafına dəyərli töhfələr bəxş edib. Müxtəlif tədbirlərdə, yığıncaqlarda etdiyi çıxışlarda onun ensiklopedik biliyi, elmi erudisiyasının dərinliyi, güclü məntiqi, dərin müşahidə qabiliyyəti özünü aydın göstərirdi. Nəinki öz sahəsinə, ümumiyyətlə, ən müxtəlif sahələrə aid məlumatlar onun daim maraq dairəsində olurdu.

Cəlal müəllimin müdrik fikirləri arasında onun bir cümləsinin xüsusi çəkisi və yeri var: “Elmlə məşğul olan insanın əsas məqsədi həmişə qabağa baxmaq, yeni sahələri inkişaf etdirmək, təzə ideyalar irəli sürməkdir”. Böyük ustad öz fəaliyyətində bu fikirləri reallaşdırmaqla hamıya örnək olub.

Akademik Cəlal Əliyevin elmi fəaliyyətinin 65 ildən çoxu kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsinə həsr olunub. Özünün ardıcıl və məqsədyönlü fəaliyyəti ilə Cəlal Əliyev məhsuldarlıq proseslərinin əsası kimi fotosintezin kompleks şəkildə tədqiqini həyata keçirib. Bu tədqiqatların dairəsi bitkilərin məhsuldarlığının fizioloji, biofiziki, biokimyəvi və molekulyar-genetik əsaslarını, eyni zamanda, bitkilərin həyatının struktur-funksional təşkilinin molekulyar səviyyədən başlayaraq bütöv bitki və əkinə qədər bütün mərhələ və formalarında məhsuldarlıq proseslərinin öyrənilməsini əhatə edir. O, sözün əsl mənasında, böyük alim idi, elmə olan münasibəti heç vaxt dəyişmədi. Həmişə “Elm həqiqətdir” fikrini əsas tutdu, həqiqəti dərk etməyi həyatının əsas amalı hesab etdi. Onun böyük uzaqgörənliyi və gələcəyi görmək bacarığı bütün istiqamətlərdə özünü təsdiq etdi.

Əsl alim düzgün cavabları verən yox, düzgün sualları qoyandır. Cəlal müəllim məhz belə alimlərdən idi. O, orijinal, fundamental tədqiqatların, dünya elminə yeniliklər gətirən qlobal nəticələrin müəllifidir. Akademik Cəlal Əliyev yer üzərində həyatın əsasını təşkil edən fotosintez prosesini kompleks tədqiq etməklə elmə böyük yeniliklər verdi. O, tarla şəraitində yetişdirilən kontrast buğda və soya genotipləri ilə aparılan çoxillik təcrübələrlə sübut etdi ki, fototənəffüs təkamülün gedişində formalaşmış həyati əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif yollarla fototənəffüsü azaltmaq cəhdləri əsassızdır. Onun fototənəffüs prosesi ilə bağlı əldə etdiyi qlobal nəticə dünya elminin tarixinə qızıl hərflərlə yazılacaq.

Akademik Cəlal Əliyev fundamental araşdırmaları və əldə etdiyi nailiyyətləri ilə respublikada elmin inkişafına sanballı töhfələr verib. Onun tədqiqatları ölkədə yeni istiqamətlər müəyyənləşdirməklə biologiya elmi qarşısında duran bir sıra aktual problemlərin həllinə xidmət edib. Akademik fiziki-kimyəvi biologiya, xüsusilə biokimya və biofizika sahəsində tədqiqatları genişləndirərək keçən əsrin 70-ci illərində Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, bioinformatika və kompüter biologiyasının bünövrəsini qoyub və əsaslı surətdə inkişaf etdirib. O, biologiya elminin digər elmlərlə inteqrasiyasının vacibliyini öncədən görən nadir alimlərdən biri idi. Məhz onun təşəbbüsü ilə müxtəlif elmi ixtisasların bir-birinə qovuşması nəticəsində respublikamızda ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktik məsələlərinin həllində riyazi metodlardan və kompüter texnologiyasından istifadə etmək mümkün olub. Onun diqqəti nəinki fundamental tədqiqatların geniş spektrinə, həm də tətbiqi elmə də yönəlib, dərin fundamental elmi böyük praktika ilə birləşdirməyi bacarıb. Alimin rəhbərlik etdiyi laboratoriyalarda alınan nəticələr bir çox beynəlxalq kənd təsərrüfatı mərkəzlərinin tədqiqat proqramlarında rəğbətlə qarşılanıb. Onun rəhbərliyi altında dünyada unikal hesab olunan bir neçə min genotipi əhatə edən buğda genofondu yaradılıb. Alimin fundamental tədqiqatlarda aldığı elmi nəticələrin seleksiya işində məharətlə istifadəsi sayəsində çoxsaylı yüksək məhsuldar və ətraf mühit amillərinə davamlı buğda sortları yaradılıb ki, bunların nəticəsində bu gün Azərbaycan xalqının çörək problemi yoxdur.

Azərbaycanda elmin bütün sahələrinin, o cümlədən biologiya elminin inkişafında Cəlal müəllimin misilsiz xidmətləri var. Cəlal Əliyevin elmi təşkilatçılığı sayəsində müxtəlif sahələrdən istedadlı tədqiqatçılar molekulyar biologiya və biotexnologiyanın aktual problemlərinin həllinə cəlb edilməklə, elmin yeni istiqamətləri üzrə sanballı nəticələr əldə olunub və müasir kadr potensialı formalaşdırılıb. Respublikamızda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, kompüter biologiyası və bioinformatikanın bünövrəsinin qoyulması və əsaslı surətdə inkişaf etdirilməsi məhz onun adı ilə bağlıdır. Cəlal müəllimin tələbəsi, ABŞ Ümumi Genom İnstitutunun energetika bölməsinin əməkdaşı Asəf Salamov yazır: “O dövrdə Cəlal Əliyev Azərbaycanda bəlkə yeganə alimlərdən idi ki, öz əməkdaşlarının SSRİ-nin aparıcı akademik institutlarında təcrübə kursu keçmələrini təşkil edirdi. Şəxsən mən Novosibirskdə olan Sitologiya və Genetika İnstitutuna göndərildim. Hazırda Kaliforniya Universitetinin nəzdində fəaliyyət göstərən Ümumi Genom İnstitutunda işləyirəm. Əlbəttə, öz elmi karyeramda olan irəliləyişləri, ilk növbədə, mənim ilk elmi rəhbərim, akademik Cəlal Əliyevin xidmətləri ilə əlaqələndirirəm. Fotosintezin fundamental molekulyar prosesləri ilə bitki biologiyasının tətbiq aspektləri arasında əlaqələrin müəyyən edilməsi, xüsusən mühüm kənd təsərrüfatı bitkilərinin davamlılığının və məhsuldarlığının artırılması məhz onun xidmətləri sayılmalıdır. O, SSRİ-də birincilər sırasında bioloji proseslərin sistemli şəkildə öyrənilməsini, bu işə müxtəlif profilli mütəxəssislər cəlb etməyin vacibliyini əvvəlcədən görürdü. Hələ 40 il bundan əvvəl bizim elmi rəhbərimiz Cəlal Əliyev riyazi analizin və kompüter texnologiyalarının biologiyada tətbiq edilməsinin vacibliyini dərindən dərk edirdi. Halbuki həmin illərdə, hətta Qərbdə, bunun mümkünlüyünü anlayanlar az idi. Onun erudisiyası, elmə bağlılığı, özünün keçmiş tələbələrinə və ümumiyyətlə, insanlara xeyirxah münasibəti qarşısında baş əyirəm”.

Alimin uzaqgörənliyi, istedadı və böyüklüyü ondadır ki, o, öz yüksək nailiyyətləri ilə bərabər, elmi məktəb də yarada bilsin. Cəlal Əliyev perspektivli, istedadlı gəncləri ətrafına toplayaraq böyük elmi məktəb yaratmışdı. O, elm vurğunlarını həmişə qiymətləndirib çətin anlarda onlara dayaq olaraq inamla irəli getmələri üçün şərait yaradırdı. Onun yaratdığı dünya səviyyəli müasir elmi məktəb və bu məktəbin onlarla istedadlı yetirməsi bu gün Azərbaycanda və dünyanın ən nüfuzlu mərkəzlərində tədqiqatlar apararaq yeni elmi nailiyyətləri ilə respublikamızın, elmimizin adını ucaldırlar. Azərbaycanda biologiya elminin gələcək inkişafı çox cəhətdən bu adamlardan, onların elmdə irəliləməsindən, həmrəyliyindən və onların köməyi ilə Azərbaycan elminin dünya elminə inteqrasiya etməsindən, tarixi şəxsiyyətin, dünya şöhrətli alim və müəllim, akademik Cəlal Əliyevin başladığı yolu onların davam etdirmək cəhdlərindən və bacarıqlarından asılıdır. Cəlal Əliyev 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda elmi-tədqiqat qrupu yaradaraq, onu böyük kadr potensialı və maddi-texniki bazası olan şöbə səviyyəsinə qədər inkişaf etdirib. Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin fundamental və tətbiqi sahələrdə əldə etdiyi və dünyanın aparıcı alimləri tərəfindən qəbul edilmiş nailiyyətlərini, molekulyar biologiya və biotexnologiya elminin Azərbaycanda inkişafının aktuallığı və perspektivliyini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının 2014-cü il iyunun 30-da keçirilmiş ümumi yığıncağında AMEA Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilib. Hazırda institutun strukturunda 3 şöbə, 5 beynəlxalq laboratoriya fəaliyyət göstərir. İnstitutda 112 əməkdaş, o cümlədən 59 elmi işçi, 1 akademik, AMEA-nın 3 müxbir üzvü, 3 elmlər doktoru və professor, 23 biologiya üzrə fəlsəfə doktoru çalışır. Bu gün institutun kollektivi dünyanın ən qabaqcıl laboratoriyaları səviyyəsində elmi-tədqiqat işlərini uğurla davam etdirir.

Cəlal müəllimin böyüklüyü həm də onun sadəliyində, təvazökarlığında idi. Dünyanın bütün ölkələrində bu böyük elm adamının kəşflərindən söhbət açılmasına baxmayaraq, o, bir dəfə də olsun özündən razılıq hissini büruzə vermədi, sadə elm adamları arasında özünü heç kimdən fərqləndirmədi. Əməyinə verilən bütün qiymətləri alimlər ordusunun uğuru sayırdı. Cəlal Əliyevin elmi tədqiqatları beynəlxalq elmi mərkəzlərin araşdırmaları ilə sıx surətdə əlaqələndirilir və onlar tərəfindən olduqca müsbət qiymətləndirilir. Azərbaycan elminin dünyada tanınmasında, təbliğ olunmasında və beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında Cəlal Əliyevin misilsiz xidmətləri olub. Beynəlxalq Fotosintez Cəmiyyəti tərəfindən Bakı şəhərində dünyanın 32 ölkəsindən 350 nümayəndənin iştirakı ilə Cəlal Əliyevin yubileyinə həsr olunmuş konfransın keçirilməsi də bunun bariz nümunəsidir. Bu konfrans beynəlxalq səviyyədə azərbaycanlı alimə həsr olunan ilk tədbir idi.

Akademik Cəlal Əliyevin elmi və ictimai mühitdə qazandığı böyük hörmət onun taleyüklü məsələlərdə nümayiş etdirdiyi yüksək prinsipiallığı ilə bağlıdır. O, çox böyük alim və eyni zamanda, böyük şəxsiyyət idi. Azərbaycanda dövlətçiliyin qorunmasında və inkişafında Cəlal Əliyevin fəaliyyəti danılmazdır. O, daim öz prinsiplərini qoruyub saxlayan, şəraitdən asılı olmayaraq ədalət naminə, xalqın və dövlətçiliyin naminə öz cəsarətli sözünü açıq deməyi bacaran bir insan idi. Ölkəmizdə XX əsrin axırlarında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə Cəlal müəllim əsl vətəndaş mövqeyi tutdu, bir şəxsiyyət kimi ən çətin dövrlərdə sınmadı, əyilmədi və bütün təzyiqlərə mətanətlə sinə gərdi. Ən çətin anlarda xalqımızın ümummilli liderı Heydər Əliyevin yanında oldu və haqq işində həmişə ona arxa-dayaq oldu. Eyni zamanda, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan dövlətini böyük inkişaf yoluna çıxaran və beynəlxalq miqyasda yüksək səviyyədə təmsil edən Prezident İlham Əliyevin hər bir uğuruna ürəkdən sevindi, onunla fəxr etdi. Müstəqil respublikamızın ictimai-siyasi həyatında Cəlal müəllimin fəaliyyəti əvəzedilməz idi. Onun 1995–2015-ci illərdə ictimai xadim kimi fəaliyyəti Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlı olub.

Görkəmli alim, tanınmış ictimai xadim, akademik Cəlal Əliyev 2016-cı il fevralın 1-də haqq dünyasına qovuşdu. Onun ölümü dövlətimiz və xalqımız üçün böyük itki idi. İnsanlar bu xəbərə inanmaq istəmədilər. Tələbələri üçün bu xəbər daha ağır idi. Onlar müəllimlərinin əbədi yaşayacağına inanırdılar. Uzun illərdir tələbələri Cəlal müəllimin ad gününü qeyd etməyin yeni bir ənənəsini qoyublar. Hər il iyun ayının 30-u ərəfəsində akademik Cəlal Əliyevin rəhbəri olduğu, yaxud onun rəhbərlik etdiyi şöbənin əməkdaşının dissertasiya işinin müdafiəsi keçirilir. Onunla uzun illər birgə addımlayan tələbələri bilirdilər ki, uğurla keçən, yüksək səviyyədə təqdim olunan dissertasiya müəllimləri üçün ən qiymətli hədiyyədir. Bu ənənə bundan sonra da daim davam etdiriləcək. Bu gün də tələbələri hər bir işdə böyük müəllimlərinin tövsiyələrini əsas tutur, onun qoyduğu yol ilə gedir, daim onun məzarını ziyarət edirlər.

Bəli, böyük müəllimimizin keçdiyi həyat yolu bizim hər birimiz üçün örnəkdir. Biz bu gün fəxr edirik ki, Cəlal Əliyev məktəbinin tələbələriyik. Belə bir möhtəşəm məktəbin adını uca tutmaq bizim borcumuzdur və onun yolunu ləyaqətlə davam etdirmək həyatda ən böyük amalımız olacaq. İnanırıq ki, akademik Cəlal Əliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq, yaratdığı yüksək elmi potensial, elmi məktəb və qiymətli əsərlər Azərbaycan Respublikasının inkişafına bundan sonra da xidmət edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video