01 Fevral 2018 12:02
276
Fərmanlar
A- A+

Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi prosedurunu təkmilləşdirmək, bu sahədə müasir informasiya texnologiyalarını tətbiq etməklə operativliyi və şəffaflığı təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

3.1. Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən xidmət məntəqələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təhvil verilməsini mərhələli şəkildə həyata keçirsin;

3.2. Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrinə əsasən vətəndaşlarına Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi nəzərdə tutulmuş ölkələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etsin;

3.3. Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi prosedurunda edilmiş dəyişikliklər barədə məlumatın nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi və müvafiq ölkələrin diplomatik nümayəndəliklərinin məlumatlandırılması üçün tədbirlər görsün.

4. “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanının 2-ci hissəsində nəzərdə tutulmuş hallarda aidiyyəti dövlət qurumları Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslər barədə müvafiq məlumatların Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə göndərilməsini təmin etsinlər.

5. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq sərnişindaşımaları həyata keçirən xarici və yerli aviasiya şirkətləri tərəfindən Azərbaycan Respublikasına gətirilən sərnişinlər barədə əldə etdiyi məlumatların real vaxt rejimində “ASAN Viza” sisteminə göndərilməsini təmin etsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

8. Bu fərman 2018-ci il mayın 15-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 yanvar 2018-ci il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video