31 Yanvar 2018 01:01
388
Səhiyyə
A- A+

Göyöskürəyə yoluxan xəstə bir müddət təcrid olunmalıdır

Bəzi infeksion xəstəliklər fəsillə əlaqədar olaraq baş qaldırır və uşaq həyatı üçün ciddi təhlükə mənbəyi hesab olunur. Həmin ağır infeksion xəstəliklərdən biri də göyöskürək sayılır. Göyöskürək hava-damcı yolu ilə ötürülən, uzun müddət sürən siklik gedişi və spazmatik tutmalar şəklində xarakterizə olunan kəskin infeksion xəstəlikdir. Hər il dünyada 60 milyon nəfər göyöskürəyə tutulur və 600 min nəfər həyatını itirir.

Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aynur Məmmədova AZƏRTAC-a verdiyi məlumata görə, infeksiyanın mənbəyi xəstə insandır və onlar çox güman ki, inkubasiya dövrünün sonundan, daha çox isə prodromal dövrdə və spazmatik dövrün əvvəlində yoluxucu olurlar. Yoluxduruculuğun dərəcəsi öskürəyin intensivliyi və infeksiyalaşmış seliyin ətrafa yayılmasından asılıdır. Tək-tək öskürən silinmiş formalı xəstəlik də göyöskürəyin yayılmasında mühüm rol oynayır.

Yoluxma xəstə ilə yaxından və uzunmüddətli təmas nəticəsində baş verir, törədici xarici mühitdə davamsız olduğuna görə infeksiya qonşu otaqlara, palatalara və mərtəbələrə yayılmır.

Həkim-infeksionist deyib: ”Xəstəliyə ən çox 5-7 yaşa qədər uşaqlar tutulur. Payız-qış aylarında xəstəliyin artması və davamlı olaraq hər 3-4 ildən bir təkrarlanması müşahidə edilir. Göyöskürəyə əsasən 1 yaşına qədər uşaqlarda təsadüf edilir. Xəstələnmədən sonra davamlı immunitet yaranır və təkrar xəstələnməyə az təsadüf olunur.

İnkubasiya dövrü 5-20 gün arası, çox vaxt 10-12 gün davam edir. Prodromal dövr 7-14 gündür. Peyvənd almış yuxarı yaşlı uşaqlarda həmin dövr uzana bilər. Xəstəliyin başlanğıc dövrünün əsas əlamətləri kəskin respirator virus infeksiyasının öskürəyinə oxşar öskürəkdir. Öskürək adətən quru, çox vaxt gecə və ya yatmazdan qabaq olur. Bədən temperaturu normal və ya bir neçə gün subfebril olur. Öskürək tədricən artır, getdikcə davamlı və tutmaşəkilli xarakter alır.

Spazmatik dövrdə tutmaşəkilli öskürək bir-birinin ardınca olan nəfəsvermə təkanları ilə xarakterizə edilir və səsli, nəfəsvermə-reprizlə əvəz olunur. Öskürək tutması zamanı uşağın üzü gərginləşir, əvvəlcə qaşüstü qövslərdə, sonra bütün üzdə hipermiya meydana çıxır, üzün, ağızın selikli qişasının sianozu da ola bilər. Öskürək tutması qatı şəffaf bəlğəmin xaric olması və ya qusma ilə nəticələnir, lakin qusma xəstələrin heç də hamısında olmur. Öskürək tutması gün ərzində 5 dəfədən 40-50 dəfəyə qədər təkrarlana bilər, çox vaxt yuxuda baş verir, təmiz havada isə azalır. Yuxarı yaşlı uşaqlar çox vaxt tutmaların yaxınlaşmasını hiss edəndə udlaqda göynəmə, qaşınma hiss yaranır. Bəzən öskürək tutmaları zamanı sklerada qansızma və burundan qanaxma olur. Öskürək tutmaları getdikcə artır və spazmatik dövrün ikinci həftəsində maksimuma çatır.

Xəstəliyin əlamətlərinin sönmə dövrü 2-3 həftə davam edir, öskürək öz tipik xarakterini itirir, azalır və yüngülləşir, qusmalar baş vermir. Göyöskürəyin gedişi əsasən uzun çəkir, spazmatik dövr 2-3 aya qədər davam edə bilər. Peyvənd almış uşaqlarda göyöskürək, adətən, atipik, silinmiş formada olur, spazmatik öskürək olmadan gedir”.

Xəstəliyin müalicəsinin kompleks aparıldığını söyləyən həkim deyib: ”Oksigen və mukolik preparatlardan geniş istifadə olunur, göstəriş varsa antibakterial müalicə və qlükokartikoid hormonlar təyin edilir. Hipoksiyanın nəticələrini aradan qaldırmaq üçün tədbirlər görülür, öskürək əleyhinə əsasən mərkəzi tipli preparatlar verilir. Hipoksiyanı aradan qaldırmaq üçün xəstə oksigen palatalarında yerləşdirilir.

Uşaq müəssisələrində göyöskürək aşkar ediləndə xəstə 25 gün təcrid olunur. Xəstəlik keçirməyən və peyvənd almayan 7 yaşınadək uşaqlara xəstə ilə axırıncı təmasdan 14 gün keçənədək karantin təyin olunur. Xəstəlik keçirən və 7 yaşından yuxarı uşaqlar kollektivdən uzaqlaşdırılmalıdır.

İnfeksiya ocağında xəstəliyi aktiv aşkar etmək üçün iki dəfə bakterioloji müayinə aparılır. Göyöskürəyin spesifik profilaktikası müxtəlif vaksin preparatları ilə aparılır. Uşaqlarin peyvənd olunmasi olduqca vacibdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video