Alternative content

23:02 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qəhrəmanların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq
Qəhrəmanların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq
ANA SƏHİFƏ / Oxucu məktubları
12:01 28.01.2018

 

Vətən uğrunda canını fəda etmiş hər bir Azərbaycan vətəndaşının xatirəsi xalqımızın qəlbində əbədi  yaşayacaq.  Şəhidlər qürurumuz, onların həyat və fəaliyyətləri  ibrət mənbəyimizdir.  Onlardan biri də Milli Qəhrəman Tofiq Hüseynovdur. 

 Xocalı şəhərində anadan olmuş T. Hüseynov məktəbdə hərbi hazırlıq müəllimi işləyirdi. Hərbi zabit idi. Hərbçi bilik və bacarığına malik olduğundan Xocalıda özünümüdafiə  dəstəsinin  yaradılmasında  və  formalaşdırılmasında fəal iştirak etmişdi.  Döyüşçülər arasındakı nüfuzu və şəxsi keyfiyyətləri  sayəsində  tabor komandiri təyin olunmuşdu.

Tofiq və döyüşçüləri  təhlükəli  hərbi  əməliyyatlar həyata keçirir, şücaətləri, igidlikləri ilə seçilirdilər.  Tofiq “Mixaylo” ləqəbi ilə tanınırdı. O və döyüşçüləri dəfələrlə  düşmən arxasına keçmişdilər.  Hər dəfə də ermənilərin atəş nöqtələrini, hərbi texnikasını, silah-sursatını, canlı qüvvəsini  məhv edərək geri dönmüşdülər.  Hətta bir  dəfə düşmənin reaktiv yaylım atəşi qurğusunu partlatdıqdan sonra  bir dəstə  erməni yaraqlısını əsir ala bilmişdilər. Bu əməliyyatdan sonra Tofiq Hüseynovun hərbi  rütbəsi artırılmışdı. 

Lakin o zaman vahid komandanlıq altında nizami ordu yaradılmadığından Xocalının müdafiəsini qurmaq və şəhəri işğaldan qorumaq mümkün olmadı. Buna rəğmən, o müdhiş gecə - ermənilərin Xocalıda törətdikləri soyqırımı zamanı Tofiq və onun sədaqətli döyüşçü dostları doğma yurdu tərk etmədilər. Tofiq Hüseynov axıra qədər  mənfur düşmənlə döyüşən igidlərimizdəndir.  Sursatı tükəndikdə sonuncu qumbaranı köksünə sıxıb onu diri tutmağa çalışan düşmənin yaxınlaşmasını  gözləmiş, özünü partladaraq son nəfəsində də bir neçə  qulduru məhv etmişdi. Bu hadisədən sonra ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdi. 

Təəssüflə qeyd etmək istəyirəm ki, o dəhşətli gecə yüzlərlə xocalılı ilə bərabər Tofiq Hüseynovun  ata-anası, həyat  yoldaşı və  qardaşı da ermənilər tərəfindən Xocalıda qəddarlıqla  qətlə yetiriliblər.

Təkcə xocalılılar deyil, bütün Azərbaycan xalqı şəhidlərimizi, qəhrəmanlarımızı, o cümlədən Tofiq Hüseynovu unutmayıb, unutmayacaq da! Tədris prosesində şagirdlərin vətənpərvər ruhda tərbiyəsinə  xüsusi önəm veririk. Xocalı gənclərinin  and yeri qəhrəman Tofiq Hüseynovun  da uyuduğu Şəhidlər xiyabanıdır. Qisassa işğal altındakı torpaqlarımızın -  şəhər, rayon, qəsəbə və kəndlərimizin, Xocalının azad olunacağı  gün alınacaq. Bunun üçün gənc nəsil də hər fədakarlığa, qəhrəmanlığa hazırdır. 

 

Vəsilə MƏHƏRRƏMOVA,

Xocalı 2 saylı tam orta məktəbinin müəllimi