26 Yanvar 2018 04:01
266
Elm və texnika
A- A+

Daxili İşlər Nazirliyi cari tədris ili üçün Polis Akademiyasına kursantların qəbulunu elan edir

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında əyani təhsil üzrə 150 kursantın qəbulu üçün müsabiqə elan edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 santimetr (qızlar üçün 160 santimetr), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2018-ci ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2018-ci ilin yanvar, aprel və iyul tarixli çağrışlarında hərbi xidmətə getməli olan çağrışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyənlər müsabiqəyə buraxılmırlar.

Sənədlərin qəbulu 2018-ci il yanvarın 10-dan fevralın 10-dək hər gün (bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək namizədin daimi qeydiyyat yeri üzrə polis idarə və ya şöbələrində həyata keçirilir.

Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);

- təhsil müəssisəsinin buraxılış sinifində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestat);

- yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

- ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);

- oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;

- 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).

Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 454-12-78, (012) 590-97-76.

İlkin sənədləri Polis Akademiyasında təhsilə, eyni zamanda, daxili işlər orqanlarında xidmətə uyğun gələn namizədlərə müvafiq forma üzrə ərizə-öhdəlik yazmaq təklif edilir və onlar abituriyent hesab olunurlar.

Abituriyentlər DİN-in Tibb İdarəsinin xüsusi-həkim komissiyasında müayinədən, habelə fiziki hazırlıq imtahanı və seçmə komissiyalarında nazirlik tərəfindən müəyyənləşdirilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər oğlanlar üçün: turnikdə dartınma - 6 dəfə; qaçış 100 metr məsafəyə - 15 saniyə və 1000 metr məsafəyə - 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması - 18 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması - 18 dəfə; qızlar üçün: arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması - 18 dəfə, qaçış 100 metr məsafəyə - 19 saniyə və 1000 metr məsafəyə - 5 dəqiqə 30 saniyə).

Fiziki hazırlıq normativlərindən birini ödəyə bilməyən, nazirliyin seçmə və ya tibb komissiyalarından keçə bilməyən abituriyentlər müsabiqədən kənarlaşdırılırlar. Komissiyaların işi ilə bağlı şikayətlərə nəticələr elan olunduğu vaxt abituriyentin komissiya sədrinə müraciəti olduqda baxılır.

Seçmə komissiyalarının vaxtı barədə məlumatlar Daxili İşlər Nazirliyinin www.mia.gov.az internet saytında yerləşdiriləcək.

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı III ixtisas qrupu fənləri üzrə qəbul imtahanlarına buraxılmaları üçün Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir və abituriyentlər bu məqsədlə DİM-in internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

DİN-in Polis Akademiyasında qəbul olunmuş kursantlar avqustun 14-dən sentyabrın 13-dək akademiyada ilkin hazırlıq kursuna cəlb edilir. Dərslər sentyabrın 15-də başlanır, tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 5 ildir.

Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin edilir, oğlanlar və qızlar istisna olmadan akademiyanın ərazisində yerləşən yataqxanada yaşayırlar.

Məzunlara hüquqşünaslıq ixtisası polis leytenantı, xüsusi və ehtiyatda olan leytenant hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

Ətraflı məlumat www.pa.edu.az internet saytında yerləşdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video