25 Yanvar 2018 11:01
427
Səhiyyə
A- A+

Qışın gözəllik sirləri

Soyuq qış aylarında külək, şaxta, rütubətli hava və yağıntılar qadın üçün arzuolunmaz hallar yaradır, gözəlliyin qorunması sahəsində onlara çətinlik yaradır. Soyuq havalarda üz və əl dərisi, göz ətrafları və dodaqlar quruyaraq kobudlaşır, saçlar öz canlılığını və təravətini itirərək solğunlaşır. Ona görə də qış fəsli bir çox qadınlar üçün quruyan və qaşınan dəri, çatlamış dodaqlar və elektriklənmiş saçlar kimi assosiasiya olunur.

AZƏRTAC qış fəslində gözəlliyi qorumaq üçün təcrübəli və tanınmış dermatoloqların bəzi məsləhətlərini xatırladır.

Onların dediyinə görə, qış aylarında tez-tez çox isti vanna və ya duş qəbul etmək dəridəki təbii yağların ifrazını artırır, onun qurumasını sürətləndirir. Ümumiyyətlə, qış aylarında üz dərisini isti su ilə yumaq məsləhət görülmür.

Qış aylarında kontrast duş qəbul etmək dəri üçün çox xeyirlidir. Duş qəbul edərkən 15 saniyə soyuq su altında qalmaq lazımdır, daha sonra suyun istiliyi bir az da artırılır və azaldılır. Proseduru 2 dəqiqə ərzində aparmaq sadə hidroterapiya əməliyyatıdır. Həmin üsulla orqanizmin qan dövranını tənzimləyərək dərinin təravətlənməsinə nail olmaq mümkündür.

Dərinin yumşaq və gözəl görünməsi üçün limon qatılmış isti su içmək pis görünüşlü dəriyə səbəb olan toksinlərin daha tez atılmasına və qanın təmizlənməsinə kömək edir. Qış aylarında masaj vasitəsilə dərinin əvvəlki parlaqlıq və təravətini qaytarmaq mümkündür. Masaj zamanı dəriyə uyğun krem, losyon və yağlardan istifadə etmək məsləhətdir. 1 qaşıq qarğıdalı ununu qatıqla qarışdıraraq əl, üz və ayaqlara sürtülüb masaj edilməsi dərinin təmizlənməsi və yumşalmasına səbəb olur.

Dermatoloqlar qarlı havada əks olunan şüaların dərini zədələdiyini söyləyirlər. Yay aylarında olduğu kimi, soyuq fəsildə də qoruyucu kremlərdən istifadə etmək məsləhətdir. Həmin kremləri havaya çıxmazdan 20-30 dəqiqə əvvəl nazik təbəqə şəklində dərinin günəşlə təmasda olan nahiyələrinə çəkmək və 3-4 saatdan bir yeniləmək lazımdır. Soyuq havanın təsiri dəridə quruluğa səbəb ola bilər. Ona görə quruluğun qarşısını almaq üçün tərkibində yağ olan və dərini qurutmayan şampunlara üstünlük verilməlidir. Hər dəfə vanna və duş qəbul ediləndən dərhal sonra dəri islaq olarkən nəmləndirici kremlərdən istifadə etmək faydalı təsir göstərir.

Soyuq aylarda dəri həddindən artıq quru və həssas olduğuna görə üz dərisinə xüsusi diqqət göstərmək lazımdır. Kosmetik vasitə həddindən artıq quru və ağır tərkibli olmamalıdır. Hətta dəri yağlı olanda da yumşaq, kifayət qədər yağlı və nəmləndirici xüsusiyyətlərə malik kosmetik vasitələrdən istifadə etmək lazımdır.

Mütəxəssislərin dediyinə görə, makiyajı təmizlədikdən sonra mütləq qış fəsli üçün nəzərdə tutulmuş nəmləndirici krem çəkilməlidir. Yaxşı olar ki, həmin kremin tərkibində qliserin, lanolin, mineral və yağ olsun. Qliserin dəri üçün əla müdafiə baryeri yaradır və nəmi saxlayır, lanolin yağı isə onu yumşaldır və hamarlaşdırır. Üzü yuyandan dərhal sonra nəmləndirici krem çəkmək, daha sonra yüngül şəkildə masaj edərək nəmli dəriyə hopdurmaq lazımdır. Lakin bundan sonra ən azı bir saat şaxtaya çıxmaq məsləhət deyil. Soyuq havaya çıxarkən üzü şal və ya şərflə örtmək çox vacibdir.

Nəmliyini itirən üz dərisini buxar vannası ilə yenidən təravətləndirmək mümkündür. Sauna və hamama getmək imkanı olmadıqda ev şəraitində aptek çobanyastığı dəmləməsi qatılmış qaynar sudan istifadə edilir. Üzü həmin qarışıq olan qaba tutaraq 10 dəqiqə saxlamaq lazımdır. Buxarın kənara yayılmaması üçün başın üzərinə dəsmal atmaq olar. Daha sonra üzü qurulayaraq nəmləndirici krem çəkilməsi dərini təravətləndirir və yumşaldır.

Yatmazdan əvvəl üzə çəkilmiş makiyajı təmizləmədən yatmaq çox ziyanlıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video