Alternative content

14:10 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Komitələrin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olunub
Komitələrin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olunub
ANA SƏHİFƏ / PARLAMENT
07:01 24.01.2018

Yanvarın 24-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olunub.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş qanun layihəsi barədə ətraflı məlumat verib.

Bildirilib ki, bu sənəd Prezidentin “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən hazırlanıb. “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini dövlətimizin başçısının “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 2017-ci il 31 may tarixli Sərəncamına əsasən təşkil edilmiş işçi qrup hazırlayıb.

İşçi qrupun rəhbəri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər. Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb.

Məlumat dinlənildikdən sonra müzakirələr başlayıb. Deputatlar sənədin əhəmiyyətini yüksək dəyərləndiriblər. “Ələt azad iqtisadi zonası haqqında” mükəmməl qanun layihəsi hazırladığına görə İşçi qrupun rəhbəri Valeh Ələsgərova və qrup üzvlərinə təşəkkürlərini bildiriblər.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, sənəddə dövlət maraqları ilə investorların maraqları uzlaşdırılıb. Layihə azad iqtisadi zonaların fəaliyyəti üçün müvafiq hüquqi təminat yaradacaq.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son illər Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, həmçinin ölkəmizdə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülmüş işləri önə çəkib. Hazırkı şəraitdə belə bir qanunun qəbulunun vacibliyini vurğulayıb.

Gənclər və idman komitəsinin sədri Fuad Muradov azad iqtisadi zonaların səmərəli fəaliyyəti üçün qeyri-standart yanaşmanın vacib olduğunu söyləyib.

Geniş müzakirələrdə qanun layihəsi barədə rəy və təkliflərini bildirən deputatlar Vahid Əhmədov, Əli Məsimli, Qüdrət Həsənquliyev, Kamran Nəbizadə, Cavid Qurbanov, Tahir Kərimli, İlham Əliyev, Çingiz Qənizadə, Şəmsəddin Hacıyev, Rafael Cəbrayılov, Əsabil Qasımov dünya praktikasına istinadən azad iqtisadi zonaların fəaliyyətindən söz açıblar, onların uğurlarını və gəlirlərini şərtləndirən amilləri diqqətə çatdırıblar. Belə zonalarda sahibkarların gömrük və vergi rüsumlarından azad olunmasının vacibliyini qeyd ediblər. Ölkəmizdə yaradılan azad iqtisadi zonaların idarə edilməsi və inkişafı, həmin zonalarda səlahiyyətli qurumların hüquq və vəzifələri, xarici investorların hüquqları ilə yanaşı, Azərbaycan vətəndaşlarının da hüquqlarının qorunması və digər mühüm məsələlər barədə danışıblar.

Deputatlar qeyd ediblər ki, azad zonaların fəaliyyəti iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artmasına təkan verəcək, Azərbaycanın ixrac potensialını gücləndirəcək. Son 20 ildə transmilli enerji infrastrukturunun, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizi və s. kimi beynəlxalq layihələrin reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb. Azad iqtisadi zonaların fəaliyyəti əhalinin məşğulluğuna da böyük töhfə verə bilər.

Komitələrin birgə iclasında müzakirələri yekunlaşdıran Valeh Ələsgərov səslənən fikirlərə münasibət bildirib, sualları cavablandırıb.

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi yekdilliklə Milli Məclisin müzakirəsinə tövsiyə olunub.