Alternative content

12:13 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi Prezident İlham Əliyevin dövlətçilik tariximizə verdiyi yüksək dəyərin göstəricisidir
Bu ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi Prezident İlham Əliyevin dövlətçilik tariximizə verdiyi yüksək dəyərin göstəricisidir
ANA SƏHİFƏ / Elm və texnika
09:01 12.01.2018

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamından sonra 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi olduqca önəmli addımdır. Cümhuriyyətin 100-cü ildönümündən düz bir il əvvəl Azərbaycan Prezidentinin yubiley haqqında Sərəncam imzalaması, 2018-ci ilin başlanğıcında, yanvarın 10-da dövlətimizin başçısı tərəfindən cari ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Prezident səviyyəsində dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir. Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədimliyinin, zənginliyinin təsbit olunduğu Sərəncamda maarifçilik ideyalarından milli özünüdərkə gedən yolun səciyyəsi, tərəqqipərvər ictimai-siyasi elitanın rolu diqqətə çatdırılır. Cümhuriyyət dövründə həyata keçirilmiş ən mühüm tədbirlərin, hüquqi dövlət, vətəndaş cəmiyyəti qurmaq yönündə görülmüş işlərin qeyd olunması qısamüddətli dövrün taleyüklü məzmununu açıqlayır. Məhz Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyəti sayəsində “Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsində” qalması haqqında müddəa ciddi tarixi, elmi əsasa malikdir. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu vurğulayan Prezidentin bu Sərəncamı Cümhuriyyətin əhəmiyyətini beynəlxalq aləmə çatdırmaq məzmunu daşıyan qərardır. “Azərbaycan Xalq Cümhuriyyəti İli”nin elan olunması həm də Azərbaycan cəmiyyətinin müstəqil dövlətçiliyinə sahib çıxmaq iradəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, Əməkdar Müəllim, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova söyləyib.

Firdovsiyyə Əhmədova bildirib ki, dövlətimizin başçısının Sərəncamı Azərbaycan dövlətçiliyində varisliyi, demokratik idarəçilik ənənələrini özündə ehtiva edir. Cümhuriyyət dövründə həyata keçirilmiş tədbirlər Sərəncamda yüksək əhəmiyyətə malik tədbirlər kimi dəyərləndirilir. Azərbaycan xalqının müqəddəratında taleyüklü əhəmiyyətə malik bu hadisələrin hər birinin 100 ili tamam olur. Cümhuriyyətin mövcudluğunda “ilk”ə imza atılan bütün hadisələrlə yanaşı, AXC-nin yaranması ərəfəsində azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların da 100 ili tamam olur. Azərbaycan xalqının milli müqəddəratı ilə birbaşa bağlı olan bu faciənin 100 illiyinin qeyd edilməsi həm də torpaqlarımızı bu gün də işğal altında saxlayan Ermənistanın təcavüzkarlıq tarixinin mahiyyətini geniş ictimaiyyətə çatdırmaq imkanıdır.

Cümhuriyyət tarixinin tədqiqinin, təbliğinin gündəmdə saxlanmasını özündə ehtiva edən Sərəncamın icrasının yerlərdə təmin edilməsi üçün də xüsusi işlər aparılmalıdır. Müvafiq olaraq bu tədbirləri həyata keçirmək mümkündür: Bakının mərkəzində “Cümhuriyyət xiyabanı”nın, Şəhidlər xiyabanında azərbaycanlılara qarşı törədilmiş təcavüz tarixini əks etdirən muzeyin təşkili, Azərbaycanda və xaricdə Cümhuriyyət xadimlərinin məzarlarının aşkarlanması və bərpa edilməsi, zəruri olduğu halda (bir çox şərtlər nəzərə alınmaqla) vətənə gətirilməsi, Cümhuriyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadıqları binalara lövhələrin vurulması, küçələrə, məkanlara adların verilməsi, Cümhuriyyətin dövlət qurumlarının fəaliyyət göstərdiyi binalara lövhələrin vurulması, Bakının azad edilməsinin 100 illiyi ilə əlaqədar xatirə-abidə kompleksinin ucaldılması, Cümhuriyyət xadimlərinin siyasi, mənəvi irsinin toplanması (ilk növbədə xaricdə) və nəşr edilməsi, xarici ölkələrdə beynəlxalq tədbirlərin keçirilməsi və s.

F.Əhmədova vurğulayıb ki, qarşımızda dayanan başlıca vəzifə əlamətdar bir hadisəni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa nail olmaqdır. Söhbət müsəlman aləmində, türk dünyasında ilk demokratik respublikanın qurulmasından gedir. Bu baxımdan İslam ölkələri, türk dövlətləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etməyə maraq göstərə bilərlər. İslam dəyərlərinin dayanıqlı olduğu bir məmləkətdə, dini və etnik müxtəlifliyin mövcud olduğu bir ölkədə hüquqi dövlət, vətəndaş cəmiyyəti qurmağa nail olmuş Azərbaycan xalqının nailiyyətlərini İslam-türk ailəsi də beynəlxalq ictimaiyyətə çatdırmaqda maraqlı olmalıdır. Bunun üçün də Azərbaycan Respublikasının dövlət, qeyri-hökumət təşkilatları əlaqələndirilmiş fəaliyyətə başlamalıdır. 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması Azərbaycan xalqının iradəsinin təzahürü, dövlətçiliyimizin - respublika tariximizin dünyaya növbəti siyasi-diplomatik təqdimatıdır.