Alternative content

06:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeddi hərbçi atası
Yeddi hərbçi atası
ANA SƏHİFƏ / Oxucu məktubları
12:01 07.01.2018

 

Biləsuvarın Əsgərabad kəndində Xəzanağa Xəlilovu hamı zəhmətkeş insan kimi tanıyır. Gözünü açandan torpaqla əlləşir, torpaqla nəfəs alır. Yaşı 70-i haqlayan Xəzanağa kişi ömrünün bu vədəsində  də işdən-gücdən qalmır: təqaüddə olsa da, həyətyanı sahəsində çalışır, meyvə ağaclarına qulluq edir, qoyun-quzu saxlayır.

Xəzanağa kişini el-oba gözündə ucaldan, böyüklü-kiçikli hamının sevimlisi edən təkcə onun zəhmətsevərliyi deyil. Böyük bir ailənin başçısı olan Xəzanağa kişi bir-birindən igid yeddi oğul atasıdır. Ömür-gün yoldaşı Gülcamal xanımla övladlarını vətənə, torpağa məhəbbət ruhunda tərbiyə ediblər. Onların yeddisi də peşəkar hərbçidir və hazırda  Azərbaycan Ordusunda xidmətdədirlər! Ailənin ilk övladı Fuad Xəlilov H.Əliyev adına Ali Hərbi Məktəbi bitirib - hazırda polkovnik-leytenant rütbəsi daşıyır.  C.Naxçıvanski adına Hərbi Liseyi bitirən Elbrus hərbi donanmada xidmət edir. Elçin artıq çiyinlərində polkovnik rütbəsinin ulduzlarını gəzdirir. Rauf gizirdir. Şamil polkovnik-leytenant, Famil kapitan rütbəsindədir. Ailənin sonbeşiyi - kapitan Bayram Xəlilov H.Əliyev adına Ali Hərbi Məktəbdə çalışır.

Xəzanağa kişi, Gülcamal ana övladları ilə fəxr edir, onların uğurlarına ürəkdən sevinirlər. Bu ailənin ən fərəhli günləri ailə tədbirlərində, qohumlarının toy-şənliklərində zabit övladlarının ata ocağına toplaşmasıdır. Xidməti vəzifələri ilə əlaqədar hamısının eyni vaxtda bir yerə yığışması nadir hallarda olur. 

Əsgərabad kəndində Xəzanağa kişinin ocağından pərvazlanan övladların ailələrində 13 nəvə - 11 oğlan, 2 qız böyüyür. Xəzanağa kişi sonsuz fərəhlə “istəyirəm oğlan nəvələrim də ataları kimi hərbçi olsunlar, vətənin, torpaqlarımızın keşiyində dayansınlar” -  deyir.

 

Mirzə MÜŞFİQ,

Biləsuvar rayonu