Alternative content

23:55 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV On yaşlı şahmatçı
On yaşlı şahmatçı
ANA SƏHİFƏ / Oxucu məktubları
12:01 07.01.2018

 

Gənclərin fiziki və mənəvi cəhətdən sağlam böyüməsində bədən tərbiyəsinin, idmanın çox böyük rolu vardır. Naxçıvan Muxtar Respublikasında idmanın ənənəvi növləri ilə yanaşı şahmata da maraq böyükdür. Bu gün Naxçıvan şəhərində müasir şahmat mərkəzi, rayonların hər birində şahmat məktəbləri fəaliyyət göstərir. Şahmat məktəbləri müasir və tam təchizatlı binalarda yerləşir. Ümumtəhsil məktəblərində şahmat dərsləri təşkil olunub və tədris yüksək sertifikatlara malik müəllimlər tərəfindən həyata keçirilir.

Ordubad rayonunun 34 yaşlı şahmat məktəbi 2011-ci ildən üçmərtəbəli binada fəaliyyət göstərir. Burada yaradılan şərait və şahmatçılara göstərilən qayğı rayonda şahmatın inkişafını stimullaşdırıb. Odur ki, son illər muxtar respublika şahmatçılarının ölkə miqyaslı, həmçinin beynəlxalq turnirlərdə qazandıqları uğurlarda Ordubad şahmat məktəbinin də payı var. Perspektivli gənc şahmatçılarımız çoxdur: Məhəmməd Tağı Sidqi adına Ordubad şəhər 1 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Hüseyn Seyid, Nüsnüs kənd tam orta məktəbin 6-cı sinif şagirdi Zərrin Məmmədli və Kotam kənd tam orta məktəbin 5-ci sinif şagirdi Uğur Həsənli mötəbər yarışlarda uğur qazanan idmançılarımızdır.

Hüseyn Seyid 6 yaşından şahmatla məşğul olur. Şahmat məktəbinin məşqçi-müəllimləri Lamiyə Məmmədovadan, şahmat üzrə ustalığa namizəd Fətulla Həmdiyevdən və ali kateqoriyalı məşqçi-müəllim, FİDE ustası Sabir Hüseynovdan şahmatın sirlərini öyrənən Hüseynin göstərdiyi nəticələr bizi ümidləndirir. İlk qələbələrini rayon şahmat məktəbində qazanan Hüseynin  xoş sorağı əvvəlcə muxtar respublika, daha sonra isə ölkə üzrə keçirilən yarışlardan gəlməyə başlayıb. Dəfələrlə Naxçıvan Muxtar Respublikasının çempionu olub. Azərbaycan çempionatının zona birinciliyində uğur qazanıb, final mərhələsinə vəsiqə əldə edib. 8 yaşlı şahmatçılar arasında 2-ci yeri tutan Hüseyn Xorvatiyada keçirilən Avropa çempionatına vəsiqə qazanıb. 2016-cı ildə Hüseyn 10 yaşadək şahmatçıların final yarışında 3-cü yeri tutub.

Ötən ilin may ayında Naxçıvan şəhərində “Naxçıvan Open-2017” Beynəlxalq Şahmat Festivalı keçirilib. 12 yaşadək şahmatçılardan ibarət 156 şahmatçı arasında Hüseyn Seyid də qələbə uğrunda mübarizə aparıb. İsveçrə sistemi üzrə keçirilən yarışda 6 qələbə və 3 heç-heçə ilə Hüseyn qrup qalibi olub. Şahmatçıya Azərbaycan Şahmat Federasiyasının kuboku və qiymətli hədiyyə təqdim edilib. İyun ayında Naxçıvan Şahmat Mərkəzində yeniyetmə və gənc şahmatçılar arasında təsnifat yarışı keçirilib. 32 zəka sahibinin qələbə uğrunda mübarizəsində Hüseyn Seyid 7 oyundan 6 qələbə və 1 heç-heçə ilə 6,5 xal toplayaraq birinci yeri tutub. Bundan bir neçə gün sonra Bakı şəhərində keçirilən 10 yaşadək şahmatçıların final görüşündə 12 şahmatçı arasında 3-cü və 4-cü yerləri bölüşdürüb. Bakı şəhərində məşhur Azərbaycan şahmatçısı, Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirində 72 şahmatçı arasında 9 mümkün xaldan 7 xal toplayan Hüseyn Seyid ümumi hesabda üçüncü nəticə göstərib.

Əminik ki, on yaşlı Hüseynin və Naxçıvanın digər istedadlı gənc şahmatçıların uğurları qabaqdadır.

           

Emin HACIYEV,

şahmat üzrə beynəlxalq dərəcəli hakim