Alternative content

05:38 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik Həsən Əliyevin təbiətin mühafizəsi ilə bağlı gördüyü işlər bu gün də uğurla davam etdirilir
Akademik Həsən Əliyevin təbiətin mühafizəsi ilə bağlı gördüyü işlər bu gün də uğurla davam etdirilir
ANA SƏHİFƏ / Elm və texnika
05:12 26.12.2017

Dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli təbiətşünas alim, Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə foyedə alimin elmi və elmi-təşkilati fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın Prezident İlham Əliyevin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunduğunu bildirib. Görkəmli alim H.Əliyevin elmə, təhsilə verdiyi töhfələrdən, bu sahələrin inkişafında əvəzsiz xidmətlərindən danışan AMEA rəhbəri onun ölkəmizdə coğrafiya və torpaqşünaslıq elmlərinin yeni istiqamətlərinin müəyyənləşməsində böyük rolu olduğunu deyib. Diqqətə çatdırılıb ki, akademik H.Əliyev zəngin elmi fəaliyyəti müddətində təbiətin mühafizəsinə dair kompleks proqram və layihələri uğurla həyata keçirib. Dünyanın bir sıra ölkələrində keçirilən müxtəlif konfranslarda, seminar və simpoziumlarda təmsil olunan alimin əsərləri elmi ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanıb.

Sonra AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov təbiətşünas alimin həyat və fəaliyyətinə dair məruzə ilə çıxış edib. Akademik H.Əliyevin keçdiyi çətin, lakin şərəfli ömür yolundan danışan məruzəçi gənc alimlər üçün örnək olan bu ömrün yarım əsrdən çoxunun ölkəmizdə coğrafiya, torpaqşünaslıq elmlərinin inkişafına və ekologiya məsələlərinə həsr edildiyini diqqətə çatdırıb. Bildirilib ki, akademik H.Əliyev Coğrafiya İnstitutuna rəhbərlik etdiyi illərdə torpaq-ekoloji tədqiqatlara və meşəçilik elminin inkişafına geniş yer verib, Azərbaycanda 40 min hektardan artıq meşə altından çıxmış torpaqlardan daha səmərəli istifadə etməyin yollarını müəyyənləşdirib. Alim ilk dəfə dağ yamaclarında az istifadəli torpaqlarda quru fitomeliorasiya işlərinin həyata keçirilməsinin elmi təşkilini uzun illər araşdırıb, ömrünün sonunadək həmin tədqiqatları davam etdirib.

R.Məmmədov vurğulayıb ki, görkəmli alim hələ sovet dövründə Azərbaycanda beynəlxalq bioloji proqramın işlənib hazırlanmasında iştirak edib. Akademik H.Əliyev Böyük Qafqazın dağ-çəmən torpaqlarını öyrənməklə bütün Qafqazın torpaqlarının yaranması və yayılması qanunauyğunluqlarını araşdırıb.

Sonra ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun “Akademik Həsən Əliyev və Azərbaycanda təbiəti mühafizə” mövzusunda məruzəsi dinlənilib. Nazir təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onun mühafizəsinin təşkili sahəsində alimin fəaliyyəti barədə ətraflı məlumat verib. Həmçinin Azərbaycan təbiətinin, xüsusilə meşələrin qorunması, mühafizəsi və bərpası ilə bağlı gördüyü işlərdən danışıb. Bildirilib ki, akademik Həsən Əliyevin əsərlərində qeyd olunan ekoloji problemlər və onların həlli yolları bütün dövrlər üçün öz aktuallığını saxlamaqdadır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Akademik Həsən Əliyev və UNESCO-nun MAB fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Həsən Əliyevin innovativ fəaliyyətinə toxunan məruzəçi onun UNESCO çərçivəsində “İnsan və Biosfer” Azərbaycan Milli Komitəsinin yaradılması təşəbbüsünü xatırladıb. U.Ələkbərov biomüxtəlifliyin qorunub saxlanması və davamlı inkişafının həyata keçirilməsində bu proqramın əhəmiyyətindən söz açıb.

Konfransda Bakı Dövlət Universitetinin professoru, coğrafiya elmləri doktoru Neron Babaxanov, Coğrafiya İnstitutunun şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İsmayıl Quliyev ömrünün 60 ilə yaxın bir dövrünü elmə həsr edən Həsən Əliyevin şəxsi keyfiyyətləri, təmənnasız xidmətləri, çoxtərəfli elmi, ictimai fəaliyyəti barədə fikirlərini bölüşüblər.

Daha sonra akademik Həsən Əliyev haqqında film nümayiş etdirilib.

Sonda mərhum akademikin oğlu, Əməkdar Memar Rasim Əliyev konfransın təşkilinə görə ailəsi adından AMEA rəhbərliyinə minnətdarlığını bildirib.