15 Dekabr 2017 09:12
337
Səhiyyə
A- A+

İcbari tibbi sığorta: ilk yekunlar və gözləntilər

Keçən il dövlət başçısının Fərmanı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib. Yeni qurumun vəzifəsi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, əhaliyə etibarlı, keyfiyyətli və səmərəli tibbi xidmətlər göstərilməsinə zəmanət verən universal və davamlı tibbi sığortanı təmin etməkdir.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə müsahibəsində Azərbaycanda tibbi sığortanın perspektivləri barədə danışıb. Ə.Əhmədov vurğulayıb ki, icbari tibbi sığortanın tətbiqi ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılmasına yönəlib. O deyib: “Azərbaycan Respublikası Prezidentinin apardığı siyasətin əsas hədəfi əhalinin maddi rifah halının, ümumilikdə sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Eyni zamanda, vətəndaşlarımıza göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması da əsas məqsəddir. Bu baxımdan demək olar ki, icbari tibbi sığortanın tətbiqi nəticəsində əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq. Digər tərəfdən, icbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşdirilməsinin daha müasir formasının yaranmasına imkan verəcək. Nəticədə səhiyyəyə ayrılan dövlət vəsaiti daha səmərəli istifadə olunacaq. Üçüncüsü, icbari tibbi sığortanın tətbiqi ilə bu sferada sosial ədalət prinsipinin daha əhatəli tətbiqinə nail olacağıq”.

2016-cı ilin noyabr ayından İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi saytı işə salınıb, bu saytda icbari tibbi sığorta haqqında, bu sahənin qanunvericilik bazası barədə informasiya yerləşdirilir, vətəndaşları maraqlandıran suallara cavab verilir.

Prezident İlham Əliyevin Fərmanına əsasən, ölkədə icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihəsinin həyata keçirilməsi bu ilin fevral ayından etibarən Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində başlanıb. Dövlət səhiyyə sisteminə daxil olan qurumlar (məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin şöbələri, sanitar-epidemiologiya xidməti, tibbi və əczaçılıq profilli təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər müstəsna olmaqla) pilot layihəsinin həyata keçirilməsi dövründə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilib. Pilot layihəsi ərazilərində rəsmi qeydiyyatda olan və qeydiyyatda olmayan vətəndaşlar üçün təcili və təxirəsalınmaz tibbi yardım, habelə ilkin səhiyyə xidmətləri pulsuzdur. Digər tərəfdən, icbari tibbi sığorta üzrə təqdim olunan pulsuz ambulator və stasionar müalicə xidmətlərindən yalnız pilot ərazilərində rəsmi qeydiyyatda olan vətəndaşlar istifadə edə bilərlər. Agentlik bütün tibbi müəssisələrin xidmətlərinə görə onlara ödənişlər edir. Pilot layihəsi ərazilərində sığortalanmış şəxslərin ümumi sayı 256.401 nəfərdir.

Bu il noyabrın sonu – dekabrın əvvəlində Dövlət Agentliyi pilot layihəsi ərazilərində sağlamlıq həftələri təşkil edib, bu həftələr çərçivəsində əhali arasında hipertoniya, süd vəzisinin və prostat vəzisinin xərçəngi, diabet və başqa xəstəliklərlə əlaqədar müalicə-profilaktika tədbirləri keçirilib. Bundan əlavə, diabet ilə əlaqədar problemlərin tədqiq edilməsi və bu xəstəliyin profilaktikası məqsədilə Agentlik tərəfindən pilot layihəsi ərazilərində diabet məktəbləri yaradılmağa başlanıb.

İcbari tibbi sığortanın tətbiqi sahəsində xarici təcrübə və İTS-nin maliyyələşdirilməsi mexanizmi ilə tanış olmaq, habelə icbari tibbi sığortanın təşkili sahəsində informasiya texnologiyalarının tətbiq edilməsi imkanlarını araşdırmaq məqsədilə dövlət agentliyinin mütəxəssisləri BƏƏ, Türkiyə və Estoniya paytaxtlarına səfər ediblər. Avropa İttifaqının maliyyələşdirdiyi “SOCEİUX” layihəsi çərçivəsində icbari tibbi sığorta və səhiyyə islahatları üzrə ekspertlər Mişel Villak, Erika Riçardson, Andrey Tretyak İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəvəti ilə Bakıya gəliblər. Ekspertlər Agentlikdə keçirilən görüşlərdə dünyada səhiyyənin maliyyələşməsi yolları ilə bağlı təqdimat keçiriblər. İcbari tibbi sığorta sistemində ödəmə metodları, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün aparılmalı olan islahatlar müzakirə mövzusu olub.

İcbari tibbi sığortanın tətbiq edilməsi beynəlxalq təşkilat tərəfindən də dəstəklənib. Məsələn, Avropa İttifaqı bu ildən etibarən Avropa Qonşuluq Siyasəti çərçivəsində icbari tibbi sığorta haqqında Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması məqsədilə tvininq-layihənin həyata keçirilməsinə başlayıb. Layihəyə əsasən, Avropa ölkələrinin mütəxəssisləri və ekspertləri qabaqcıl təcrübə əsasında iki il ərzində Dövlət Agentliyini dəstəkləyəcəklər. İcbari tibbi sığortanın maliyyə alətlərinin formalaşması, tibbi xidmətlər göstərilməsi, tibbi sığortanın baza paketinin işlənib hazırlanması, müvafiq tariflərin müəyyən edilməsi və informasiya işinin lazımi qaydada qurulması üzrə məsləhətləşmələr aparılması planlaşdırılır.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev tvininq-layihənin təqdimatında çıxış edərək bildirib ki, gələn il Azərbaycanda icbari tibbi sığortanın tətbiq ediləcəyi rayonların siyahısı genişləndiriləcək. M.Quliyev daha sonra bildirib: “Ölkənin bütün ərazisində icbari tibbi sığortanın tam həcmdə tətbiq edilməsi barədə yalnız 2019-cu ildə danışmaq olacaq. Pilot layihəsinin həyata keçirilməsini davam etdirmək üçün büdcə vəsaiti ayrılıb. Bundan əlavə, icbari tibbi sığortanın bütün ölkədə tətbiqi mexanizmi hazırlanır. Eyni zamanda, qanunvericiliyə dəyişikliklər edilməsi planlaşdırılır. İcbari tibbi sığortanın bütün ölkədə tətbiq edilməsinə hazır olmaq üçün yaxın vaxtlarda “İcbari tibbi sığorta haqqında” Qanuna əlavələr və dəyişikliklər ediləcək”.

Dövlət Agentliyinin direktoru Zaur Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən vətəndaşların tibbi xidmətlərdən istifadə etməsinin təmin olunması dövlətin sosial siyasətinin əsas məsələlərindən biri, icbari sığortanın tətbiq edilməsi səhiyyə sahəsində islahatların həyata keçirilməsinin ayrılmaz tərkib hissəsidir. Onun sözlərinə görə, icbari tibbi sığorta əhalinin sağlamlığının yaxşılaşdırılması üçün səhiyyə sahəsinə ayrılan vəsaitlərin daha səmərəli istiqamətləndirilməsinə şərait yaradacaq. Bundan əlavə, icbari tibbi sığortanın tətbiq edilməsi səhiyyə sisteminin maliyyə potensialını möhkəmləndirməyə kömək edəcək.

İcbari tibbi sığortanın baza paketinə 1829 növ müayinə, müalicə, diaqnostik prosedurlar, cərrahiyyə əməliyyatları və digər tibbi xidmət daxil edilib. Lakin müalicəsi dövlət proqramları çərçivəsində həyata keçirilən bir sıra xəstəliklər bu paketə daxil deyil. Yaxın illərdə həmin xəstəliklər üzrə icbari tibbi sığortanın təmin edilməsi məsələsinə da baxılacaq.

Pilot layihəsi dövründə həyata keçirilən islahatlar gələcəkdə icbari tibbi sığortanı bütün ölkədə uğurla tətbiq etməyə imkan verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video