Alternative content

21:31 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tüstünün şahı, siqaretin qulu
Tüstünün şahı, siqaretin qulu
ANA SƏHİFƏ / Səhiyyə
12:12 15.12.2017

 

Baş redaktor yanına çağırıb siqaretin ziyanından yazmağı tapşırdı: “Elə yaz ki, heç olmasa bir nəfər tərgitsin!” O saat anladım ki, o bir nəfər kimdir. Başqa kim ola bilərdi ki?! İllərdir ki, atmaq istəyirəm, amma nədənsə alınmır ki, alınmır. Milli Məclis ictimai yerlərdə siqaretin çəkilməsinə və onun bəzi yerlərdə satışına məhdudiyyətlər tətbiq etdi. Əhalinin sağlam düşüncəli təbəqəsi bu qanunların bir qədər də sərtləşdirilməsinin marağındadır, çünki başqa minvalla müsbət nəticə əldə etmək qeyri mümkündür. Belə qanunlar dünyanın əksər ölkələrində qəbul edilir və hətta bəzilərində onu pozanlar həbs edilə də bilər. Cərimələr isə 1000 avronu da keçir!

Müdriklərdən kimsə deyib ki, başqalarını tərbiyələndirmək üçün özün də tərbiyəli olmalısan. Yəni siqaret çəkirsənsə, bu mövzuda yazmağa mənəvi haqqın yoxdur! Amma yazmamaq da olmur! Hələ ki, cəhdlərim boşa gedir. Qayınanam “ürək-dirək verir” ki, atacaqsan, “elə qayınatan da 50 ildir ki, atır”. İkimizdən savayı Yer kürəsində yüz milyonlarla insan tüstünü ciyərlərinə körükləməklə məşğuldur. Görəsən, biz nəyi başa düşmürük, nəyin dərdindən siqaret çəkirik və ümumiyyətlə, o dərd deyilən şeyin siqaretə dəxli varmı?
Dərd o deyil ki, nəyinsə çatmır, ya da problemlərin başından aşır. Heç o da dərd deyil ki, ağır xəstəsən, çarən tapılmır. Arxan yoxdursa, təklənmisənsə, həyat səni qayğıları ilə dalana dirəyibsə, bunu da dərd saymaq olmaz. Kişisənsə çarpışıb qaranlıqlardan aydınlığa çıxmalısan! Ən ağır dərd odur ki, sənə hamı deyir, yol göstərir, lakin sən anlamaq, başa düşmək iqtidarında deyilsən! Şərq müdrikləri deyilən sözü anlamamağı ən böyük dərd sayıblar. Anlamayan da bizik - siqaret çəkənlər!
Özümüzü zəhərləyirik, sağlamlığımıza divan tuturuq, ailə büdcəsini sovurub ciyərlərimizi tüstünün hisində qurudub qaraldırıq, külünü də ahımızla göylərə sovururuq. Vecimizə deyil, xəstələnsək də, ölsək də! Yarım saat siqaret çəkməyəndə əsəblərimiz korlanır, az qalır ki, əl-ayağımız əssin, beynimiz partlasın! Narkotik asılılıq yaxın qohumları, bacı-qardaşı, övladlarımızı necə sarsıntılara məruz qoyduğumuzu anlamağa qoymur. Dostları, iş yoldaşlarını, təəssübümüzü çəkənləri necə pərt etdiyimizi, qanlarını necə qaraltdığımızı başa düşmək iqtidarında deyilik! Aramızda keçilməz sədd ucalır, sanki ayrı dünyaların sakinləriyik. Əksinə, bizə elə gəlir ki, kim “siqareti at” deyirsə, bizimlə qəsdən ədavətə gedir. Şəxsiyyətimiz ikiləşir, üçləşir, siqaretin müdafiəsinə qalxır! İçimizdən qoşun qalxır, hərəsinin əlində də “Siqaret, sən hamıdan və hər şeydən əzizsən!” - şüarı yazılmış tütün rəngli əsgilər dalğalanır. Heç kim deyə bilməz ki, çəkmə! İki dostun arasına girən düşmən olur. Kim dillənsə, gözümüzdən düşəcək, qanımızı qaraldacaq. Hələ acığa düşüb birinin yerinə ikisini çəkəcəyik! Hara ayağımızı qoysaq, hansı məclisdə otursaq, hətta öz evimizdə belə, hamını dilxor edirik.
Siqaret birinci, qalan nə varsa ikincidir. Övlad da, ailə də, dost da arxa plana keçir, əhəmiyyətsiz, cılız və zəif görünür. Heç kimin sözü başına batmır! Tüstü sevdasında Romeo Cülyettadan yana necə zəhəri başına çəkirsə, biz, siqaretin qulları da eləcə tütün, tənbəki eşqinə canımızı tüstüyə fəda edirik. Bəşir Səfəroğlu demişkən “yavaş-yavaş” ölüb gedirik. Kim qarşımızı almaq istəyirsə damarlarımızda, sinirlərimizdəki Təpəgözün tütün hikkəsi, Zevsin nikotin qəzəbi ilə qarşılaşır! Üçbaşlı əjdahaya çevrilib od püskürürük ki, siqaretin ziyanından söz deməyi kimsə ağlına belə gətirməsin! Ona görə ki, nikotin bəd xassəli şiş kimi metastaz verib bütün bədənimizə yayılıb, ruhumuzu əsarətə alıb, iradəmizi, şüurumuzu, sərbəst düşünmək, qərar vermək bacarığımızı qandallayıb, bizi müti köləsinə çevirib.
Bu andıra qalmışın ziyanını onu çəkməyənlərdən min dəfə yaxşı bilsək də, aciz və köməksizik. Guya ki, iradəmiz zəifdir. Təsadüfən tanış olduğum Bəhruz adlı psixoloq gülür: “İradəniz yerindədir. Siz sadəcə girovluqdasınız. Beyninizdəki tüstü necə əmr etsə, elə də fikirləşəcəksiniz. Mahiyyət etibarı ilə aktyorluq edirsiniz, çünki hamınız tənbəki Rembosusunuz”.
Deyəsən, doğrudan da elədir. Əlimizdə siqaretlə özümüzə əzəmətli gəlirik, şəstlə “Hökumət evi”nin qarşısında əvvəllər əlini göyə qaldırıb duran Leninin proletar pozasını alırıq, amma onun müqəvvasına çöndüyümüzü anlamaq iqtidarında deyilik. Sinirlərimiz onun itaətindədir. O tüstü nə sirdirsə bizi yəhərləyib əcələ sarı mahmızlayaraq necə qovursa, ölsək də, dayanmadan dördnala əcələ sarı çapırıq!
Hər şey birinci siqaretdən başlayır. Birinci siqareti yandıranda 40 yaşım vardı. Bir neçə aydan sonra artıq gündə bir qutu siqaret almasaydım, dünyanın işlərini “düzüb qoşa bilməzdim”. Bəhruz həkim razılaşır:
- Çəkən əmindir ki, çəkməyənlərdən daha üstün və daha müdrikdir. Dünyanın gərdişinə daha canıyanandır. Zaman ötdükcə uydurduğu yalan beyninə həqiqət, az qala Quran ayəsi kimi oturur. Toyda, hüzr məclisində, ailədə siqaret çəkəndə elə sanır ki, ondan başqa dünyanın yükünü çəkən yoxdur! İnanmırsınızsa, uzaqdan müşahidə edin, üzlərinin ifadəsinə fikir verin. Biri Sokratdır, o biri Spinoza, axtarsanız içinizdə Ömər Xəyyama da rast gələcəksiniz!
Siqaretin tullantılardan, kağız qırıqlarından hazırlandığını, sonra onlarla zəhərli qatqılar, asılılıq yaradan kimyəvi maddələrlə “çimizdirilib” paketləndiyini bilsək də, təhlükə və ziyanlara sarı atəşə uçan pərvanələr kimi qanadlanırıq.
Kalkulyatoru götürüb nikotinin hamıya vurduğu ziyanları hesablayıram. Özüm 23 il, təxminən 8400 gündür ki, çəkirəm! Orta hesabla gündə siqaretə 3 manat yandırıram. Bu 25 min manatdan artıq puldur. Böyük məbləğdir, heç vaxt o qədər pulu əlimdə tutmamışam. Dünyada statistik məlumatlara görə, əhalinin 22 faizi siqaret çəkir. Belə çıxır ki, Azərbaycanda 2 milyon siqaret çəkən mənimlə birlikdə bu 23 il ərzində 50 milyard manatı yandırıb. Bu bizimlə ədavətdə yaşayan düşmən dövlətin 10-15 illik büdcəsidir. (Amma nəzərə alaq ki, bizim qadınlar nə Avropa, nə də ki türk sayağı siqaretə aludədirlər.)
Hasablamanı davam edək: planetdə 1,3 milyard siqaretçəkənin hər biri orta hesabla gündə 1,5 dollar xərcləsə, bu ildə 700 milyard edir. Belə çıxır ki, dünyadakı “tənbəki qardaşları”mla birlikdə 23 ildə 16 trilyon dolları yandırıb tüstüyə çevirmişik. Bu məbləğin nə olduğunu anlamaq istəyirsinizsə, siz ermənilərin illik büdcəsinə toxunmayın, əlinizi geniş açın, daha da səxavətli olun, kalkulyator götürüb 16 trilyonluq bazarlıq edin. Ürəyiniz istəyən şeyləri alın: kosmik gəmilər, ən bahalı təyyarələr sifariş verin. İmarətlər, villalar, adalar alın, istəsəniz evinizin qabağından qızıl yol döşəyin və neçə min kilometrlik cığır sala bilərsinizsə hesablayın. Boş vaxtınız varsa, siqaret çəkməkdən dünya iqtisadiyyatına dəyən illik 1,4 trilyon dollarlıq ziyanın da alış-verişini edin, ya da kasıb ölkələrə baxın, görün necə əl tuta bilirsiniz.
Şəxsən özüm 23 ildə siqaretə xərclədiyim 25 min manata yaxşı bir maşın alıb sürərdim, 10 il də benzin tökərdim. Amma itirdiklərim tək 25 min manatla bitmir. Siqaret çəkəndən 10 il sonra birinci infarkt əməlli-başlı silkələdi ki, tərgitməyin məsləhətdir, 10 il də keçəndən sonra ikinci infarkt daha sərt qandırdı ki, sağ qalmaq üçün başqa yol yoxdur! Müalicə aldım, işə çıxdım, lakin körfəzdə lövbər salan gəmi kimi halsız-halsız ləngərləyirdim. Baş redaktor pul ayırdı, məni az qala əmrlə həkimə göndərdilər. Məlum oldu ki, siqaretdən ürəyi qidalandıran damarların əksəriyyəti tutulub, açıq cərrahiyyə əməliyyatı yeganə çıxış yolu idi. Sağ qalmağa heç bir faiz də ümid yox idi, nəbz sürətlə düşürdü. Kardiocərrah Anarın komandası 12 saat aramsız mübarizədən sonra məni həyata qaytardılar, 7-8 dəfə də reanimasiyada ölümdən qurtardılar. Amma dünyada hər altı saniyədə bir siqaret çəkən infarktdan ölür. Mən müvəqqəti bəxti gətirənlərdən olsam da, sonuncu əməliyyat da bizə çox baha başa gəldi. Lap aşağı qiymətlərlə hesablayanda iki infarkt, 10 illik müalicə və bir “koranar şuntlama” əməliyyatı 23 ildə çəkdiyim siqaretlərin dəyərinə bərabər məbləği ailə büdcəsindən qasırğa kimi süpürüb apardı. Beləliklə, siqaretlə 23 illik “izdivac” 50 mini haqladı. Azərbaycandakı bir milyon və dünyadakı 1,3 milyard siqaret əsirləri nəyi itirib, nə qazanıblarsa, bir özləri, bir də Allahları bilər! Heç sizə də kalkulyator alıb hesablamağı rəva görmürəm. Xərclər trilyonları aşıb keçəcək.
Reanimasiyada bir yerdə yatarkən ürək xəstələrindən Vidadi adlı birisi deyirdi ki, Anar həkim desə, it kimi hür, küçük kimi zingildə, onu da edəcəyəm. Qardaş, biz çarpayıda uzanıb yatmışıq, dünyadan xəbərimiz olmayıb, amma ailəmiz zülm çəkdi, biz bir dəfə öləcəkdiksə, onlar gündə bizim yerimizə yüz dəfə ölüb dirildilər...
Azərbaycanda bir milyon siqaret çəkən hər gün yorulmadan 9 milyonluq qohum-əqrəbasının əsəbləri ilə oynayır. Belə çıxır ki, planetdə 1,3 milyard siqaret xəstələri də 6 milyarda yaxın qohumlarını zülmə qoyub.
Quranda suları qarışmayan iki dəniz haqqında belə deyilir: birinin suyu çox şirin, digərinin suyu isə olduqca şor olan iki dənizi həm bir-birinə qovuşduran, həm də aralarında bir-birinə qarışmamaq üçün maneə və keçilməz sədd qoyan Odur!
Bu səddi gözlə görmək mümkün deyil, lakin o şirin və duzlu suları ayırmaq gücünə qadirdir! Siqaret çəkənlə çəkməyən də “Həyat” adlı şirin və “Ölüm” adlı acı iki belə dənizin sularında üzürlər. “Ölüm” dənizi ilə “Həyat” dənizi arasındakı sədd gözəgörünməzdir. Siqaret çəkənin də, çəkməyənin də bu gözəgörünməz xəttin üstü ilə yeriməsi mümkün deyil. İki dənizdən birini seçməlisən. Ya həyatı seçib yaşamağa başlayırsan: ümidlərini, arzularını reallaşdırırsan və gələcəyə sarı addımlayırsan. Ya da ruhuna və idrakına tüstüdən saralmış dəmir qandalları vurub ölüm dənizinə atılırsan və öz canın, ağrılarınla əlləşərək boğulursan, ölüb gedirsən.
İllər boyu çəkdiyin əzabların biganə müşahidəçisinə çevrilirsən. Siqaret səni elə əsarətə alır ki, işində, evində, qohum-əqrəbanın yanında gözükölgəli olursan. Hər gün tütün imperiyasına pulunu ödəyib zəhər payını udduqca ölümünlə “Heyvagülü” rəqsini oynayırsan, istəsən də ayrıla bilmirsən.
Siqareti atmaq üçün müxtəlif reseptlər var. Ən təsirlisi haqqında heç vaxt deyilməyib. Sizin tədricən necə məhv olduğunuzu görənlər var. Oğlunuz və qızınız, bacı və qardaşınız, iş yoldaşlarınız və dostlarınız. Sizə aramsız olaraq siqareti tərgitmək istəyənlərin hamısı. Onlar sizin xəstəliklərinizi sizdən yaxşı görürlər. Nikotin ilan kimi damarlarınıza dolub, qanınıza qarışıb, ruhunuzu elə zəhərləyib ki, heç nəyi görmək taqətində deyilsiniz. Səhhətinizə yaxınlarınızın gözləri ilə baxa bilsəniz onları necə sarsıntılara məruz qoyduğunuzu, ruhunuza qənim kəsilən narkotikin quluna çevrildiyinizi aydın görəcəksiniz. Özünüzə söz verin və deyin: “Mən “Ölüm” dənizini tərk edirəm və “Həyat”ı seçirəm! Siqaret və onun təhlükələri o biri dənizdə qaldı. Ölüm onu sevənləri qucaqlayar, məni isə həyatla, doğmalarımla atəşfəşanlığa ucalan nikbin bir ömür gözləyir”.
Həyat və ölüm arasındakı seçim sənindir! Mən ölüm dənizindən həyata sarı dönməyə qərar verdim! Siz də o yolu seçin ki, ruhunuza və ətrafınızdakı insanlara nikbinlik və sevinc bəxş edə biləsiniz.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”