14 Dekabr 2017 12:12
473
Elm və texnika
A- A+

Elmi potensialın formalaşmasında uğurlu mərhələ

 

Müstəqillik tariximizə nəzər salsaq, ölkəmizin digər sahələrində olduğu kimi, elmin inkişafında da dinamizmə nail olmaq məqsədilə gənclərin potensialının düzgün istiqamətləndirilməsi ən ali səviyyədə - ölkə rəhbərliyi miqyasında bir sıra mühüm qərar və sərəncamlarda öz ifadəsini tapmışdır. 

Azərbaycan Prezidenti İlham Əliyevin yeni mərhələdə davam edən gənclər siyasətinin konsepsiyasında da elmi gəncliyin inkişafına diqqət və qayğı xüsusi əhəmiyyət kəsb etmişdir. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının həyata keçirilməsi, ardınca “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi və nəhayət, 2017-ci il sentyabrın 15-də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına dair sərəncamı, həmçinin həmin proqramın məqsəd və vəzifələri göstərir ki, Azərbaycanda gənclər siyasəti zaman və məkan nöqteyi-nəzərindən lakonik və müddətli deyil, məhz dövri xüsusiyyət daşımaqla bərabər, mahiyyətcə genişmiqyaslıdır. Silsilə xarakterli belə dövlət proqramlarında elmlə bağlı, yüksək ixtisaslı kadrların hazırlanması, fundamental və tətbiqi xüsusiyyətli elmi problemlərin həllində onların bilik və bacarıqlarından istifadə edilməsi, həmçinin gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi kimi vacib məsələlərin yer alması respublikada elmlə məşğul olan gənclərin gələcək inkişafında xüsusi stimul yaratmışdır.
İndiyədək həyata keçirilmiş proqramların gənc elm adamlarının inkişafında, xüsusən onların timsalında Azərbaycan elminin dünyaya inteqrasiyasında böyük rolu olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, xüsusi istedad və bacarıqları ilə seçilən alimlərimiz üçün “İlin gənc alimi”, xüsusən Prezident mükafatının təsis edilməsi ümumilikdə analoji yeniliklərin həyata keçirilməsi elmlə məşğul olan gənclər üçün də yeni imkanlar yaratmaqdadır. Bundan başqa, həmin proqramların icrası ilə əlaqədar bir sıra dövlət təşkilatları, o cümlədən Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu da sırf gənclərimizin elmi-yaradıcılıq imkanlarını yüksəltmək, onların dünya elm mərkəzləri ilə təmaslarını genişləndirmək məqsədilə mütəmadi olaraq layihə müsabiqələri elan etmiş və onları reallaşdırmışdır.
Nəticə etibarilə məhz Prezidentin sərəncamları ilə imzalanan öncəki proqramların həyata keçirilməsi ilə əlaqədar AMEA-nın müxtəlif elmi profilli müəssisələrində fəaliyyət göstərən yüzlərlə gənc dünyanın ABŞ, Çin, Yaponiya, Almaniya və s. kimi elmdə böyük nailiyyətlər əldə etmiş ölkələrinin ən qabaqcıl mərkəzlərində uzunmüddətli ixtisasartırma kurslarında, təlimlərdə və digər tədbirlərdə iştirak etmək imkanları qazanmışlar, həmçinin nüfuzlu elmi konfrans, forum, konqreslərdə Azərbaycan elmini layiqincə təbliğ etmişlər. Son on ildə gənclərimiz Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən müsabiqələrdə “İlin gənc alimi” nominasiyasında qalib elan edilmişdir. Artıq 4 ildir ki, ardıcıl olaraq AMEA-nın 4 gənc alimi elm üzrə Prezident mükafatına layiq görülmüşdür.
AMEA rəhbərliyinin elmlə bağlı son illər yürütdüyü siyasət nəticəsində 2013-cü il dekabrın 27-də AMEA Gənc Alim və Mütəxəssislər Şurası təsis olunmuşdur. Şuranın əsas məqsədi akademiya üzrə fəaliyyət göstərən gənclərin elmi potensialının artırılması, müxtəlif təşəbbüslərinin stimullaşdırılması, onlara metodiki, informasiya yardımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, əldə edilən elmi yeniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, elmə axının təmin olunması və s. məsələləri əhatə edir. Şuranın fəaliyyətinə, həmçinin elmin respublika üzrə geniş formatda təbliği və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri də daxil edilmişdir.
AMEA-nın 42 institut və təşkilatlarında fəaliyyət göstərən gənc alim və mütəxəssislər şuralarını (yerli) koordinasiya etməklə ümumilikdə 3000-dən çox üzvü özündə birləşdirən bu şura Prezident İlham Əliyevin imzaladığı dövlət proqramlarının, həmçinin gənclərimizin ümumi inkişafı ilə bağlı gələcəyə baxış konsepsiyalarının, oradakı çağırışların həyata keçirilməsində, AMEA-nın rəhbərliyinin gənclərlə əlaqədar yürütdüyü inkişaf siyasətinin reallaşdırılmasında yaxından iştirak etmiş, elm və təhsilin inteqrasiyası, elmi yaradıcılıq fəaliyyətinin stimullaşdırılması və s. vacib prioritetlərin davamlı inkişafını təmin etmək üçün qeyri-ənənəvi fəaliyyət mexanizmlərini formalaşdıra bilmişdir.
Elmin gənclər arasında yayılması, xüsusi istedad vəd edən perspektivli gənclərin elmə cəlb edilməsi, onların gələcək peşəkar oriyentasiyalarında məhz elmə üstünlük vermələrini təmin etmək məqsədilə şura 4 illik fəaliyyəti dövründə paytaxt və regionlardakı ümumtəhsil ocaqlarında davamlı olaraq elmi-əyləncəli-öyrədici müsabiqələr təşkil etmişdir. Məsələn, şura məktəblilər üçün “Nə, harada, nə zaman?”, “Riyazi məntiq”, fənn olimpiadaları və s. intellektual-elmi müsabiqələr keçirmişdir. Eyni zamanda şagird və tələbələr üçün AMEA-nın institut və təşkilatlarında “Açıq qapı” günlərini təşkil etmişdir.
Dövlət başçısı İlham Əliyev tərəfindən 26 yanvar 2015-ci ildə təsdiqlənən “2015-2025 Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndində də “Yeniyetmələrdə erkən yaşlarında elmə maraq yaradılması” üçün orta məktəblərdə “Elm guşələri”nin təşkili nəzərdə tutulmuşdur. Bununla əlaqədar Gənc Alim və Mütəxəssislər Şurası hələ 2015-ci ildən başlayaraq paytaxtın ümumtəhsil ocaqlarında “Elm guşələri”nin yaradılmasına start vermişdir. AMEA-nın 70 illiyinə həsr olunan ilk guşənin açılışı akademik Zərifə Əliyeva adına liseydə baş tutmuş, daha sonra bu proses genişləndirilərək Heydər Əliyev adına Müasir Təhsil Kompleksində, Bakı Avropa Liseyində və s. ümumtəhsil ocaqlarında açılmışdır.
Bütün bunlarla yanaşı, “Arxeologiya - maddi və mənəvi irsimiz”, “Azərbaycanın qədim mədəni irsi” və s. bu kimi layihələrin ümumtəhsil müəssisələri şagirdləri üçün təşkilində əsas məqsəd böyüməkdə olan gənc nəslin Azərbaycanın milli-mənəvi irsinə münasibətdə doğmalıq hisslərinin gücləndirilməsi ilə bağlı olmuşdur. Bundan əlavə, bir sıra ümumtəhsil ocaqlarında kiçik akademiyalar təsis edilmişdir. Həmin akademiyaların fəaliyyəti gənc alimlərimiz tərəfindən daim nəzarətdə saxlanılır.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri tərəfindən paytaxt Bakı daxil olmaqla Sumqayıt şəhər və Gəncə, Lerik, Quba və s. rayonlarda yerləşən orta məktəb şagirdləri üçün “Heydər Əliyev və Azərbaycan”, “Heydər Əliyev Azərbaycanda multikulturalizm siyasətinin banisidir” və s. mövzularda seminarlar keçirilmişdir.
Şura respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının fakültələr üzrə tələbə elmi cəmiyyətləri ilə də yaxşı əlaqələr qurmuşdur. Elmlə təhsilin inteqrasiyası ilə bağlı belə əlaqələr nəticəsində artıq AMEA-nın bir sıra elmi-tədqiqat müəssisələrində tələbə, magistr və doktorantlar üçün seminarlar, “açıq qapı” günləri və s. təşkil edilmişdir.
Müxtəlif elmi istiqamətlər üzrə araşdırmalar aparan gənc alimlərin, doktorantların, magistrlərin və tədqiqatçıların əldə etdiyi nəticələrdən bəhs edən məqalələrin geniş miqyasda işıqlandırılması məqsədilə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının rəsmi elmi nəşri olan “Gənc Tədqiqatçı” jurnalı 2015-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə təsis edilmişdir. İldə iki dəfə nəşr edilən jurnal Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə pedaqogika elmləri istisna olmaqla qalan bütün elm sahələri üzrə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilmişdir.
Gənc kadr potensialı haqqında dolğun məlumatların sistemləşdirilməsi, kadr hazırlığının səmərəliliyinin yüksəldilməsi, dolğun qərarların qəbulu, müxtəlif təyinatlı təhlillərin aparılması məqsədilə AMEA-da İnformasiya Texnologiyaları İnstitutu tərəfindən yaradılan “Gənc alim” analitik-informasiya sistemi də akademiyanın gənclər siyasətinin monitorinqində, qiymətləndirilməsində və istiqamətləndirilməsində xüsusi əhəmiyyət kəsb edən layihələrdəndir.
Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətində gənclərin fiziki hazırlıqlarının artırılması, onların idmançı ruhunda tərbiyələndirilməsi kimi məsələlər də hər zaman ön planda olmuşdur. Bununla əlaqədar dövri olaraq şura tərəfindən müxtəlif idman yarışları, spartakiadalar təşkil edilmişdir. Belə idman müsabiqələrinə hər il finalı 10 may tarixində - ümummilli lider Heydər Əliyevin doğum günündə keçirilən AMEA-nın gənc alim və mütəxəssislərinin institutlararası futbol çempionatını nümunə göstərmək olar.
İstər universitetlərin, istərsə də müxtəlif nazirliklərin nəzdində fəaliyyət göstərən müxtəlif gənclər təşkilatları var. Ayrı-ayrılıqda baxanda ümumi təşkilatların fəaliyyətində fərdilik, dissiplinarlıq meyilləri müşahidə olunur. Təcrübə göstərir ki, eyniməqsədli fəaliyyətdə uğur qazanmaq qarşılıqlı əlaqələrin qurulmasından keçir. Belə təşkilatların bir araya gətirilməsi, mövcud problemlərin həlli üçün ümumi platformanın təşkili elmi gəncliyin gələcək inkişafında həlledici rol oynaya bilər. Ümumilikdə Azərbaycanda ölkə rəhbərliyinin elm və gənclərlə bağlı siyasətinin həyata keçirilməsində multidissiplinarlığın təmin olunması, müxtəlif təşkilatları təmsil edən gənc alimlər arasında müzakirələrin təşkili və s. bu tip məsələlərin həlli üçün AMEA-nın rəhbərliyi bu il dekabrın 15-də “Azərbaycan Gənc Alimlərinin I Qurultayı”nın keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu təklif həm gənclərin, həm də əlaqədar təşkilatların nümayəndələri tərəfindən rəğbətlə qarşılanmışdır. Azərbaycan elminin gələcəyi üçün çox mühüm əhəmiyyət kəsb edən tədbirin yüksək səviyyədə təşkili və aidiyyəti təşkilatların subyektlərinin iştirakı ilə bağlı məsələlərdə kütləviliyin təmini kimi faktorlara çox həssas yanaşan AMEA rəhbərliyi qurultayın məqsədinə nail olmaq istiqamətində bütün imkan və potensialından yüksək səviyyədə istifadə etməyə çalışır. Qurultay gənc alimlərimizin gələcək peşəkar fəaliyyətləri üçün yeni stimullar formalaşdıracaq.

Famin SALMANOV,
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video