12 Dekabr 2017 04:12
489
Elm və texnika
A- A+

Bilik Fondunun “Ekran və efirdə ədəbi dil normaları” layihəsinin ilkin mərhələsi yekunlaşıb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun informasiya təminatı sektorunun oktyabrın 10-da başladığı “Ekran və efirdə ədəbi dil normaları” üçaylıq layihəsinin ilkin mərhələsi başa çatıb.

Fonddan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının dəstək verdiyi layihənin ilkin mərhələsi əsasən televiziyalarda reallaşıb. Mühazirə və təlimlər Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun, Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor və müəllimlərinin, eləcə də təcrübəli jurnalistlərin iştirakı ilə keçirilib.

"Xəzər" televiziyasının redaktorları, xəbərlər proqramlarının aparıcıları və müxbirlər üçün Dilçilik İnstitutunun terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova "Nitq mədəniyyəti və norma. Natiqlik sənətinə verilən tələblər", müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Məmmədova "Televiziya və ədəbi dil normaları", BDU-nun filologiya fakültəsi Azərbaycan dilçiliyi kafedrasının müəllimi Təranə İsmayılova "Azərbaycan teleməkanında ədəbi dil normalarının qorunması: fonetik və qrammatik qaydalar", kafedranın baş müəllimi Mehriban Əlizadə "Azərbaycan teleməkanında ədəbi dil normalarının qorunması: leksik və üslubi qaydalar", BDU-nun jurnalistika fakültəsinin professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli "Nitq mədəniyyəti anlayışı. Televiziya aparıcılarının danışıq xüsusiyyətləri", Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasının müdiri, dosent, Əməkdar Artist Azad Şükürov "Danışıq texnikası (tənəffüs, səs, diksiya)" və "Danışıq zamanı orfoepiya qanunlarına əməl olunması problemləri" mövzularında təlimlər keçiblər.

“Kəpəz ARB” Müstəqil Teleradio Şirkətində isə "Danışıq texnikası (tənəffüs, səs, diksiya)" və "Danışıq zamanı orfoepiya qanunlarına əməl olunması problemləri", "Telekanallarda üslub xətalarının aradan qaldırılması", "Terminlər, neologizmlər, xüsusi adlar və abbreviaturalardan efirdə şifahi və yazılı formada istifadə qaydaları" mövzularında praktik təlimlər təşkil edilib.

Təlimçilər yalnız televiziyalarda deyil, başqa tədris, təhsil mərkəzlərində də görüşlər keçiriblər. Dilçilik İnstitutunun təmsilçilərinin Gəncənin M.C.Paşayev adına 39 nömrəli və M.Mehdizadə adına 4 nömrəli tam orta məktəblərində şagird və müəllim kollektivi ilə "Azərbaycan dilinin saflığının qorunmasında təhsil müəssisələrinin rolu” mövzusunda görüşləri olub.

Sonuncu təlimlər "Lider" televiziyasında təşkil olunub. Gələn ildən digər telekanalların da layihədə iştirakı nəzərdə tutulub.

Layihə çərçivəsində keçirilən təlimlər barədə mətbuatda müxtəlif səpkili yazılar dərc olunub. Həm xəbərlərdə, həm də mütəxəssislərin açıqlamalarında layihənin effektivlik dərəcəsi yüksək dəyərləndirilib, Azərbaycan dilinin saflaşmasında medianın rolunun düzgün qiymətləndirilməsinin vacibliyi vurğulanıb, jurnalistlərin təcrübi təlimlərə ehtiyac duyduqları bildirilib. Professor Nəsir Əhmədlinin dediklərindən: “Bilik Fondunun televiziya verilişlərinin dili və üslubu ilə bağlı gerçəkləşdirdiyi layihə çox önəmlidir. Bu sahənin mütəxəssisləri müxtəlif kanalların yaradıcı əməkdaşları ilə görüşərək onlarla ədəbi dil normaları ətrafında müzakirələr aparır, dilçilik sahəsində olan yeniliklərdən söhbət açır, mübahisəli məsələlərə aydınlıq gətirirlər. Bu layihənin mütəmadi olaraq davam etdirilməsi çox vacibdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video