Alternative content

18:31 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Açıq gözlə yerinə yetirməyin mümkün olmadığı və hər dəfəsində “sağlam ol!” deyilən refleks
Açıq gözlə yerinə yetirməyin mümkün olmadığı və hər dəfəsində “sağlam ol!” deyilən refleks
ANA SƏHİFƏ / Səhiyyə
05:12 11.12.2017

Ətrafda kimsə asqıranda “sağlam ol!” söyləyirik. Böyük Afina taunu zamanı asqıranlara “Allah səni qorusun!” deyirdilər, çünki həmin vaxtlar asqırma tauna yoluxmanın ilkin əlaməti kimi qiymətləndirilirdi. Asqırma öldürücü xəstəliyin yayılmasına şərait yaradırdı. Həmin ifadə sonralar Romaya, oradan da İngiltərəyə keçib.

AZƏRTAC xəbər verir ki, asqırma sadə bir refleks olsa da, həmin proses zamanı orqanizmin bir çox üzvləri fəaliyyətdə olur. Asqırma bir refleks olaraq burun boşluğuna düşən yad cismin, yəni toz, tozcuq, istiot, tüstü, bakteriya, virus və s. maddə və qıcıqlandırıcıların xaric olmasını təmin edir.

Asqırma həm mühit, kəskin qoxular, havanın kəskin dəyişməsi, xüsusilə soyuq hava və parlaq gün işığına qarşı yarana bilər. Yad agentlər qıcıqlanma yaradır və informasiya beyinə ötürülür, beyin aldığı informasiyanı döş və qarın əzələlərinə, səs telləri, boyun, üz və gözlərə ötürür. Asqıran zaman spontan olaraq ağız və burun boşluğundan hava xaric olur, nəticədə spesifik səs yaranır. Həmin vaxt xaric olan havanın təzyiqi 100 mm civə sütunu, səs yarığı səviyyəsində xaric olan havanın sürəti saniyədə 50-120 metr olur.

Asqırmaq bədənin rahatlaşmasına, dincəlməsinə, bəzi mikrobların uzaqlaşmasına və sağlamlığa səbəb olur. Asqırma aktı uzunsov beyin səviyyəsində retikulyar formasiya ilə tənzimlənir. Bilbar iflic zamanı asqırma refleksi pozulur.

“Fotik asqırıq təsiri” adlandırılan çox təhlükəli və avtomobil sürücülərində daha çox rast gəlinən asqırmaq növü mövcuddur. Bir müddət tuneldə gedəndən sonra çölə çıxarkən parlaq bir işığın gözə düşməsi zamanı da asqırma baş verə bilir. İngilis filosofu Frensis Bekon işığın beyindəki mayenin çəkilməsinə şərait yaratdığı, bunun nəticəsində də göz yaşlarının ağır bir şəkildə axdığını və bütün bunların asqırma gücünü artırdığını qeyd edirdi.

İngilis alimi Gerald Leqq daha əsaslı şəkildə elmə istinad edərək açıqlama vermişdir. Qəflətən işığın yanmasından sonra göz bəbəkləri kiçilir və bunun nəticəsində göz yaşı vəziləri göz yaşı mayesinin ifrazını artırır. Göz yaşı kanalla burun boşluğunun yuxarı hissəsinə çatır, burunun içərisindəki selikli qişa soyuqdəymə zamanı onsuz da həssas olur, təkandan sonra isə onun həssaslığı daha da artır.

Hindistan tədqiqatçısı N. Deşmux bu cür asqırmağı elektrik hadisəsi ilə əlaqələndirir. Görmə siniri və bununla əlaqəli olan üçlü sinir, beyində bir-birinə o qədər yaxın yerləşir ki, qıcıqlanan zaman impulslar bir sinirdən digərinə asanlıqla ötürülür.

Vaşinqton əczaçılıq fakültəsinin professoru Roberta Paqan asqıraq tutmasının irsi olduğunu müəyyən edib. Onun qənaətinə görə, bəzi ailə üzvlərinin 3, bəzilərinin 8 dəfə asqırması genlərlə ötürüldüyünə işarədir.

Hava burundan saatda 150 kilometr sürətlə çıxır və 40 minə qədər selik damlası xaric edilir. Həmin fizioloji reaksiya təxminən 90 trilyon qan hüceyrəsinin bir axınla hərəkət etməsi nəticəsində baş verir. Alimlərin hesablamalarına görə, əgər havanın hamısı bədəndə olduğu təsirdə qalsaydı, onun gücü insanı 4 metr hündürlüyə qaldıra bilərdi. Asqırma zamanı hava 2-3 metr məsafəyə qədər, xaric olan bakteriyalar isə hava kütləsi ilə 45 metr əraziyə qədər yayıla bilir.

Yuxuda asqırma baş vermir, çünki həmin refleksin yaranması üçün impulslar baş beyinə ötürülməlidir. Yuxuda isə impulslar baş beyinə ötürülmür. Asqırma zamanı ürək dayanmır, döş qəfəsində müsbət təzyiq yarandığına görə ürək döyüntüləri və qan dövranı dəyişir. Asqırma yaranarsa, onun qarşısını almaq lazım deyil, bu, emfizema, boğazda diskomfort hallara aparıb çıxara və ciddi fəsadlara səbəb ola bilər.