09 Dekabr 2017 12:12
239
Təhsil
A- A+

Bakı Slavyan Universitetində müzakirələr: “XXI əsr-dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası”

 

Dekabrın 8-də Bakı Slavyan Universitetində (BSU) “XXI əsr - dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası” mövzusunda beynəlxalq “dəyirmi masa” keçirilib. 

AZƏRTAC xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə BSU-nun rektoru professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, universitetdə fəaliyyət göstərən 11 tədris və mədəniyyət mərkəzi barədə məlumat verib. XXI əsrdə Azərbaycan təhsil sistemində bir sıra nailiyyətlərin əldə olunduğunu deyən rektor bəşər sivilizasiyasına böyük töhfələr bəxş etmiş xalqımızın zəngin maarifçilik ənənələri, pedaqoji fikir tarixi ilə qürur duyduğunu bildirib. Azərbaycanın bütün sahələr üzrə inkişaf tendensiyasından söz açan N.Əliyeva diqqətə çatdırıb ki, bu istiqamətlərin nə qədər şəffaf və anlaşılan olması göz qabağındadır. Azərbaycanda hökm sürən multikultural mühitdən, tolerant dəyərlərdən söhbət açan rektor diqqətə çatdırıb ki, multikulturalizm ənənələrinin ölkəmizin dövlətçilik prinsiplərində aparıcı yer tutması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Multikulturalizmin mərkəzi sayılan BSU-da əcnəbi tələbələrin təhsillərinin mükəmməlləşdirilməsi istiqamətində hər cür şəraitin yaradıldığını vurğulayan N.Əliyeva deyib: “Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan təhsili və mədəniyyəti sürətlə inkişaf edərək dünyaya inteqrasiya olunmağa başlayıb. Qısa vaxtda ölkəmizin yüksək iqtisadi inkişafa nail olması, beynəlxalq miqyasda əhəmiyyətli təşəbbüslərlə çıxış edən demokratik dövlət kimi tanınması, əhalinin maddi rifahının gündən-günə yüksəlməsi və qarşıya qoyulan digər önəmli məsələlərin həyata keçməsi respublikamızın tərəqqisinin göstəricisidir. Əlbəttə ki, ümumi inkişaf prosesi ölkənin ali və ümumtəhsil sistemində də özünü göstərir. Bu sahədə həyata keçirilən zəruri tədbirlər, atılan uğurlu addımlar, Prezident İlham Əliyev tərəfindən imzalanan sənədlər müasir təhsilin də keyfiyyətinin yüksəlməsinə səbəb olub”.
Əsrin aktual mövzusuna həsr olunan “dəyirmi masa”nın mahiyyətindən danışan rektor bildirib ki, təhsil sahəsi çoxpilləli və çoxşaxəli olduğundan tədbirdə müzakirələr zamanı mövcud və həlli mümkün olan təhsil problemlərinə toxunulacaq.
Tədbirin moderatoru, Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos “dəyirmi masa”nın mövzusunun aktuallığını qeyd edib. Bildirilib ki, hazırda ən zəruri amil hesab edilən müasir təhsil sistemi cəmiyyətin ayrılmaz sahəsidir. Səfir Azərbaycan ilə Yunanıstan arasında təhsil əlaqələrinin qurulmasında aparıcı rol oynayan BSU-nun fəaliyyətini yüksək dəyərləndirib. O, belə mühüm tədbirin Azərbaycanda beynəlxalq təhsilin inkişafında aparıcı rol oynayan BSU-da təşkilindən məmnunluğunu bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral vurğulayıb ki, ölkəmizdə təhsil sisteminin inkişafı respublikada bir çox sahələrdə nailiyyətlərin əldə edilməsinə səbəb olur. Beynəlxalq təhsil amilinin hər bir fərdə təsir etmək gücünə malik olduğunu söyləyən səfir bunun müsbət nəticəsini sivil cəmiyyətin bütün inkişaf mərhələlərində görməyin mümkünlüyünü diqqətə çatdırıb. Dünyada tüğyan edən terrorizmdən danışan E.Özoral Dağlıq Qarabağ problemi barədə məlumat verib. O, münaqişə nəticəsində ermənilər tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad ediləcəyinə əminliyini bildirib. BSU ilə Türkiyənin nüfuzlu təhsil ocaqları arasında əməkdaşlığın getdikcə daha da möhkəmləndiyini vurğulayan səfir burada türkiyəşünaslıq üzrə təhsil alan tələbələr üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlığını ifadə edib.
Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşev ölkələrimiz arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan ilə Rusiya arasında humanitar münasibətlər müvafiq sahədə əməkdaşlıq proqramları ilə tənzimlənir. O.Muraşev ölkələrimizin mədəniyyət nazirlikləri arasında hər il yenilənən əməkdaşlıq proqramlarının, təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında protokolların mövcudluğunu xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, BSU Azərbaycanda rus dilinin və rusdilli təhsilin yüksək inkişafı sahəsində danılmaz xidməti olan qabaqcıl universitetdir. Azərbaycan ilə Rusiyanı çoxəsrlik dostluq ənənələrinin bağladığını deyən O.Muraşev ötən 25 il ərzində təhsil və mədəniyyət kimi qiymətli irsin qorunub saxlandığını, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırıldığını söyləyib.
Polşanın Azərbaycandakı səfiri Marek Tsalka ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlərin olduğunu bildirib. Ölkələrimiz arasında etibarlı əməkdaşlığın təhsil və mədəniyyət sahəsində özünü daha qabarıq büruzə verdiyini deyən M.Tsalka Azərbaycanda beynəlxalq təhsil standartlarına cavab verən belə bir ali məktəbin olmasını sevindirici hal kimi dəyərləndirib. Səfir BSU-da polyakşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə dərs deməyə maraq göstərən polyak müəllimlərin sayının ildən-ilə artmasının gənclərin mütəxəssis olaraq yetişməsində müsbət töhfə verəcəyini qeyd edib.
Çexiyanın ölkəmizdəki səfirinin müavini Petr Vaqner ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafında atılan addımları və çex dilinin BSU-da tədrisini yüksək dəyərləndirib. Səfirlik tərəfindən Azərbaycanda məhsuldar görüşlərin keçirdiyini bildirən P.Vaqner ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. BSU-da çex dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərməsindən məmnunluğunu bildirən səfir bu qurumun Çexiya universitetləri ilə müvafiq sahədə əməkdaşlığının təqdirəlayiq olduğunu deyib.
Mövzu ilə bağlı fikirlərini bölüşən Bolqarıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Yanko Yanakiyev ölkələrimiz arasında təhsil, o cümlədən mədəniyyət sahəsində ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. Azərbaycan ilə Bolqarıstan arasındakı dostluq və qardaşlığın tarixi köklərindən söz açan Y.Yanakiyev qeyd edib ki, BSU-da bolqar dilinin, tarixinin və mədəniyyətinin tədrisi bu ölkədə təhsillə yanaşı, mədəniyyət istiqamətində də inkişafın yüksək olmasından xəbər verir. Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu barədə məlumat verən Y.Yanakiyev bütün bu sadalananları təhsil və mədəniyyətin harmoniyası kimi səciyyələndirib.
Sonra tədbir iştirakçıları BSU-da fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzləri ilə tanış olublar.
BSU-nun foyesində universitetin “Arzu” rəqs ansamblının ifasında Azərbaycan, türk, Ukrayna, Belarus, yunan, bolqar, polyak xalqlarına məxsus milli rəqslər nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video