06 Dekabr 2017 09:12
1219
Birinci vitse-prezident
A- A+

Maştağa Mədəniyyət Mərkəzinin yeni binası istifadəyə verilib Birinci vitse-prezident Mehriban Əliyeva açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 6-da Xalq Artisti Hacıağa Abbasovun adını daşıyan Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birinci vitse-prezidentə məlumat verdi ki, uzun müddətdir istismarda olan əvvəlki bina müasir tələblərə cavab vermirdi. Burada əməkdaşların fəaliyyət göstərməsi və proqramların hazırlanması üçün lazımi şərait yox idi. Buna görə də Maştağa Mədəniyyət Mərkəzi üçün yeni binanın tikilməsi qərara alındı. Qısa vaxtda yüksək keyfiyyətlə inşa olunan bina indi 250 tamaşaçı yerlik zalı və müasir səhnəsi ilə qapılarını sənətsevərlərin üzünə açır.

Son illərdə ölkədə mədəniyyətin inkişafı ilə bağlı həyata keçirilən layihələrin bariz nümunəsinə çevrilən bu mədəniyyət ocağının yeni binasının tikilməsi, ilk növbədə, gənc nəsil arasında zəngin Azərbaycan incəsənətinin, bütövlükdə mədəniyyətinin təbliği işinə xidmət edir. Digər tərəfdən də bu hadisə mədəniyyətin inkişafının, onun infrastrukturunun yaradılmasının hər zaman Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu göstərir.

Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, 1800 kvadratmetr sahəsi olan Maştağa Mədəniyyət Mərkəzində hazırda kino zalı, heykəltəraşlıq, tətbiqi incəsənət, rəssamlıq, evdarlıq, rəqs dərnəkləri, kompüter və ədəbiyyat otaqları fəaliyyət göstərir. Burada “Azərbaycan filmləri” həftələrinin də keçirilməsi planlaşdırılır.

Əvvəllər Maştağa Mədəniyyət Evi adlanan bu Mərkəzin əsası 1921-ci ildə qoyulub. O dövrdə görkəmli teatr xadimlərinin tamaşaları Bakının bütün kənd və qəsəbələrində olduğu kimi, Maştağada da maraqla qarşılanır, orada yaradılan dram dərnəyinin hazırladığı tamaşalara böyük axın müşahidə olunurdu. Tezliklə bu tamaşaların sorağı Maştağa ilə yanaşı, Bakının digər kəndlərindən - Bilgəh, Nardaran, Buzovna və Mərdəkandan gəlməyə başladı, bununla da əhali arasında geniş mədəni-maarif işlərinə start verildi.

Ötən əsrin 50-ci illərindən başlayaraq bu mədəniyyət evinin fəaliyyəti daha da genişlənib, burada xalq çalğı alətləri ansamblı, həmçinin Poeziya Teatrı yaradılıb. 1980-ci illərdə isə Maştağa Mədəniyyət Evi klassik poeziya həvəskarlarının toplaşdığı əsas məkanlardan birinə çevrilib. Burada yaradılan müxtəlif studiyalarda musiqiçilərin çıxışları əhali arasında böyük populyarlıq qazanıb. O dövrdə burada Üzeyir Hacıbəylinin 100 illiyi münasibətilə “Leyli və Məcnun” əsəri səhnəyə qoyulub. 1987-ci ildən bu mədəniyyət ocağında Kukla Teatrı da fəaliyyət göstərir.

Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva burada mütəmadi olaraq müxtəlif maraqlı proqramların təşkil edilməsi ilə bağlı tapşırıqlarını verdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video