Noyabrın 28-də Milli Məclisin aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Eldar İbrahimov gündəlikdəki məsələlərlə bağlı məlumat verib.
Əvvəlcə Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında sənədə baxılıb. Qeyd olunub ki, dəyişikliklərə əsasən torpaq qanunvericiliyinin pozulmasına görə toplanan cərimələrin bir hissəsi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə onların hesablarına köçürüləcək.
Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini - Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə gündəlikdəki növbəti dörd məsələni - “Meliorasiya və irriqasiya haqqında”, “Toxumçuluq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Taxıl haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədləri birlikdə təqdim edib. Qeyd olunub ki, bu qanun layihələrində olan dəyişikliklər İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə edilib. Belə ki, qanun layihələrində müəyyən edilmiş sahələrlə bağlı nöqsanlar üzrə inzibati məsuliyyətlər müəyyən edilərək sadalanır.
Sonra “Torpaqların münbitliyi haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı məsələlərə baxılıb. Bildirilib ki, bu sənədlərdəki dəyişikliklərin əsas məqsədi əkin yerlərinin, xüsusilə də taxıl biçinindən sonra kövşənliklərin yandırılması hallarının, bununla bağlı baş verən fəsadların qarşısının alınması üçün müvafiq məsuliyyət növünün müəyyən edilməsindən ibarətdir.
Deputatlar Tahir Süleymanov, Aydın Hüseynov, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Hüseynbala Mirələmov, Mahir Aslanov, İqbal Məmmədov və Elçin Quliyev müzakirə edilən sənədlərlə bağlı fikirlərini bildiriblər.
Ətraflı fikir mübadiləsindən sonra sənədlərin Milli Məclisin plenar iclasının gündəliyinə çıxarılması qərara alınıb.