28 Noyabr 2017 05:11
526
Səfərlər
A- A+

Ağcabədi rayonunda yeni çörək və un məmulatları zavodunun açılışı olub

Noyabrın 28-də Ağcabədi rayonunda yeni çörək və un məmulatları zavodunun açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Prezident İlham Əliyevin yürütdüyü sənayeləşmə siyasətinə əsasən, qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni sənaye məhsulları istehsalı sahələrinin yaradılması, regionların sənaye potensialının gücləndirilməsi və sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də dövlətimizin başçısının tapşırığına uyğun olaraq, ölkəmizdə dövlətin güzəştli kreditləri hesabına ən müasir texnologiya və avadanlıqlar əsasında çörək istehsalı müəssisələrinin yaradılmasıdır. Beynəlxalq standartlara cavab verən qabaqcıl texnologiyaların tətbiqi çörəkbişirmə sənayesində maya dəyərinin aşağı düşməsinə, keyfiyyətin yüksəlməsinə və çeşidin artmasına imkan yaradır. Son illər dövlətin güzəştli kreditləri hesabına müasir çörək zavodlarının yaradılması onu deməyə əsas verir ki, ölkədə çörəkbişirmə sənayesi dünyanın ən son texnologiyaları əsasında yenidən qurulur. Bu müəssisələrdə istehsal edilən məhsullar keyfiyyəti ilə seçilir, tez bir zamanda istehlakçıların rəğbətini qazanır. Bu layihələr ölkəmizin iqtisadi potensialını artırmaq, bölgələrdə mövcud sosial-iqtisadi infrastrukturu inkişaf etdirməklə yanaşı, həm də yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayır. Ağcabədidə yeni çörək və un məmulatları zavodu da bu baxımdan mühüm əhəmiyyətə malikdir.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, hazırda Azərbaycanda gündəlik istehsal gücü 2,2 min ton olan 160-dan çox çörək istehsalı müəssisəsi fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 113,3 milyon manat, gündəlik istehsal gücü 827,6 ton olan 30 çörək zavodunun tikintisinə, müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 54 milyon manat güzəştli kredit verilib. Bu müəssisələrdən gündəlik istehsal gücü 443,6 ton olan 13-ü Bakının qəsəbələrində, gündəlik istehsal gücü 384 ton olan 17-si isə regionlardadır. Regionlarda yaradılan və müasir avadanlıqla təchiz olunan çörək zavodlarından biri də “Cahidoğlu” MMC-nin Ağcabədi çörək və un məmulatları zavodudur.

Bildirildi ki, altı hektar ərazidə yerləşən zavod iki istehsal sahəsindən ibarətdir. Ümumi dəyəri 4 milyon manat olan zavodun qurulmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,4 milyon manat güzəştli kredit verilib. Gündəlik istehsal gücü 20 ton olan zavodda 2 çörək istehsalı xətti, un məmulatları və qablaşdırma avadanlığı quraşdırılıb. Zavodda 7 növ çörək və 20 çeşiddə un məmulatları istehsal olunur. Gələcəkdə məhsulun çeşidinin daha da artırılması nəzərdə tutulub. İstehsal olunan çörək “Ağcabədi çörəyi” brendi ilə istehlakçılara təqdim edilir.

Prezident İlham Əliyev müəssisəni işə saldı, istehsal prosesinə və hazır məhsullara baxdı.

Diqqətə çatdırıldı ki, zavodda istehsal prosesi tam avtomatlaşdırılıb. Belə ki, xüsusi nəqliyyat vasitələri ilə un zavoda gətirilərək anbara boşaldılır. Bundan sonra istehsal prosesində xəmirin mayalanması üçün süd emalından alınan pendir suyundan istifadə olunur ki, bu da istehsal edilən çörək və müxtəlif çeşidli un məmulatlarının daha dadlı və keyfiyyətli olmasına, eləcə də məhsulların saxlanma müddətinin artmasına şərait yaradır. Xəmirin mayalandırılmasında istifadə olunan pendir suyunun xammal bazasının yaradılması üçün gələcəkdə süd emalı sahəsinin təşkili nəzərdə tutulur. İstehsal olunan məhsulların istehlakçılara çatdırılması üçün kifayət qədər nəqliyyat vasitələri alınıb. Zavodda 50-dək yeni iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 400 manat təşkil edir.

Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham ƏLİYEV: Sizi təbrik edirəm, sağ olun.

İŞÇİLƏR: Çox sağ olun. Allah köməyiniz olsun. Xeyir iş görmüsünüz, hamı işləyir.

Prezident İlham ƏLİYEV: Bəli, müəssisə daha da genişləndirilməlidir. Daha da çox iş yerləri açılacaq.

İŞÇİLƏR: Sağ olun. Allah Sizi qorusun. Çox minnətdarıq, cənab Prezident.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video