26 Noyabr 2017 12:11
515
Elm və texnika
A- A+

Kiberqoşunlar: “əjdaha”ların döyüşü...

 

İnternet məkanında törədilən cinayətlərin, “terror aktları”nın və hücumların rəngbərəng çələngi dünya düzənində artıq yeni və qaydasız virtual cahan savaşının getdiyini deməyə əsas verir. Kibermüharibələrdən dünya iqtisadiyyatına dəyən ziyan yüz milyardlarla ölçülsə də, kimin kimə zərbə endirdiyi heç də həmişə aydın olmur: üzdə hamı dostdur, hamı kiberhücumları birgə dəf etmək haqqında qərarlar qəbul edir, müzakirələr aparır, arxada - internet məkanında isə bir-biri ilə amansız savaşa çıxan, kiberreketlik edən, kiberterror törədən, kiberhücum aktları həyata keçirən adsız-ünvansız düşmənlərin barışmaz müharibəsi gedir. 

Müstəqilliyini ötən əsrin sonlarında bərpa edən Azərbaycan da bu proseslərdən kənarda deyil. Ölkəmizin müvafiq qurumları kibermühitdə baş verən təhlükələri daim izləyir, qabaqlayıcı tədbirlər görür, hadisələrin nəzarətdən çıxmasına imkan vermirlər. İşğalçı Ermənistanla müharibə vəziyyətində olduğumuzu nəzərə alsaq, düşmən tərəfin uğursuz internet hücumlarını xatırlasaq, kibermühitdə baş verən hadisələrin bizim üçün xüsusi əhəmiyyət kəsb etdiyini başa düşəcəyik.
Qeyd etmək lazımdır ki, virtual məkanda aparılan kibermüharibələrin real fəsadlarını üzə çıxarmaq, savaşan tərəflərin müəmmalı kimliyi haqqında təxmini də olsa məlumatları aydınlaşdırmaq üçün bütün ölkələrdə ciddi iş aparılır, analizlər edilir və belə hücumların qarşısının birgə alınması üçün dövlətlər arasında razılaşdırılmış tədbirlər həyata keçirilir.
Məsələ bundadır ki, çox vaxt baş verən hücumların arxasında kiberqoşunların, əks-kəşfiyyat idarələrinin, cinayətkar haker qruplarının, terrorçuların və ya yalquzaq hakerlərin dayandığını bilmək olmur. Bir çox hallarda isə, ümumiyyətlə, zərbənin kim tərəfindən endirildiyini belə təyin etmək çətinləşir. Amma o da reallıqdır ki, internet məkanında ən böyük gücə müxtəlif ölkələrin rəsmi kiberqoşunları malikdir.
Kibermüharibələrin baş qəhrəmanları, nağılların dili ilə desək, “əjdaha”ları kiberqoşunlardır. Dünya iqtisadiyyatı kiberhücum və kiberterror zərbələri nəticəsində böyük itkilərə məruz qalır. Biznesin informasiya şəbəkələrinə internet qoşulmaları ilə bağlı hücumların sayı artdıqca törədilən cinayətlərin miqdarı və miqyası da genişlənir - dövlət sirlərinin, əmlakın, müasir texnologiya və kəşflərin oğurlanması, şəxsi məlumatların toxunulmazlığı və s. Kibercinayətkarlıq artıq sənayenin “qanunsuz övlad”ı kimi ayaq tutub yeriyir, ticarətə, rəqabət qabiliyyətinə və yeni texnologiyalara təcavüz edir. İnternatura məlumat verir ki, bu ziyanlar ölkələrin əksəriyyətinin ÜDM-indən artıqdır. Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin (CSIS) 2013-cü ildəki məlumatlarına görə, kibercinayətkarların dünya iqtisadiyyatına vurduğu zərər 450 milyard dollara yaxınlaşır.
Vəziyyətin ildən-ilə ağırlaşması dünyanın inkişaf etmiş ölkələrini bir araya gəlməyə, vahid, razılaşdırılmış mübarizə sistemləri yaratmağa məcbur edir. NATO kimi nəhəng alyans kiberhücumların artan təhlükələrini təkrar-təkrar qeyd edərək üzv dövlətlərin, həmçinin ayrı-ayrılıqda BMT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla birlikdə vahid kibermüdafiənin təşkilinin vacibliyini gündəmə gətirir.
Onilliklərdir ki, kiberqoşunların yaradılması ciddi müzakirə mövzusuna çevrilmişdir. Artıq ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniyada yaradılan kiberqoşunlar tam gücü ilə fəaliyyətdədir. Ümumiyyətlə, bu gün 100-dən artıq dövlətin kiberqoşunları və kiberbölmələri mövcuddur.
Lakin “Sən saydığını say, gör fələk nə sayır” atalar sözündə olduğu kimi, müdafiə niyyəti ilə yaradılan kiberqoşunlar eyni zamanda kibersilahlar hazırlayır, göz qırpımında müdafiədən hücuma keçirlər. İnternet resurslarında belə zərbələr haqqında mütəmadi məlumatlar yerləşdirilir. Onlardan bəzilərini nəzərdən keçirmək yerinə düşərdi: 2009-cu ildə Çin hakerləri ABŞ-ın ən nəhəng internet-portallarına, əsasən də “Google”a hücum edərək kampaniyaların internet kodları, eləcə də hələ istehsal olunmayan məhsullar haqqında məlumatları ələ keçirməyə cəhd etmişlər. O vaxt həmin silsilə hücumların “Cin Azadlıq Ordusu”na yaxın strukturlardan həyata keçirildiyi güman edilirdi. “Avrora” adlı bu əməliyyatın həyata keçirildiyi yarım il ərzində “Juniper Networks Rackspace”, “Northrop Grumman”, “Adobe Systems”, “Morgan Stanley”, “Yahoo”, “Google” kimi nəhəng şirkətlər ciddi ziyanlara düşmüşlər. Yenə də 2009-cu ildə Çindən Şimali Koreyanın dövlət, bank və xəbər saytlarına təşkil edilən hücumlar pik həddinə çatmışdı. Prezidentin, parlamentin, Müdafiə Nazirliyinin, aparıcı KİV-in 20-dən artıq saytı hücuma məruz qalmışdı. Bu ünvanlara saysız sorğular kimi göndərilən xüsusi viruslar Şimali Koreyanın vacib dövlət saytlarını iflic etmişdi. 2009-cu il kiberhücumlarla bir də ona görə yadda qalmışdır ki, 100-dən çox ölkədə diplomatik missiyalara və beynəlxalq qurumlara casus şəbəkələrindən zərbələr endirilmişdi. Məqsəd məxfi məlumatları ələ keçirmək və casusluq idi. Çox güman ki, bu hücumların bir qismi kiberqoşunlar tərəfindən həyata keçirilmişdi.
2010-cu ilin “Stuxnet” adlı kiberhücumu isə əsrin ən nəhəng hadisəsi sayılır. “New York Times” məşhur nəşrinin əməkdaşlarının məlumatına görə, bu hücum İsrail və ABŞ xüsusi xidmət orqanları tərəfindən həyata keçirilərkən İranın nüvə proqramını sabotaj etməli idi. “Stuxnet” virusu İran kompüterlərinin 60 faizdən çoxunu, eyni zamanda Avropa və Asiya ölkələrini çıxmaq şərti ilə, İndoneziyada 20, Hindistanda 10 faiz kompüterləri sıradan çıxarmışdı. “New York Times”ın yazdığına görə, bu hücumu iki dövlətin İranın nüvə proqramına qarşı irimiqyaslı kiberhücumu kimi də qiymətləndirmək mümkündür. Məlumat üçün bildirək ki, “Stuxnet” yeni nəsil kompüter virusu kimi “işə salmaq və unutmaq” prinsipi ilə hərəkətə gəlir və internet məkanına daxil olarkən hətta internetə qoşulmayan kompüterləri belə sıradan çıxarmaq kimi imkanlara malikdir.
Kiberməkanda törədilən cinayətlərlə tanış olduqdan sonra meydana sadə bir sual çıxır: bu təhlükələrin qarşısını almaq mümkündürmü? İnformasiya təhlükəsizliyi problemlərini öyrənən mütəxəssislərdən biri - “Cisco” kampaniyasına daxil olan Talos bölməsinin rəhbəri Kreyq Uilyams (Craig Williams) müasir kibercinayətkarların əvvəlkilərdən dəfələrlə təhlükəli və bir çox hallarda onların ağlasığmaz dərəcədə səlis hazırlanmış hücumlarının qarşısının alınmaz olduğunu bildirir. Odur ki, artıq müdafiə olunmaq üçün mövcud ənənəvi informasiya təhlükəsizliyi çərçivələrindən kənara çıxmaq lazım gəlir. Bəzi hallarda bu hücumlar o dərəcədə düşünülmüş və səlis olur ki, yeni müdafiə sistemlərinin yaradılması zərurətə çevrilir. “Cisco” illik hesabatında göstərir ki, kiberhücumlardan müdafiə üçün bir neçə qurumun birləşməsi və vahid müdafiə sistemlərinin yaradılması yeganə çıxış yoludur. Kreyq Uilyams belə qənaətə gəlir ki, bütünlükdə informasiya təhlükəsizliyi sənayesi, nəhəng internet provayderləri və domen qeydiyyatçıları birləşərək vahid mübarizə texnologiyaları yaratmalıdırlar.
Amma birləşmək heç də həmişə asan olmur. Çünki bütün dövlətlərin, nəhəng şirkətlərin və kiberqoşunların gizli maraqları var. Üzdə birləşən qüvvələr səylərini cəmləsələr də, kiberməkanda məxfi maraqlarını üstün tuturlar. Lakin birləşməməkdən başqa çıxış yolu olmadığından beynəlxalq səviyyədə kiberhücumlara qarşı birgə fəaliyyət proqramları işlənərək tətbiq olunur və onun faydası da statistik rəqəmlərdə təsdiqini tapır.
Beynəlxalq ekspertləri narahat edən bir məqam da var. Bu, ondan ibarətdir ki, müasir dönəmdə beynəlxalq münasibətlərdə özünü büruzə verən çətinliklər, heç kimin gözləmədiyi qəfil və əksqütblü siyasi gedişlər, sanksiyaların tətbiqi, bəzi ölkələrin iqtisadiyyatının blokadaya alınması ciddi gərginliklərə səbəb olur. Bunun da nəticəsində internet məkanında hücum xarakterli insidentlər baş verir. İstənilən anda bir sıra ölkələr üçün elektron resurslarında arzu olunmayan gözlənilməz müdaxilələr ağır nəticələrə səbəb ola bilər. Məsələ bundadır ki, müxtəlif ölkələr internet resurslarından rəqibləri haqqında daha çox məlumatlar əldə etməyə can atırlar.
Bu baxış bucağından kibermühitdə şifrəaçanlar dəbdə olan bir istiqamətə çevrilmişlər. Bunu təsdiq edən minlərlə fakt mövcuddur. Digər tərəfdən, yeni texnologiyaların sürətli inkişafı, təzə kəşflər müxtəlif ölkələrin xüsusi xidmət orqanlarını ona sövq edir ki, iqtisadi inkişafa təkan verən məlumatların ələ keçirilməsi istiqamətində konkret addımlar atsınlar. Ekspertlər belə hesab edirlər ki, artıq qarşıdakı ildə məhz bu tendensiya dövlətlər arasında məlumatların qarşılıqlı bölünməsinə maneçilik törədə bilər.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video