Alternative content

09:15 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yol hərəkəti qaydalarına əməl edək ki, həyatımızı itirməyək
Yol hərəkəti qaydalarına əməl edək ki, həyatımızı itirməyək
ANA SƏHİFƏ / Səhiyyə
12:11 19.11.2017

 

Bu gün ümumdünya yol-nəqliyyat hadisələri qurbanlarının anım günüdür

 

BMT qətnaməsinə əsasən, hər il  noyabrın üçüncü bazar günü  dünyada yol hərəkəti hadisələri nəticəsində həyatını  itirənlərin xatirə - anım günü (World Day of Remembrance for Road Traffic Victims) kimi  qeyd olunur.  Məqsəd bu ümumbəşəri problemə  çevrilmiş bəlaya diqqət yönəltmək, dünya ictimaiyyətini problemin həlli istiqamətində əməli addımlar atılmasına sövq etməkdir.  Bu gün bir sıra ölkələrdə yol hərəkətinin təhlükəsizliyi naminə  maarifləndirmə və profilaktika aksiyaları keçirilir. 

Ümumdünya  Səhiyyə Təşkilatının məlumatına görə, dünya üzrə hər il avtomobil qəzalarında ölənlərin sayı  1,3 milyondur.  Sağlamlıqlarını itirən, zərər çəkənlərin sayı isə on  milyonlarla hesablanır.  Dünya üzrə insanların həyatını itirməsinə, travma almasına səbəb olan amillər sırasında yol-hərəkət hadisələri  ürək işemiyası və insultdan sonra  üçüncülüyə  yükəsəlməkdədir.

Bəzi ölkələrdə azalma müşahidə edilsə də, ümumən dünyada  avtomobil qəzalarının və onun qurbanlarının sayı artmaqdadır.  Azərbaycanda da vəziyyət ürəkaçan deyil.  Hərçənd qəzaların  və zərərçəkənlərin sayında hər il əvvəlki dövrə nisbətən  azalma qeydə alınır. Rəsmi statistikaya görə, təkcə bu ilin yanvar-sentyabr aylarında  1334 qəza baş verib, nəticədə 554 nəfər həlak olub, 1250 nəfər yaralanıb. Bu, ötən  ilin müvafiq  dövrü  ilə müqayisədə 14,7 faiz azdır.

Bununla belə,  intizamsız, ictimai məsuliyyətini dərk etməyən sürücü və piyadalar  hələ də çoxdur.  Yol hərəkətinin təşkilində və nizamlanmasında qüsurlar mövcuddur.  Bəzi qayda pozuntuları kütləvi  xarakter daşıyır və onlara qarşı mübarizə zəifdir. Ailələrdə  yol hərəkəti təhlükəsizliyi məsələləri tərbiyə metodologiyasına salınmayıb, belə bir vərdişimiz yoxdur. Təhsil müəssisələrində  bununla bağlı  tədris proqramları lazımınca icra edilmir. Müəssisə və təşkilatlarda  təlim keçirilmir və profilaktika  aparılmır. Nəhayət, KİV maarifləndirmə missiyasını yetərli dərəcədə yerinə yetirmir. 

Ümumdünya yol-nəqliyyat hadisələri qurbanlarının anım günündə qəzalarda həlak olanları yad etməklə bərabər, hər kəs - hər bir sürücü və piyada bir daha düşünməli, boynuna düşən vəzifələri dəqiqliyi ilə  həyata keçirməlidir.  Bunun isə yolu çox sadədir:  yol hərəkəti qaydalarını öyrənmək və onlara əməl etməkdir. 

 

Elxan ELDAROĞLU,

“Azərbaycan”