15 Noyabr 2017 08:11
295
Təhsil
A- A+

“ADA” Universiteti abituriyentlərə birgünlük tələbə olmaq imkanı yaradır

“ADA” Universiteti 2018-2019-cu tədris ili üçün biznesin idarə edilməsi, iqtisadiyyat, beynəlxalq münasibətlər, kompüter mühəndisliyi, informasiya texnologiyaları, kompüter elmləri, dövlət və ictimai münasibətlər ixtisası üzrə bakalavriat pilləsində, diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, təhsil üzrə menecment və biznesin idarəedilməsi ixtisası üzrə isə magistratura pilləsində təhsil almaq üçün sənəd qəbuluna başlayıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, magistratura pilləsində Azərbaycan vətəndaşları üçün sənəd qəbulu dekabrın 1-dən aprelin 5-dək, xarici vətəndaşlar üçün avqustun 1-dək davam edəcək.

Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “ADA” Universiteti yalnız ingilis dilində təhsil verən yeganə dövlət ali təhsil müəssisəsidir. Bu ali təhsil ocağının müəllim və tələbələrin 46 müxtəlif ölkədən olmaları universitetdə zəngin beynəlxalq mühit yaradaraq tələbələrə aparıcı təhsil təcrübəsindən faydalanmaq imkanı verir. Təhsil müddətində tələbələr dünyanın “ADA” Universitetinin akademik tərəfdaşı olan 50 təhsil ocağından birində təhsil mübadiləsi keçə bilərlər. Ali təhsil ocağında fəaliyyət göstərən Karyera Mərkəzi tələbləri birinci kursdan başlayaraq məşğulluq bazarı ilə tanış edir, ixtisasları üzrə müxtəlif fərdi və dövlət qurumlarında təcrübə qazanmağa yönləndirir. Bunun nəticəsi olaraq universitetin məzunları arasında məşğulluq göstəricisi 89 faizdir.

“ADA” Universitetində təhsillə maraqlananların bu ali təhsil ocağı ilə bilavasitə tanış olması üçün tələbə qəbulu üzrə şöbə silsilə tədbirlər keçirir. Ənənəvi “açıq qapı” günləri, məlumat sessiyaları ilə yanaşı, universitet dördüncü kurs tələbələrinə və 10-11-ci sinif şagirdlərinə birgünlük tələbə olmaq şansı verir. “ADA-da bir gün” kampaniyası çərçivəsində onlar universitetin bakalavrını və ya magistrini müşaiət edib onun bir gününü “yaşaya” bilərlər. Bundan əlavə, Bakının digər ali təhsil ocaqları ilə qurulan əməkdaşlıq çərçivəsində “ADA” Universitetinin müəllimlərinin mühazirələri təşkil olunur.

Bu ali təhsil ocağının tələbə qəbulu üzrə şöbəsinin direktoru Günay Ziyadovanın sözlərinə görə, universitetdə ali təhsil almaq tədris proqramı və təlim üsulları dünyanın digər aparıcı ali təhsil ocaqlarından geri qalmayan bir mühitdə oxumaq deməkdir. O deyib: “Xüsusilə də, magistratura proqramları tələbələrin əvvəlki akademik təhsil sahəsini nəzərə almadığına görə bu, tamamilə yeni bir sahəni öyrənməklə karyera imkanlarının genişləndirilməsinə gətirib çıxarır. Magistratura proqramları axşam saatlarında tədris edildiyi üçün, tələbələrimiz işdən ayrılmayaraq bu pillədə təhsil ala bilirlər”.

“ADA” Universitetində magistratura təhsili almaq istəyən Azərbaycan vətəndaşları Dövlət İmtahan Mərkəzinin (DİM) magistratura pilləsi üzrə birinci mərhələ imtahanını və ingilis dili üzrə İELTS və ya TOEFL imtahanlarını verməlidirlər. Bakalavriat proqrmalarına qəbul isə iki yolla – DİM-in müvafiq qrup üzrə və ya SAT imtahanlarının nəticəsinə əsasən aparılır. İlkin mərhələdən keçən abituriyentlər “ADA” Universitetində müsahibədə iştiraka dəvət olunurlar. Yüksək akademik göstəricilər nümayiş etdirən tələbələrə universitet tərəfindən təhsil haqqına güzəştlər təklif edilir. Maraqlananlar “ADA” Universitetinin internet səhifəsinə (ada.edu.az) daxil olub elektron ərizə formasını doldurmaqla, əlavə suallarla isə [email protected] ünvanına müraciət edə bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video