13 Noyabr 2017 05:11
265
Təhsil
A- A+

Romada professor Eldar Quliyevin kitabının təqdimatı keçirilib

İtaliyanın paytaxtı Romada Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada nəşr edilmiş “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış elm və təhsil ocaqlarının, akademik dairələrin, Romada yerləşən beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri iştirak ediblər.

Tədbirdə Avropa Təbiət Elmləri Akademiyasının prezidenti akademik V.Q.Timinski, BMT-nin İctimai Mükafatlar üzrə Şurasının İsveçrədəki nümayəndəsi Mehmet Şükrü Gözəl, Vatikan Bonifasiana Akademiyasının prezidenti Sante de Ancelis, tanınmış alim Məsud Əfəndiyev, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Romadakı filialının rəhbəri Sandro Teti çıxış edərək professor Eldar Quliyevin elmi fəaliyyəti və təqdim olunan kitabın əhəmiyyəti haqqında danışıblar. Kitabda ərzaq təhlükəsizliyi ilə bağlı ən vacib məqamlara toxunulduğu və bu sahədə mövcud olan problemlərə yeni yanaşma tətbiq etmək baxımından nəşrin əhəmiyyətli olduğu vurğulanıb.

Tədbir zamanı BMT-nin İctimai Mükafatlar üzrə Şurasının nümayəndəsi Mehmet Şükrü Gözəl “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabının BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” adına layiq görüldüyünü elan edib. O, Eldar Quliyevə “İlin kitabı” beynəlxalq mükafatını təqdim edib.

Vatikan Bonifasiana Akademiyasının prezidenti Sante de Ancelis Eldar Quliyevin bu akademiyanın həqiqi üzvü (akademik) diplomu ilə təltif olunduğunu bildirərək, ona müvafiq diplomu təqdim edib.

Professor Eldar Quliyev təqdimat mərasimində çıxış edərək “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabındakı əsas məqamlar haqqında ətraflı məlumat verib.

Təqdimatdan sonra Eldar Quliyev Romada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video