07 Noyabr 2017 01:11
242
Təhsil
A- A+

BSU-da “Dil, media və zaman” mövzusunda elmi-praktik konfrans keçirilib

 

Noyabrın 6-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Dil, media və zaman” mövzusunda elmi-praktik konfrans keçirilib.

BSU-dan AZƏRTAC-a bildiriblər ki, konfrans Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Dövlət dilinin KİV-də istifadəsi sahəsində problemlərin müzakirə edilib çıxış yolları axtarılması və problemlərin həlli istiqamətində təkliflərin hazırlanması barədə” tapşırığının icrası ilə əlaqədar olaraq keçirilib.

Konfransı giriş sözü ilə açan BSU-nun rektoru professor Nurlana Əliyeva tədbirin mahiyyətindən danışaraq bildirib ki, “Dil, media və zaman” mövzusu peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını maraqlandıran məsələdir. Azərbaycan ədəbi dilinin normalarının qorunması ilə bağlı əsas öhdəliyin daha çox yerli mətbuatın üzərinə düşdüyünü vurğulayan Nurlana Əliyeva bununla əlaqədar təbliğat aparan bəzi mətbuat orqanlarının fəaliyyətini yüksək qiymətləndirib. Rektor bildirib ki, ana dilimizin inkişafı, onun nöqsansız şəkildə formalaşması istiqamətində təbliğat və təşviqat işlərinin aparılması günümüzün aktual məsələlərindən birinə çevrilib. Professor qeyd edib ki, bir sıra mətbuat orqanlarında dil normalarının pozulması adi hal alıb, bəzi qeyri-peşəkar jurnalistlərin televiziya kanalları və radio vasitəsilə cəmiyyətə dil qaydalarını düzgün şəkildə çatdırmaması Azərbaycan dilinin əsas lüğət tərkibinə xələl yetirir. Müasir Azərbaycan gəncliyini bu məsələ ilə bağlı fəal olmağa səsləyən rektor çıxışının sonunda tədbirin təşkilatçılarına minnətdarlıq edib.

Mövzu ilə bağlı çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov dilin xalqın təfəkkürünün inkişafında xüsusi rol oynadığını diqqətə çatdırıb. Ana dilindən istifadə sahəsində nöqsanların olduğunu deyən Ə.Amaşov bir vaxtlar bu istiqamətdə nailiyyətlərin də əldə olunduğunu bildirib. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə qanunvericiliyin tələblərinə riayət edilməsinin vacibliyini deyən Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycan dili rəsmi olaraq ölkəmizin və milli həmrəyliyimizin dilidir. Bu dil, eyni zamanda, Azərbaycan məfkurəsinin formalaşmasında mühüm rola malikdir.

Tədris işləri üzrə prorektor professor Telman Cəfərov “Cəmiyyət və təhsilin inkişafında ana dili amili” mövzusunda məruzə edib. Professor təhsildə ana dilinin inkişafı ilə bağlı məsələyə toxunaraq bu istiqamətdə Bakı Slavyan Universitetində görülən işləri diqqətə çatdırıb. T.Cəfərov dünya ədəbiyyatından çoxlu sayda kitabların dilimizə tərcümə olunaraq nəşr edilməsində BSU-nun böyük rolu olduğunu deyib.

Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri professor Rüstəm Kamal “Müasir dil situasiyası və Azərbaycan ədəbi dilinin inkişaf təmayülləri” barədə çıxış edərək ortada ciddi problemlərin olduğunu, bir çox hallarda hətta rəsmi strukturlar tərəfindən dil normalarının kobud şəkildə pozulduğunu bildirib. Məruzəçi dövlət başçısının göstərişlərinin həyata keçirilməsi istiqamətində özünün bir çox təkliflərinin olduğunu bildirib.

Müasir Azərbaycan dili kafedrasının müdiri professor İkram Qasımov reklamlarda yol verilmiş qüsurlardan danışıb. O, ümumiyyətlə, özəl şirkət və kampaniyaların özlərinə uğursuz, mənası və mahiyyəti bilinməyən adlar seçdiklərini dilə gətirib.

Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd “Azərbaycan dili - etnik kimliyimizin atributu kimi” adlı məruzəsində milli şüurun və milli kimliyimizin formalaşmasında ana dilimizdən olan sözlərin etnik cəhətdən düzgün araşdırılmasının vacibliyindən söz açıb.

Məlum olduğu kimi, dil sahəsindəki ciddi problemlərdən biri də televiziya kanallarında nitq mədəniyyətinin kobud şəkildə pozulması ilə bağlıdır. Jurnalistika kafedrasının müdiri dosent Şəlalə Həsənova “Milli televiziya kanallarında ədəbi dil normalarının vəziyyəti” adlı məruzəsində bu məsələdən bəhs edib.

Sonra AMEA-nın Humanitar elmlər bölməsinin akademik katibi Teymur Kərimli çıxış edərək Azərbaycan dilinin lüğət tərkibinin düzgün istifadəsi məsələsinə toxunub. Akademik T.Kərimlinin sözlərinə görə, Azərbaycan dili o qədər zəngin dildir ki, bu dildə alınma sözlərə ehtiyac yoxdur. O, dilimizdə bütün alınma sözlərin öz qarşılığının olduğunu diqqətə çatdıraraq dillə bağlı məsələnin AMEA-nın təkcə humanitar institutlarında deyil, texniki institutlarında da müzakirəyə qoyulduğunu deyib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun lüğət şöbəsinin müdiri professor İsmayıl Məmmədli Prezident İlham Əliyevin ana dili ilə bağlı apardığı siyasət nəticəsində Azərbaycan dilinin inkişafı məsələsinin daim gündəmdə olduğunu söyləyib. Mətbuatın artıq dilimizə nüfuz etdiyini deyən İ.Məmmədli xalq dilinin zənginliyinin, mətbuatın ədəbi dili üstələyərək öz fəaliyyət sahəsini genişləndirdiyini diqqətə çatdırıb. Professor, həmçinin konfransın mövzusu ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Sonda çıxış edən ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya elmləri doktoru Həcər Hüseynova Azərbaycan dilinin əruz vəznində  gözəl poetik nümunələr yaratmaq qüdrətindən danışıb.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video