05 Noyabr 2017 12:11
1064
Oxucu məktubları
A- A+

Müqəddəs olan “müəllim” sözü deyil, müəllimlikdir

 

Məktəb-şagird-valideyn əlaqələrinin düzgün qurulmasında əsas məqsəd tədrisi müasir tələblər səviyyəsində təşkil etmək, son nəticədə cəmiyyət üçün əqli, fiziki və mənəvi sağlam vətəndaş yetişdirməkdir. Yalnız bu təməl əsasında məktəbin və müəllimin nüfuzunu qaldırmaq, məktəb-şagird-valideyn “üçbucağ”ının səmərəliliyini yüksəltmək  mümkündür.

Müasir müəllim məktəblə ailə arasında körpü rolunu oynamalıdır. Müəllim hər bir təlim-tərbiyə prosesinə başladıqda valideynlərin də rəyini öyrənməli, hər bir şagirdin qabiliyyətini, psixoloji durumunu nəzərə almalıdır. Sinif rəhbəri olaraq apardığım müşahidələrə və çoxillik təcrübəmə əsasən söyləyə bilərəm ki,  müəllim-şagird münasibətləri  qarşılıqlı hörmət, etibar, etimad, inam  üzərində qurulmalıdır. Müəllim öz səmimiyyəti, dürüstlüyü, bacarığı, həm də savadı-biliyi  ilə şagirdin qəlbinə nüfuz etməyi bacarmalıdır. Müqəddəs olan “müəllim” sözü deyil, müəllimlikdir!

Bu gün Azərbaycan məktəbi haqqında ictimaiyyət arasında müxtəlif və ziddiyyətli fikirlər səslənir. Təəssüf ki, “yaxşı və pis məktəb, güclü və zəif müəllim” kimi subyektiv yanaşmalarla müasir təhsil sisteminə qiymət verənlər də var. Gəlin açıq etiraf edək ki, hazırda müəllim nüfuzu, müəllim-şagird münasibətləri, məktəbə olan hörmət və ehtiram barədə söhbət düşəndə mənfi məqamlar daha çox qabardılır. Halbuki insanı yetişdirən, formalaşdıran ailədən sonra məktəb və pedaqoji mühitdir. Unutmaq olmaz ki, yüksək nəticələr qazanan məktəblərimiz, pedaqoji kollektivlərimiz, müəllimlərimiz çoxdur.

Valideynlərlə iş mənim də pedaqoji fəaliyyətimdə mühüm yer tutur. Onlarla  tez-tez görüşür,  zəruri məqamlarda tövsiyə verirəm. Uşaqların dərsləri mənimsəməsi, davranışları ilə bağlı  müxtəlif situasiyaları müzakirə edir, mövcud problemllərin həlli yollarını birgə arayırıq. Valideynlər uşaqların fərdi xüsusiyyətlərini, onların istəklərini, maraqlarını öyrənməkdə mənə yardımçı olurlar. Beləcə, həm də uşaqların bəzi problemlərinin nə dərəcədə ailədən, yaşadıqları  mühitdən, valideynlərinin sosial vəziyyətindən, xasiyyətlərindən, dünyagörüşlərindən qaynaqlandığını araşdırır, müəyyənləşdirirəm. Elə keyfiyyətlər var ki, valideynin iştirakı, bilavasitə istəyi və bacarığı olmadan onları uşaqlara aşılamaq çətindir. Bu səbəbdən təkcə məktəbin, pedaqoqun deyil, valideynlərin də hazırlıq səviyyəsi yüksək olmalıdır. Yalnız bu zaman qarşılıqlı əməkdaşlıq uğurlu nəticə verir. 

Bir sıra məktəbdaxili kütləvi tədbirlərin təşkilində və keçirilməsində valideyn komitələri  mühüm rol oynayır. Ümumiyyətlə, valideynlə birgə şagirdlərin potensialının üzə çıxması üçün əlverişli şərait yaratmağa çalışıram. Bundan əlavə, rəhbərlik etdiyim sinif üçün  nəzərdə tutulan pedaqoji tədbirlərin planlaşdırılmasında və həyata keçirilməsində də valideynlərin köməyindən istifadə edirəm. Bununla həm də tətbiq edilən təlim-tədris strategiyaları, qiymətləndirmə üsulları və qaydaları haqqında valideynlər məlumatlandırılır, pedaqoji prosesin fəal iştirakçılarına çevrilirlər.

Amma elə valideynlər də var ki, onlar məktəbə yalnız uşaqları aşağı qiymət aldıqda, ya da övladına müəllim tərəfindən ciddi irad tutulduqda gəlir, bu, azmış kimi, məktəbə və müəllimə qarşı ittihamlar irəli sürürlər. Belə hal uşaqlarda eqoizm və arxayınlıq yaradır. Ona görə də çalışıram ki, rəhbəri olduğum və dərs dediyim siniflərdə belə hallar baş verməsin. Bunun üçün isə xüsusi meyarlar var. Burada da müəllimin xüsusi keyfiyyətləri - ünsiyyət yaratmaq, danışıq aparmaq bacarığı, şagird vasitəsilə, yaxud birbaşa müraciətlə valideynlərdə məktəblə, peqaqoqlarla əməkdaşlığa maraq oyatmaq qabiliyyəti xüsusi rol oynayır. Belə olan halda valideynlər anlayırlar ki, bu təşəbbüslər onların övladlarının  təhsili, tərbiyəsi, bir sözlə, gələcəyi  naminə edilir.

Ümumiyyətlə, müəllimin  nüfuzu onun şəxsiyyətindən asılıdır. Ona görə də çalışmalıyıq ki, istər şagirdlər, istərsə də valideynlər qarşısında ilk növbədə müəllimlik borcumuzu layiqincə yerinə yetirək. Ulu öndər çıxışlarının birində demişdi: “Müəllimlərimizin səyi nəticəsində bizim təhsil sistemi daha da təkmilləşəcək”.

 

Gülarə BUDAQOVA,

Bakıdakı P.Nəzərov adına 60 nömrəli məktəbin müəllimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video