02 Noyabr 2017 03:11
492
Qəbullar
A- A+

Prezident İlham Əliyev Rusiya Federasiyası Federasiya Şurası sədrinin müavinini və Dağıstan Respublikası Xalq Məclisinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanovu və Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Sizi yenidən görməyimə çox şadam. Bu il həm İlyas Maqomedsalamoviç, həm də Xizri İsayeviç Azərbaycan dövlətinin ali ordeni - “Dostluq” ordeni ilə mükafatlandırılıblar. Müvafiq sərəncamlar mənim tərəfimdən bu ilin martında və iyulunda imzalanıb. Demək istəyirəm ki, Azərbaycanda sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirlər. Sizin fəaliyyətiniz Rusiya Federasiyası ilə Azərbaycanın, Dağıstanla Azərbaycanın qardaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlib. Siz Dağıstanın nümayəndələrisiniz. Dağıstanı Azərbaycan ilə çoxəsrlik dostluq, qardaşlıq, əməkdaşlıq telləri bağlayır. O cümlədən Siz Rusiya dövlətinin, Rusiya hökumətinin nümayəndələrisiniz. Siz Moskvada və Dağıstanda Rusiya Federasiyasının inkişafı işində çox mühüm rolu yerinə yetirirsiniz. Həmçinin çox uğurla tərəqqi edən Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafında mühüm rol oynayırsınız. Azərbaycanda sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirlər. Sizi tanıyırlar, bizim xalqımızın, ölkəmizin böyük dostları kimi tanıyırlar.

Bizim xalqlarımız arasında mövcud olan sıx əlaqələr bu gün uğurla inkişaf edir. Elə dünən axşam Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə növbəti görüşdə biz münasibətlərimizin ikitərəfli gündəliyinə nəzər yetirdikdə aşkar etdik ki, öz həllini tələb edən heç bir məsələ yoxdur. Biz, sadəcə, əldə olunan nailiyyətləri - həm iqtisadi, həm nəqliyyat, həm enerji, həm də siyasi sahələrdə əməkdaşlığımızın nəticələrini yada saldıq və müvafiq qurumlara münasibətlərin gələcək inkişaf yollarını müəyyənləşdirmək üçün göstərişlər verdik. Yəni, bu, artıq elə bir münasibətlər səviyyəsinin göstəricisidir ki, hətta prezidentlər səviyyəsində həllini tələb edən hansısa xüsusi məsələ yoxdur. Bütün məsələlər çox uğurla həll edilir. Əlbəttə, bu gün Rusiya və Azərbaycan mehriban qonşuluq, tərəfdaşlıq və etibarlı dostluğun yüksək səviyyəsini nümayiş etdirirlər. İlyas Maqomedsalamoviç və Xizri İsayeviç, şəxsən sizin rolunuz böyükdür. Mən sizin Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə necə səy göstərdiyinizi və töhfə verdiyinizi dərindən bildiyimə görə bunu tamamilə səmimi deyirəm.

Dövlətimizin başçısı “Dostluq” ordenlərini İlyas Umaxanova və Xizri Şixsaidova təqdim etdi.

Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas UMAXANOV dedi:

-İlham Heydər oğlu, mən səmimi minnətdarlığımı bildirmək istərdim. Yəqin ki, həm də Xizri İsayeviç bu minnətdarlıq sözlərinə qoşular. Çünki bizim üçün Azərbaycanın bu yüksək mükafatını Prezidentdən almaq böyük şərəfdir. Biz bu mükafatı dövlətlərarası, parlamentlərarası əlaqələrin və əlbəttə, regionlararası, ilk növbədə, bizim sevimli və yaxın Dağıstanla əməkdaşlığın möhkəmlənməsi istiqamətində qərarların qəbul edilməsinə göstərdiyimiz kiçik töhfələrə verilən qiymət kimi dəyərləndiririk. Mən fəxr edirəm ki, bizim soyadları uzun illər dostluq və hörmət birləşdirib. Bu münasibətlər müharibə və müharibədən sonrakı illərə gedib çıxır. Həmin illərdə sizin babanız Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi idi. O, faktiki olaraq mənim atamı ordudan geri çağıraraq Dağıstan Vilayət Partiya Komitəsinin hərbi şöbəsinə rəhbərliyi təklif edib. Sonralar Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevi Dağıstanla, atamla, Dağıstan rəhbərləri ilə xüsusi, yəqin ki, müstəsna etimadlı münasibətlər birləşdirirdi. Güman edirəm ki, bütün sonrakı nəsillərin vəzifəsi Sizin bu gün Vladimir Vladimiroviç Putinlə ləyaqətlə apardığınız dostluq, əməkdaşlıq, gələcəyə yönəlmiş estafeti qəbul edərək fəal davam etdirməkdir.

Çox hörmətli İlham Heydər oğlu, sizə möhkəm cansağlığı, tükənməz enerji, bizim qardaş Azərbaycana isə rifah və tərəqqi arzulamaq istəyirəm. Bugünkü gün unudulmazdır.

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri ŞİXSAİDOV dedi:

-Əgər bir-iki söz demək mümkündürsə, mən İlyas Maqomedsalamoviçin dediklərinə qoşuluram. Amma Əziz Əliyevin Dağıstan üçün tarixi rolunu xatırlatmaq istərdim. O, əslində dağıstanlıları Sibirə sürgün olmaqdan xilas edib. Bu deportasiya isə Dağıstan üçün böyük itkilərə səbəb ola bilərdi. Biz indiyədək bunu yaxşı xatırlayırıq. Bu gün şəhərlərdə onun adını daşıyan küçələr, təhsil müəssisələri var. Mahaçkalanın mərkəzi küçələrindən biri onun adını daşıyır, 6 metrlik heykəli ucaldılıb. Bu abidənin qarşısına müxtəlif əlamətdar günlərdə insanlar toplaşır, gül-çiçək gətirirlər və ona etdiyi bütün işlərə görə təşəkkürlərini bildirirlər. Mən, həmçinin Azərbaycanın qonşusu olaraq demək istəyirəm ki, biz bu insanları doğma, yaxın hesab edirik. Biz Azərbaycanın bütün istiqamətlərdə - siyasi, iqtisadi sahələrdə iri addımlarla irəliləməsindən çox məmnunuq. İnsanlara, öz xalqınıza olan belə münasibətə görə sağ olun. Əlbəttə, bunun əsasını ümummilli lider, böyük Heydər Əliyev qoyub.

Xizri Şixsaidov dövlətimizin başçısının sözlərini xatırladaraq bildirdi ki, Prezident İlham Əliyev öz çıxışlarında Dağıstanın Azərbaycana çox yaxın bir diyar olduğunu demişdir və bu sözlərə görə bir daha minnətdarlığını ifadə edərək dedi:

-Dağıstana, Rusiyaya belə münasibətə görə çox sağ olun. Biz həmişə dostluğa sadiq, əsrlər boyu bir yerdə yaşayan və bir-birini dəstəkləyən etibarlı, yaxın xalqlar olacağıq. Azərbaycan xalqına təzim edirəm. Sizə isə cansağlığı və uzun ömür arzulayıram.

Prezident İlham ƏLİYEV dedi:

-Xoş sözlərinizə görə çox sağ olun. Mən bir daha sizin dediklərinizi təsdiqləmək istəyirəm. Çox sağ olun ki, xatırlayırsınız. Bu, həqiqətən də belədir. Dağıstan bizim üçün qardaş diyardır. Azərbaycan və Dağıstan xalqları arasında tarixi, ənənəvi qardaşlıq münasibətləri Qafqazda və bizim regionumuzda sabitliyin vacib amilidir. Həmçinin dağıstanlılara Əziz Əliyevin xatirəsini əziz tutduqlarına görə minnətdarlığımı bildirmək istərdim. Bu, onun nəvəsi və Azərbaycan Prezidenti kimi mənim üçün çox qiymətlidir. Dağıstandakı qardaşlarımıza onun xatirəsinin əbədiləşdirilməsinə, abidəsinin ucaldıldığına, küçəyə onun adının verilməsinə görə dərin təşəkkürümü bildirirəm. Bu gün Azərbaycanın rəhbəri kimi əlbəttə ki, mən öz fəaliyyətimdə bu tarixi xatirəni qəlbimdə saxlayıram. O, Dağıstanı, dağıstanlıları çox sevirdi. Onlar da onu sevirdilər. Onun xatirəsinin qorunması böyük işdir. Əlbəttə, bu gün onu da qeyd etmək istərdim ki, bizim ənənəvi münasibətlərimizin möhkəmlənməsində Dağıstanın rəhbəri İlyas Maqomedsalamoviçin atası Maqomedsalam Umaxanov və Heydər Əlirza oğlu Əliyev böyük rol oynayıblar. Mən onların 1970-1980-ci illərdə münasibətlərini, görüşlərini, söhbətlərini xatırlayıram. Bu gün biz onların davamçılarıyıq. Münasibətlərimizi yeni keyfiyyət səviyyəsinə qaldırırıq. Bir daha sizi təbrik etmək istərdim. Sizə Rusiya, Dağıstan və Azərbaycan naminə uzun fəal ömür illəri arzulamaq istərdim.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video