Alternative content

16:34 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oxucuların suallarına cavab verir
Oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:07 22.07.2012
 

Mülkiyyətçinin ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüququnun qeydiyyatı necə aparılır?

 

S.CƏFƏROV,

Bakı şəhəri

 

- Azərbaycan Res

publikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 228.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

MM-in 228.2-ci maddəsinə uyğun olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

MM-in 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinə dair" 27 may 2008-ci il tarixli qərarında göstərilir ki, mülkiyyətçi ilə birgə yaşayan ər, arvad, valideynlər və uşaqları onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır.  Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Mülkiyyətçi ilə birgə yaşamayan ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür.  Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir.

Odur ki, mülkiyyətçinin onunla birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə aralarında müqavilənin bağlanması tələb olunmur, göstərilən şəxslər yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin ailə üzvü olmaqla onunla birgə yaşadıqları üçün malikdirlər. Bu baxımdan, onların yaşayış sahəsindən istifadə hüquqlarının dövlət qeydiyyatına alınmasına ehtiyac yoxdur.

Digər şəxslərin, habelə mülkiyyətçi ilə birgə yaşamayan ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçi ilə aralarında bağlanmış notariat qaydasında təsdiqlənmiş müqavilə əsasında yaranır və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır (MM, m. 139.1, 228.1 və 228.2; "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun, m. 2.1 və 12.1).

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi