25 Oktyabr 2017 01:10
300
Təhsil
A- A+

Yüksək səviyyəli mütəxəssis hazırlığının beynəlxalq standartlara və dövrün tələblərinə uyğunlaşdırılması vacibdir

 

Oktyabrın 24-də Bakı Dövlət Universitetində (BDU) Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə BDU-nun rektoru akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Cəmiyyətdə elm və təhsilin mühüm rolunu qeyd edən rektor dövlət başçısının bu sahə ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırıb.

Akademik A.Məhərrəmov BDU-da həyata keçirilən layihələr, aparılan tədqiqatlar, gənclərin elmi fəaliyyətə cəlb olunması istiqamətində reallaşdırılan tədbirlər barədə məlumat verib, ali təhsil müəssisələrində elmi potensialın daim yüksəldilməsinin vacibliyini vurğulayıb.

Təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə gənclərin elmi tədqiqatlara marağının artırılmasına xüsusi önəm verildiyini bildirib. 

 Ölkə Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini qeyd edən nazir elmin, təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən, əldə olunan nəticələrdən danışıb.

M.Cabbarov yüksək səviyyəli mütəxəssis hazırlığının beynəlxalq standartlara və dövrün tələblərinə uyğunlaşdırılmasının zərurililiyini qeyd edib, bununla bağlı ali təhsil müəssisələrində elmi potensialın mövcud olduğunu söyləyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev gənclərin elm və təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan danışıb, EİF-nin fəaliyyəti barədə məlumat verib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı elm və təhsilin inkişafı ilə bağlı fikirlərini bildirib, ADNSU-da bu sahədə reallaşdırılan tədbirləri diqqətə çatdırıb. Gənc doktorantların müxtəlif mövzularda təqdimatları dinlənilib.

Tədbirdə məlumat verilib ki, iki gün davam edəcək konfransa 18 ali təhsil müəssisəsindən və Azərbaycan Milli Elmlər Akademiyasından 400-dək tezis təqdim olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün nüfuzlu alimlərin rəhbərliyi ilə 14 bölmə yaradılıb.

Sonra konfrans işini bölmələrdə davam etdirib.

Qeyd edək ki, doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransının materialları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər siyahısına daxildir. Doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransı 1991-ci ildən keçirilir. Konfransın keçirilməsinin əsas məqsədi elm və təhsilin inteqrasiyası, gənc alimlərin yüksək ixtisaslı kadr kimi yetişmələri sahəsində kompleks tədbirlərin həyata keçirilməsi və gənclərin elmi fəaliyyətə daha geniş miqyasda cəlb edilməsidir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video