22 Oktyabr 2017 12:10
952
Oxucu məktubları
A- A+

Azərbaycan dilinin gözəlliyini və təmizliyini qoruyaq

 

Elektron və çap mediasında, xüsusilə özəl televiziya kanallarında, internet saytlarında bəzən nəinki Azərbaycan ədəbi dilindən imtina olunur, hətta dilimizin ən elementar qayda-qanunlarına belə riayət edilmir. Televiziya seriallarında, müəllif verilişlərində, şou proqramlarında küçə, “lağ-lağı”, “loru” dilində danışılır, xəbər-informasiya buraxılışları ara sözləri, təkrar, bəsit ifadələrlə “zəngin” olur, cümlələrdə kobud dil-üslub səhvlərinə yol verilir. Üstəlik, etik normalar, ədəb-ərkan gözlənilmir.

Ən acınacaqlı hallardan biri də odur ki, mətnləri yazanlar nəzərdə tutduqları fikri dəqiq ifadə edə bilmirlər. Təəssüf ki, hər hansı xəbəri tirajlayıb yayan başqa resurslar da özlərinə əziyyət vermədən eyni səhvi təkrarlayırlar. Beləcə, dəfələrlə buraxılan səhvlər sonda “norma” kimi qəbul olunur. İndi hətta kriminal ünsürlərin “dilində”, onların üslub və jarqonunda jurnalistlik edənlərə də rast gəlinir. Belə materiallarda “avtoritet”, “razborka”, “sxodka”, “strelka” kimi Azərbaycan dilinə ümumiyyətlə aidiyyəti olmayan yad sözlər geninə-boluna işlədilir.

Bu “ənənə”yə son verilməlidir: cinayətkar ünsürlər fetişləşdirilməməli, gənclərin ideallarına çevrilməməlidir. Unutmaq olmaz ki, bu şəxslər əfsanəvi xalq qəhrəmanları deyil, qanundan kənar fəaliyyətlə məşğul, bioqrafiyaları cinayətlərlə “zəngin” olanlardır və onlar cəmiyyət üçün təhlükəlidirlər...

“Filankəsə filan qədər pul atdılar”, “Filankəsi tok vurdu” kimi məişət ifadələri də “rahatlıqla” mətbuatda işlədilir. Ən sadə fikir belə uyğun sözlə, dəqiq ifadə olunmur. Yeri gəldi-gəlmədi təkrarlanan  “baş tutdu” ifadəli xəbərlərdə tez-tez rast gəlinir: “görüş baş tutdu”, “oyun baş tutdu”, “toy baş tutdu...” Əgər hər hansı görüş, oyun, toy və s. əvvəlcədən nəzərdə tutulmuş tarixdə, reqlamentdə həyata keçirilibsə, niyə “baş tutdu” deyə xəbər verilir? Məgər, bu tədbirlərin keçirilməsinə maneə və ya təhlükə var idi ki, “baş tutdu” vurğusu ilə buna işarə edilir?

Yaxud: bəllidir ki, hər bir müddətli prosesin, hadisənin  başlanğıcı və sonu olur. Lakin nədənsə, hətta hərf sayı eyni olsa da, “sona çatdı” əvəzinə israrla “başa çatdı” yazılır və ya deyilir. Qəribədir, nəyinsə sona çatdığı niyə məcazi mənada ifadə olunur - “başa çatdı” ilə “sona çatdı” demək istənilir? Doğrudur, bu ifadə başqa formada - “başa vurmaq” kimi dilimizdə  işlədilir. Amma, bu, hər hansı əməlin, prosesin, hadisənin, missiyanın təkcə sona çatmasını deyil, ümumiyyətlə, yekunlaşdırılmasını göstərir... Bir mənfi meyil də ismə Azərbaycan dilində olmayan cins şəkilçiləri əlavə etməkdən ibarətdir. Beləcə, dilimizdə olmayan yeni sözlər “icad” edilir. Başqa dillərə aid sözlərin “doğma”laşdırlması da adiləşib.

İnanırıq ki, dilçi alimlərimizin və ziyalılarımızın Mətbuat və Teleradio şuralarının daha aktiv fəaliyyəti sayəsində  Azərbaycan ədəbi dili nəinki KİV-də, eləcə də insanlar arasında düzgün və geniş işlədiləcək.

 

Ülviyyə ELDARQIZI,

Bakı şəhər sakini

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video