İsmayıllıda bütün sahələrdə olduğu kimi, idmanın inkişaf etdirilməsi istiqamətində də ciddi addımlar atılır. İsmayıllı Olimpiya İdman Kompleksinin əsaslı təmirindən sonra Prezident İlham Əliyevin iştırakı ilə 2016-cı ildə açılışından ötən dövr ərzində müxtəlif idman növlərinə meyil xeyli yüksəlib.
İsmayıllılıların yarışlarda qazandıqları hər nailiyyətin yerli orqanlar tərəfindən təqdir olunması, idmançıların mükafatlandırılması rayonda idmanın kütləviləşməsinə xidmət edir.
Rayonumuzda idmanın Şərq döyüş növlərinə maraq böyükdür. Yapon döyüş növlərinə ümumilikdə “Budo” deyilir. Budonun 8 əsas istiqaməti var. Azərbaycanda daha çox populyar olan karate, cüdo, aykido budoya aiddir. Bu idman növləri ilə məşğul olanlar İsmayıllıda da çoxdur. Bayram Qəhrəmanov budo növləri üzrə məşqçidir. Özü də yarışlarda iştirak edir. Bu yaxınlarda Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən açıq dünya çempionatında o və yetirmələri yüksək nəticə göstəriblər. Bayram Qəhrəmanov, Eşqin Əsgərov, Nuray Şabanlı, Ləman Əkbərova, Tahir Məmmədov və Qadir Səlimov uğurla çıxış edərək hər biri qızıl medal qazanıb.
İdman sağlamlıqdır. İdman aktiv və faydalı həyat tərzidir. İdman həm də peşəkar fəaliyyət növüdür. İdmanda qazanılan uğurlar dövlət tərəfindən də yüksək qiymətləndirilir. Bu da idmanın kütləviləşməsinə, cəmiyyətin sağlam təməllər üzərində tərəqqisinə səbəb olur.
Rauf RƏCƏBOV,
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı