İndi çox küçədə ödənişli duracaq yerləri yaradılıb. Daha doğrusu, parkomatlar quraşdırılıb və əraziyə nəzarətçi qoyulub. Amma çox yerdə dayanacaq yerinin haradan başlayıb, harada qurtardığı bəlli deyil. Yəni, parklama qaydaları müəyyənləşdirilməyib. Elə birtərəfli yollar var ki, ödənişli parklanma yerini bildirən nişanlar yolun solunda olsa da, nəzarətçilər sağ tərəfdə saxlanılan maşınlara görə də ödəniş tələb edirlər. Bəhanələri də bu olur ki, ödəniş aparatı sağ tərəfdədir. Məgər ödəniş aparatı yol hərəkətini tənzim edən hüquqi statusa malikdir? Bilmək istəyirəm, sürücülər belə yerlərdə ödənişli parklanma ərazisini necə müəyyənləşdirməlidirlər?
Azil NƏSİBLİ,
Bakı şəhər sakini
Əvvəla, parkomat - ödəniş aparatı, adından da göründüyü kimi, yalnız parklanmaya görə ödəniş aparmaq üçündür. Bu cihaz duracağa görə ödənişi qəbul etməkdən əlavə sürücülər üçün nə isə ifadə etmir. Yollarda hərəkət, eləcə də dayanma, durma, parklama yol nişanları və qaydalarla tənzimlənir. “Duracaq yeri” nişanı hərəkət hissəsinin hansı tərəfində quraşdırılıbsa, qüvvəsi də yalnız həmin tərəfə şamil edilir. Bu nişana əlavə məlumat nişanları (lövhəciklər) qoşmaqla duracaq yerinin ödənişli olduğu, həmçinin nəqliyyat vasitələrinin duracağa qoyulma üsulu, nişanın təsir sahəsi və s. göstərilməlidir. Qanunvericiliyə edilən son dəyişikliklərə əsasən də parkomat quraşdırılan duracaq yerləri, onların hüdudları müvafiq yol nişanları və nişanlanma xətləri ilə təchiz olunmalıdır. Təəssüf ki, çox yerdə parkomat quraşdırılsa da, orada parklama yeri dəqiq təşkil olunmayıb - müvafiq məlumat nişanları quraşdırılmayıb, üfüqi nişanlanmalar aparılmayıb. Bu da sürücülər arasında çaşqınlıq və haqlı narazılıq yaradır.
Ödəmə aparatının (parkomatın) hansı tərəfdə quraşdırılmasından asılı olmayaraq, ödənişli duracağın yolun hansı tərəfində olmasını (yerini), üsulunu, təsir sahəsini yalnız yol nişanları və nişanlanma xətləri müəyyənləşdirir. Parkomat - ödəmə aparatı isə yol nişanı deyil, sadəcə ödənişi qəbul edən texniki vasitədir. Bu səbəbdən onun parklanmanı (dayanma və durmanı) tənzimləyən hüquqi gücü yoxdur.
Ərşad HÜSEYNOV,
“Digesta” hüquq mərkəzinin direktoru