15 Oktyabr 2017 12:10
1029
Oxucu məktubları
A- A+

Salyan Dövlət Kukla Teatrı yolunuzu gözləyir

 

Ötən əsrin 40-cı illərində  Salyanda  Dövlət Dram Teatrı fəaliyyət göstərib. Teatr tamaşaçılara hətta opera və musiqili komediyalar təqdim edib.

Əyalət teatrlarının əksəriyyəti kimi o zaman Salyan teatrı da bağlanmışdı. Lakin rayonun yaradıcı ziyalıları, incəsənət xadimləri  bununla barışmamış, özfəaliyyət dərnəklərində xalqa mədəni xidmət göstərməyə çalışmışlar. Salyan Kukla Teatrı da fəaliyyətinə  özfəaliyyət dərnəyindən başlayıb. 1973-cü ildə dərnək əslən salyanlı, Bakı Dövlət Kukla Teatrında işləyib təcrübə toplamış mədəniyyət işçisi Cahangir Qaraşovun təşəbbüsü ilə yaradılıb. O, tez bir zamanda ətrafına həvəskarları toplayaraq Əli Səmədlinin “Artıq tamah baş yarar” əsərini tamaşaya qoyub.

Uğurlarına görə dərnək 1975-ci ildə “Xalq kollektivi” adını almış, bundan daha da həvəslənərək festivallarda, müsabiqələrdə çıxışlar etmiş, həm Salyanda, həm də qonşu rayonlarda tamaşalar göstərmiş, ümumxalq rəğbəti ilə yanaşı, mükafatlar qazanmış, fəxri fərmanlara layiq görülmüşdür. 1994-cü ilin ortalarından  isə kollektiv Salyan Dövlət Kukla Teatrına çevrilmişdir.

Ötən illər ərzində teatr kiçik yaşlı məktəblilərin, yeniyetmələrin mənəvi tərbiyəsində cəmiyyətə dəstək olmuş, valideynlərin, ziyalıların, müəllim və tərbiyəçilərin dərin rəğbətini qazanmışdır. Bu günə kimi mədəniyyət ocağında 60-a qədər tamaşa hazırlanmış, kollektiv qastrol səfərləri ilə bütün Azərbaycanı dolaşmışdır. Teatrın repertuarına Ə.Səmədlinin, A.Şaiqin, R.Əlizadənin, R.Savalanın, İ.Coşqunun, T.Kərimin, Ə.Əlizadənin və başqalarının əsərləri daxil edilmişdir. Aktyorlardan M.Ramazanova, Q.Məlikov, R.Həsənov, A.Muradova, Ə.Həsənli  işlərinin öhdəsindən məharətlə gəlirlər. Teatrın baş rejissoru Rafiq Mirzə, quruluşçu rəssam Ceyhun Rüstəmbəyli, bədii tərtibatçı Tükəzban Məmmədova, musiqi tərtibatçısı Təzahür Mehdiyev, modelyer Gülnarə Ağayevadır. Kuklaları Kəmalə Quliyeva hazırlayır.

Kollektiv bu günlərdə Qax şəhərində keçirilən Kukla Teatrları Festivalının 2-ci turunda iştirak etmiş, A.Şaiqin “Danışan kukla”, S.Nuruqızının “Gəlinciklər” tamaşalarını nümayiş etdirmişdir. Teatr yeni mövsümə M.Seyidzadənin “Ata məhəbbəti” tamaşası ilə başlamışdır. Tamaşaya C.Qaraşov quruluş vermişdir. Hazırda U.Osmanın “Qızıl balığın nağılı” əsərinin məşqləri gedir.

Buradan üzümü valideynlərə tutub demək istəyirəm ki, övladlarınızın hərtərəfli inkişafını, yüksək mədəniyyətə, zövqə və dünyagörüşünə malik olmasını istəyirsinizsə, onları mütləq teatrlara aparın. Bizim kukla teatrı da yolunuzu gözləyir.

 

Yavər CƏBRAYILOV,

Salyan Dövlət Kukla Teatrının direktoru 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video