13 Oktyabr 2017 12:10
260
Təhsil
A- A+

Uşaq-Gənclər Mərkəzinin yeni bazası istifadəyə verilib

 

Oktyabrın 12-də Bakıda 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazasının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Milli Məclisin deputatları, ali məktəblərin rektorları, mədəniyyət xadimləri iştirak ediblər.

Açılış mərasimində məlumat verilib ki, üç mərtəbədən ibarət mərkəzdə uşaq və yeniyetmələrin yaradıcı təxəyyülünün inkişafı üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi iki min kvadratmetr olan mərkəzin birinci mərtəbəsində gözləmə zalı, mətbəx, ikinci mərtəbəsində ümumilikdə 16 otaq, akt zalı, qrim otağı, foye var. Burada rəsm, musiqi, elm, robototexnika, məktəbəhazırlıq, inzibati və köməkçi otaqlar fəaliyyət göstərir. Üçüncü mərtəbədə isə 18 otaq - rəqs zalı, teatr studiyası, rəsm və məşğələ otağı, konfrans zalı, inzibati və köməkçi otaqlar var.

Mərkəz fəaliyyətini 4-16 yaşlı uşaq və yeniyetmələr üçün həm ənənəvi dərnəklər, həm də müasir metodik vəsaitlər və texnoloji avadanlıqla təchiz edilmiş beynəlxalq məktəbdənkənar təhsil proqramı vasitəsilə təşkil edir. Proqram altı inteqrativ modul əsasında dörd kurs olmaqla həyata keçiriləcək. Burada multielm, multirəsm, məktəbəhazırlıq, robototexnika kursları üzrə xüsusi tədris və kompüter proqramları lokallaşdırılıb, mərkəzin fəaliyyətinə cəlb olunmuş pedaqoji heyət beynəlxalq mütəxəssislər tərəfindən bütün istiqamətlər üzrə təlimləndirilib.

Eyni zamanda, mərkəzdə fəaliyyət göstərən kursların modullar üzrə tədrisi və “Multiart”, “Multimusic”, “Robotics”, “K-First”, “Multielm”, “Multitexnologiya” modulları barədə məlumat verilib.

Mərkəzin ikinci mərtəbəsində uşaqların məktəbdənkənar kurikulum əsasında bacarıqlarını inkişaf etdirən kurslar fəaliyyət göstərir. Bu kurslarda uşaqlar cəlbedici tədris proqramları sayəsində təsviri sənət aləmi ilə tanış ola, musiqi bacarıqlarını inkişaf etdirə bilərlər.

Yeni informasiya texnologiyalarına əsaslanan robototexnika laboratoriyası, interaktiv təlim əsasında uşaqlarda kreativ düşüncənin, təxəyyülün inkişafına kömək göstərəcək. “Multicentr” layihəsinin bir hissəsi olan “Multielm” modulu uşaq və yeniyetmələrə alternativ enerjidən istifadə, elmi eksperimentlərin aparılması imkanı verəcək.

Tədbir mərkəzin üzvləri olan respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatlarının ifaları ilə davam edib.

Mərkəzinin direktoru Lalə Qəti ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb və rəhbərlik etdiyi qurumda qazanılan uğurları diqqətə çatdırıb.

Təhsil naziri M.Cabbarov  Prezident İlham Əliyevin təhsil sahəsinə daim xüsusi önəm verdiyini vurğulayıb.

Mərkəzin kollektivini yeni bazanın fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir son illərdə təhsil sahəsində aparılan uğurlu islahatlardan, eləcə də məktəbdənkənar təhsil üzrə qazanılan nailiyyətlərdən danışıb. Məktəbdənkənar təhsilin uşaq və gənclərin fərdi inkişafında, maraq dairələrinin genişlənməsində mühüm rolunu diqqətə çatdıran M.Cabbarov burada yaradılan şəraitin onlara bilik və bacarıqlarının inkişafı üçün əlverişli imkanlar açdığını bildirib.

Qeyd edək ki, Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi 1974-cü ildən fəaliyyət göstərir. Mərkəz respublika və beynəlxalq səviyyəli tədbirlərdə, layihələrdə uğurla iştirak edib, dəfələrlə beynəlxalq festival və müsabiqələrin qalibi olub. Mərkəzin yetirmələri Gürcüstanda, İtaliyada keçirilmiş festivallarda “Qran-pri” mükafatına, həmçinin Türkiyə, ABŞ, Çexiya, Polşa, Rumıniya, Bolqarıstan, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Yaponiya, Böyük Britaniya, Yunanıstan, Misir, Hindistan, İtaliya və digər ölkələrdə təşkil olunan müsabiqə, sərgi festivallarında birinci, ikinci, üçüncü yerlərə, diplom, fəxri fərman və sertifikatlara layiq görülüblər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video