11 Oktyabr 2017 12:10
282
Fərmanlar
A- A+

Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası (bundan sonra - Qayda) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin həyata keçirilməsi üçün onun fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
1.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti (bundan sonra - Nazirlər Kabineti) öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarını, habelə bu Qaydanı rəhbər tutur.
1.3. Azərbaycan Respublikasının Baş naziri (bundan sonra - Baş nazir) Nazirlər Kabinetinin işini təşkil edir.
1.4. Nazirlər Kabinetinin iclasına, bir qayda olaraq, Baş nazir sədrlik edir. Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti iştirak etdikdə, iclasa Azərbaycan Respublikasının Prezidenti sədrlik edir.
1.5. Baş nazir rəhbəri olduğu əlaqələndirici və məşvərətçi orqanların iclaslarını, habelə öz yanında müşavirələr keçirir, operativ məsələlərə dair qərarlar qəbul edir. Baş nazir məzuniyyətdə və ya ezamiyyətdə olduqda, yaxud səlahiyyətlərini müvəqqəti icra edə bilmədikdə, onun səlahiyyətlərini Baş nazirin birinci müavini icra edir. Həmin səbəblərə görə Baş nazirin səlahiyyətlərini Baş nazirin birinci müavininin icra etməsi mümkün olmadıqda və ya o, təyin edilmədikdə, Baş nazirin səlahiyyətlərini onun müəyyən etdiyi digər müavini icra edir.
1.6. Baş nazir Nazirlər Kabinetinin işi barədə Azərbaycan Respublikasının Prezidentini mütəmadi məlumatlandırmalıdır.
1.7. Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinə, yerli icra hakimiyyəti orqanlarına, habelə Azərbaycan Respublikasının Prezidenti və Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslərə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə (bundan sonra - dövlətin hüquqi şəxsləri) verdiyi tapşırığın icrasının nəticələri barədə müvafiq hesabat tapşırığın icraçısı tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmalıdır.
1.8. Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarının, Azərbaycan Respublikası Prezidentinin, Baş nazirin və onun müavinlərinin tapşırıqlarının Nazirlər Kabinetinin tərkibinə daxil olan mərkəzi icra hakimiyyəti orqanları (bundan sonra - mərkəzi icra hakimiyyəti orqanları), habelə yerli icra hakimiyyəti orqanları və dövlətin hüquqi şəxsləri tərəfindən icrasına nəzarəti həyata keçirir. İcraya nəzarət Nazirlər Kabinetinin Aparatı tərəfindən təşkil və təmin olunur.
1.9. Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri (bundan sonra - Nazirlər Kabinetinin üzvləri) qəbul olunmuş qərarların həyata keçirilməsinə, habelə onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.
1.10. Nazirlər Kabinetinin üzvləri öz fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən iclaslarda, müşavirələrdə və digər tədbirlərdə, Nazirlər Kabinetinin iclaslarında, Baş nazirin və onun müavinlərinin sədri olduqları əlaqələndirici və məşvərətçi orqanların (bundan sonra - əlaqələndirici və məşvərətçi orqanlar) iclaslarında, Baş nazirin və onun müavinlərinin yanında keçirilən müşavirələrdə, habelə Nazirlər Kabineti üzvlərinin iştirakı nəzərdə tutulan digər rəsmi tədbirlərdə iştirak zərurətini nəzərə almaqla planlaşdırırlar.
1.11. Nazirlər Kabinetində ona təqdim olunmuş və ya Nazirlər Kabinetinin Aparatında hazırlanmış hüquqi aktların layihələrinə, Azərbaycan Respublikası Prezidentinin, Baş nazirin və onun müavinlərinin tapşırıqlarına, habelə digər sənədlərə baxılır. Nazirlər Kabinetində, həmçinin barəsində müvafiq aktların qəbul olunması tələb olunmayan məsələlərə, habelə müraciətlərə (sorğulara), yuxarı inzibati orqanın səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı digər məsələlərə də baxılır.
1.12. Bu Qaydanın məqsədləri üçün aktların layihələrinə və digər sənədlərə Nazirlər Kabinetində baxılması onlara Nazirlər Kabinetinin iclaslarında, əlaqələndirici və məşvərətçi orqanların iclaslarında, habelə Baş nazir və onun müavinlərinin yanında keçirilən müşavirələrdə və ya təkbaşçı baxılması deməkdir.
1.13. Nazirlər Kabinetində aktların layihələrinə və digər sənədlərə baxılmanın nəticələri Nazirlər Kabinetinin aktları, Nazirlər Kabinetinin iclasının, əlaqələndirici və məşvərətçi orqanların iclaslarının, Baş nazirin və onun müavinlərinin yanında keçirilən müşavirələrin protokolları, habelə Baş nazirin və onun müavinlərinin dərkənarı və ya onların imzaladığı digər sənədlər ilə rəsmiləşdirilir.
1.14. Nazirlər Kabinetinin aktları, Nazirlər Kabinetinin iclasının, əlaqələndirici və məşvərətçi orqanların iclaslarının, Baş nazirin və onun müavinlərinin yanında keçirilən müşavirələrin protokolları, habelə Baş nazirin və onun müavinlərinin dərkənarı və ya onların imzaladığı digər sənədlər Nazirlər Kabinetinin Aparatı tərəfindən rəsmiləşdirilir.
1.15. Nazirlər Kabineti öz fəaliyyəti haqqında məlumatları “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıqlayır.
1.16. Nazirlər Kabinetində baxılmış məsələlər haqqında məlumatlar Nazirlər Kabinetinin aktlarına, Baş nazirin və onun müavinlərinin göstərişlərinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına, dövlətin hüquqi şəxslərinə, habelə müraciət (sorğu) etmiş şəxslərə Nazirlər Kabinetinin Aparatı tərəfindən göndərilir.
1.17. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirlər Kabinetində baxılan məsələlərlə bağlı informasiya xidməti istifadə üçün nəzərdə tutula bilər.

2. Nazirlər Kabinetinin iş planı

2.1. Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin (o cümlədən normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı fəaliyyətinin) həyata keçirilməsini, eləcə də iclasların, müşavirələrin və digər tədbirlərin keçirilməsini planlaşdırır.
2.2. Nazirlər Kabineti növbəti il üçün bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş məsələlərlə bağlı illik iş planlarını (bundan sonra - iş planı) təsdiq edir.
2.3. Növbəti il üçün iş planına dair təkliflər Nazirlər Kabinetinin Aparatı, mərkəzi icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanları, habelə dövlətin hüquqi şəxsləri tərəfindən hər il noyabr ayının 1-dək Baş nazirə göndərilir. İş planına dair təkliflərə aşağıdakılar əlavə olunur:
2.3.1. məsələnin adı (normativ hüquqi aktın layihəsinin işçi adı), konsepsiyası və onun tənzimlənməsinin zəruriliyinin əsaslandırılması;
2.3.2. məsələnin həyata keçirilməsi üçün tələb olunanlar (maliyyə, insan və digər resurslar);
2.3.3. məsul icraçılar;
2.3.4. gözlənilən nəticələr;
2.3.5. Nazirlər Kabinetinin iclasında baxılmasının təxmini müddəti.
2.4. Növbəti il üçün iş planına dair Baş nazirə ünvanlanan təkliflər Nazirlər Kabinetinin Aparatında baxılaraq ümumiləşdirilir və Baş nazirə təqdim olunur. Növbəti il üçün iş planına dair Nazirlər Kabinetində normativ hüquqi aktların layihələrinin hazırlanması fəaliyyəti ilə bağlı Nazirlər Kabinetinin Aparatında təkliflərə baxılarkən, qanun layihələrinin hazırlanmasına dair Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Prezidentinin qarşılıqlı razılaşdırılmış illik planı nəzərə alınmalıdır.
2.5. Növbəti il üçün iş planına dair təqdim olunan təkliflərə dekabr ayının 1-dək Nazirlər Kabinetinin iclasında baxılaraq Nazirlər Kabinetinin növbəti il üçün iş planı təsdiq edilir.
2.6. Baş nazir Nazirlər Kabinetinin növbəti il üçün təsdiq edilmiş iş planı və onun icrası barədə Azərbaycan Respublikasının Prezidentini məlumatlandırır.
2.7. Azərbaycan Respublikası Prezidentinin tapşırığı, habelə Nazirlər Kabinetinin iclasının qərarı ilə Nazirlər Kabinetinin təsdiq edilmiş illik iş planında dəyişikliklər edilə bilər. Dəyişikliklər barədə təkliflər bu Qaydanın 2.3-cü bəndində müəyyən edilmiş qaydada verilir.

3. Nazirlər Kabinetinin iclaslarının planlaşdırılması, hazırlanması və keçirilməsi

3.1. Nazirlər Kabinetinin iclasları və iclaslarının gündəliyi təsdiq edilmiş illik iş planına uyğun olaraq planlaşdırılır.
3.2. Nazirlər Kabineti iclasının gündəliyinin layihəsi Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən hazırlanır və müvafiq materiallarla birlikdə Baş nazirə təqdim olunur.
3.3. Baş nazir tərəfindən bəyənilmiş iclas gündəliyinin layihəsi və müvafiq materiallar iclasın tarixindən azı 5 iş günündən əvvəl Nazirlər Kabinetinin üzvlərinə, habelə iclasda iştirak edəcək digər şəxslərə Nazirlər Kabinetinin Aparatı tərəfindən göndərilir. Nazirlər Kabinetinin iclasının gündəliyi bilavasitə onun iclasında təsdiq olunur.
3.4. İclas gündəliyinin layihəsinin və müvafiq materialların göndərildiyi Nazirlər Kabinetinin üzvləri, habelə iclasda iştirak edəcək digər şəxslər, zərurət yarandıqda, iclasın başlanmasına 24 saat qalanadək müvafiq məsələlər üzrə rəy və təkliflərini Nazirlər Kabinetinə təqdim edə bilərlər.
3.5. Nazirlər Kabinetinin iclasında Nazirlər Kabinetinin üzvləri şəxsən iştirak etməlidirlər. Nazirlər Kabinetinin üzvü məzuniyyətdə və ya ezamiyyətdə olduqda, yaxud səlahiyyətlərini müvəqqəti icra edə bilmədikdə, Nazirlər Kabinetinin iclasında onun səlahiyyətlərini icra edən müavini iştirak etməlidir. Nazirlər Kabinetinin iclasına Nazirlər Kabineti Aparatının rəhbəri, Nazirlər Kabineti Aparatının struktur bölmələrinin rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin rəhbərləri də dəvət oluna bilərlər.
3.6. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölmələrinin rəhbərləri Nazirlər Kabinetinin iclasında iştirak edə bilərlər.
3.7. Nazirlər Kabinetinin iclasına dəvət olunan şəxslərin siyahısı Baş nazirlə razılaşdırılmaqla Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən müəyyən olunur.
3.8. Nazirlər Kabinetinin iclasında iştirak edən şəxslər Nazirlər Kabinetinin Aparatı tərəfindən qeydiyyata alınır.
3.9. Nazirlər Kabineti üzvlərinin azı yarısı iştirak etdikdə Nazirlər Kabinetinin iclası səlahiyyətli hesab olunur.
3.10. Nazirlər Kabinetinin iclasında Nazirlər Kabinetinin üzvləri gündəlikdəki məsələlərə dair məruzələrlə çıxış edə bilərlər. Nazirlər Kabinetinin iclasında orada iştirak edən digər şəxslər də iclasa sədrlik edənin razılığı ilə çıxış edə bilərlər.
3.11. Nazirlər Kabinetinin iclasında baxılan məsələlərə dair qərarlar səsvermə ilə qəbul edilir. Qərar iclasda iştirak edən Nazirlər Kabineti üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda, iclasda sədrlik edənin səsi həlledici sayılır.
3.12. Nazirlər Kabinetinin iclasında baxılan məsələyə dair Nazirlər Kabineti üzvünün xüsusi rəyi olduqda, onun tələbi və ya iclasa sədrlik edənin göstərişi ilə xüsusi rəy iclas protokoluna daxil edilməlidir.
3.13. Nazirlər Kabinetinin iclasında məruzələr üçün vaxt 15 dəqiqəyə qədər, həmməruzələr üçün 10 dəqiqəyə qədər, müzakirələrdə çıxışlar üçün isə 5 dəqiqəyə qədər müəyyən olunur.
3.14. Nazirlər Kabinetinin iclası açıq keçirilir. Nazirlər Kabinetinin iclasına sədrlik edənin təşəbbüsü ilə Nazirlər Kabinetinin iclası qapalı da keçirilə bilər. Nazirlər Kabinetinin qapalı iclası keçirilərkən (ayrı-ayrı məsələlər qapalı müzakirə olunarkən) materialların hazırlanması, iclaslara buraxılış, stenoqraflama, protokolların və qəbul edilən aktların tərtibi məxfi sənədlərlə müəyyən olunmuş iş qaydalarına və məxfilik rejiminə riayət olunmaqla həyata keçirilir.
3.15. Nazirlər Kabinetinin iclasında baxılacaq məsələlər və materiallar haqqında kütləvi informasiya vasitələrinin məlumatlandırılması, iclas başa çatdıqda Nazirlər Kabineti üzvlərinin iclaslarda baxılmış məsələlərə dair mətbuat konfransının (brifinqin) təşkili, vətəndaşların iclasda baxılmış məsələlər və bu məsələlərə dair qəbul olunmuş qərarlar haqqında kütləvi informasiya vasitələri ilə məlumatlandırılması Nazirlər Kabinetinin Aparatı tərəfindən təmin edilir.
3.16. Nazirlər Kabinetinin iclasında kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı, video və fotoçəkilişlərin, habelə səsyazmanın aparılması qaydası Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən müəyyən olunur.
3.17. Nazirlər Kabinetinin iclasının stenoqrafik, audio və videoyazılışı Nazirlər Kabinetinin Aparatı tərəfindən təmin edilir. Qapalı iclasın (qapalı müzakirənin) audio və videoyazılışı aparılmır.
3.18. Nazirlər Kabinetinin iclasında iştirak edən şəxslərin iclasa video və fotoaparatlar, səsyazma qurğuları, habelə rabitə vasitələri gətirməsinə icazə verilmir.
3.19. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin iclasında əlavə (gündəlikdənkənar) məsələlərə də baxıla bilər.
3.20. Nazirlər Kabinetinin növbədənkənar iclası Baş nazirin, Baş nazir məzuniyyətdə və ya ezamiyyətdə olduqda, yaxud səlahiyyətlərini müvəqqəti icra edə bilmədikdə Baş nazirin birinci müavininin, o, olmadıqda isə digər müavininin qərarı ilə keçirilir.
3.21. Nazirlər Kabinetinin iclasında baxılmaq üçün hazırlanmış materialların keyfiyyətinə və vaxtında təqdim olunmasına görə Nazirlər Kabinetinin üzvləri, Nazirlər Kabineti Aparatının rəhbəri, yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin rəhbərləri şəxsən məsuliyyət daşıyırlar.

4. Nazirlər Kabinetinin və əlaqələndirici və məşvərətçi orqanların iclaslarında, Baş nazirin və onun müavinlərinin yanında keçirilən müşavirələrdə qəbul olunan, habelə Baş nazirin operativ məsələlərə dair qəbul etdiyi qərarların rəsmiləşdirilməsi

4.1. Nazirlər Kabinetinin və əlaqələndirici və məşvərətçi orqanların iclaslarında, Baş nazirin və onun müavinlərinin yanında keçirilən müşavirələrdə qəbul olunan qərarlar protokolla rəsmiləşdirilir. Həmin protokollar Nazirlər Kabinetinin Aparatı tərəfindən iclas və ya müşavirə başa çatdıqdan sonra 24 saat müddətində tərtib olunur və iclasa və ya müşavirəyə sədrlik edən şəxs tərəfindən imzalanır.
4.2. Operativ məsələlərə dair Baş nazirin qəbul etdiyi qərarlar Nazirlər Kabinetinin aktları və ya Baş nazirin dərkənarı ilə rəsmiləşdirilir.
4.3. Nazirlər Kabinetinin iclasında baxılmış Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidenti və Nazirlər Kabineti aktlarının layihələrinin təkmilləşdirilməsi zərurəti yarandıqda, həmin layihələr barəsində iclasda bildirilmiş rəy və təkliflər, habelə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanına (orqanlarına) verilən tapşırıqlar iclas protokoluna daxil edilir. Tapşırıqda başqa müddət müəyyən olunmadıqda, təkmilləşdirilmiş layihə 10 iş günü müddətində Baş nazirə təqdim edilməlidir.
4.4. Nazirlər Kabinetinin iclaslarının və müşavirələrin protokolları Nazirlər Kabinetinin üzvlərinə, habelə Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən müəyyən olunmuş siyahı üzrə digər şəxslərə iclasdan və ya müşavirədən sonra 2 iş günü müddətində göndərilir.
4.5. Bu Qaydada nəzərdə tutulan digər məsələlərə dair tapşırıqların icra müddəti bu Qaydanın 5-ci hissəsi ilə müəyyən olunur.

5. Nazirlər Kabinetinin aktlarında, Nazirlər Kabinetinin və əlaqələndirici və məşvərətçi orqanların iclaslarının protokollarında verilən tapşırıqların, habelə Azərbaycan Respublikası Prezidentinin, Baş nazirin və onun müavinlərinin tapşırıqlarının icrası qaydası

5.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikası Prezidentinin aktlarında Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlərin həlli, habelə Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinə verdiyi tapşırıqların icrasının təşkili məqsədilə Nazirlər Kabineti aktlar qəbul edir, həmçinin Baş nazir və onun müavinləri Nazirlər Kabinetinin digər üzvlərinə, Nazirlər Kabineti Aparatının rəhbərinə, yerli icra hakimiyyəti orqanlarının və dövlətin hüquqi şəxslərinin rəhbərlərinə tapşırıqlar verirlər.
5.2. Bu Qaydanın 5.1-ci bəndində müəyyən edilən hallarda, habelə Nazirlər Kabinetinin və əlaqələndirici və məşvərətçi orqanların iclaslarının protokollarında, həmçinin Baş nazirin və onun müavinlərinin keçirdikləri müşavirələrin protokollarında və dərkənarlarında tapşırıqlar verildikdə, əsas icraçı müəyyən olunmalı və layihənin razılaşdırılması vacib olan mərkəzi icra hakimiyyəti orqanı (orqanları), yerli icra hakimiyyəti orqanı (orqanları), dövlətin hüquqi şəxsi (şəxsləri) göstərilməlidir. Verilmiş tapşırıqda əsas icraçı kimi əsasnaməsinə və ya nizamnaməsinə uyğun olaraq müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı (orqanları), yerli icra hakimiyyəti orqanı (orqanları) və ya dövlətin hüquqi şəxsi (şəxsləri) müəyyən olunmalıdır.
5.3. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin məktubu ilə Nazirlər Kabinetinə daxil olan Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidenti aktlarının layihələrinə və digər sənədlərə, məktubda başqa müddət nəzərdə tutulmadıqda, bir ay müddətində Nazirlər Kabinetində baxılmalıdır.
5.4. Tapşırıqların icraçılara çatdırılması Nazirlər Kabinetinin Aparatı tərəfindən 2 iş günü müddətində, operativ məsələlərə dair Baş nazirin qəbul etdiyi qərarlar və ya onun dərkənarları, habelə “təcili” və “qısa müddətdə” göstərişi ilə verilən tapşırıqlar isə imzalandığı gündən etibarən 12 saatdan gec olmamaq şərtilə təxirəsalınmadan təmin olunur.
5.5. Nazirlər Kabinetinin aktlarında verilən tapşırıqlar icraçılara onlara aktın nüsxəsi göndərilməklə çatdırılır.
5.6. Nazirlər Kabinetinin iclaslarının protokollarında verilən tapşırıqlar icraçılara onlara iclas protokolundan çıxarış göndərilməklə çatdırılır.
5.7. Baş nazirin və onun müavinlərinin keçirdikləri müşavirələrin protokollarında verilən tapşırıqlar icraçılara onlara müşavirə protokolu və ya ondan çıxarış göndərilməklə çatdırılır. Baş nazir və onun müavinləri tərəfindən baxılan sənədlər üzrə tapşırıqlar icraçılara tərtib edilmiş dərkənar onlara göndərilməklə çatdırılır.
5.8. Tapşırığın icra müddəti təqvim günü ilə və ya dövrlə müəyyən olunur. Tapşırığın icra müddəti dövrlə müəyyən olunduqda, onun icrasının başlanma tarixi imzalandığı gündən hesablanır.
5.9. “Təcili” göstərişi ilə verilən tapşırıq 3 iş günü, “qısa müddətdə” göstərişi ilə verilən tapşırıq isə 7 iş günü müddətində icra olunmalıdır. “Təcili” və ya “qısa müddətdə” göstərişi ilə verilmiş tapşırıqlarda təkliflərin razılaşdırılması nəzərdə tutula bilməz. Tapşırığın icra müddəti göstərilmədikdə o, tapşırığın (qərarın) imzalanması tarixindən etibarən bir ay müddətində (növbəti ayın müvafiq gününə qədər, növbəti ayda həmin gün olmadıqda isə ayın son gününə qədər) icra olunmalıdır. Tapşırığın icra müddətinin son günü qeyri-iş gününə təsadüf etdikdə, icra müddətinin son günü növbəti iş günü hesab olunur.
5.10. Tapşırığın müəyyən olunmuş müddətdə icrası mümkün olmadıqda, tapşırığı icra edən uzadılmanın səbəbləri və mümkün icra tarixi göstərilməklə, müddətin uzadılması haqqında Nazirlər Kabinetinə təklif verməlidir. Belə təklif tapşırığın (qərarın) icrasının başa çatma tarixindən 7 iş günü əvvəl təqdim olunmalıdır. “Təcili” və ya “qısa müddətdə” göstərişi ilə verilmiş tapşırıqların icra müddəti uzadılmır.
5.11. Tapşırıq bir neçə mərkəzi icra hakimiyyəti orqanına, yerli icra hakimiyyəti orqanına, dövlətin hüquqi şəxsinə verildikdə, tapşırıqda birinci göstərilmiş və ya “çağırış” sözü ilə ifadə olunmuş orqanın rəhbəri tapşırığın əsas icraçısı hesab edilir. Birgə icraçılar təkliflərini əsas icraçıya tapşırığın icrasına ayrılmış müddətin birinci yarısında təqdim etməlidirlər.
5.12. Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinə verdiyi tapşırığın icrası üzrə Baş nazir və ya onun müavinləri tərəfindən müəyyən edilən əsas icraçı Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi müddətin (“təcili” və ya “qısa müddətdə” göstərişi ilə verilən tapşırıqlar istisna olmaqla) bitməsinə ən geci 5 iş günü qalmış Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq hesabatın layihəsini Baş nazirə və ya onun müavinlərinə təqdim edir.
5.13. Tapşırıq müəyyən olunmuş müddətdə icra olunmadıqda, tapşırığın icraçısı tapşırığın icrası üçün verilmiş müddət bitdikdən sonra 3 iş günü müddətində müvafiq olaraq tapşırığı vermiş Azərbaycan Respublikasının Prezidentinə, Baş nazirə və ya onun müavinlərinə tapşırığın icrasının vəziyyəti və onun müəyyən olunmuş müddətdə icra olunmamasının səbəbləri haqqında arayış təqdim edir.

6. Nazirlər Kabinetində hüquqi aktların layihələrinin hazırlanması, təqdim edilməsi, baxılması və Nazirlər Kabinetinin aktlarının qəbul edilməsi, rəsmi dərc edilməsi və qüvvəyə minməsi

6.1. Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinin I hissəsinə uyğun olaraq, Nazirlər Kabineti ümumi qaydalar müəyyən etdikdə qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir.
6.2. Nazirlər Kabinetinin aktları Baş nazir (bu Qaydanın 1.5-ci bəndi nəzərə alınmaqla) tərəfindən imzalanır.
6.3. Nazirlər Kabinetində hüquqi aktların layihələrinin hazırlanması, təqdim edilməsi, baxılması və Nazirlər Kabinetinin aktlarının qəbul edilməsi, rəsmi dərc edilməsi və qüvvəyə minməsi zamanı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanına əlavə - “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 385 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması Qaydası”nın, habelə Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin “Elektron hökumət” portalında yerləşdirilməsinə, Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsinə dair Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaların tələbləri nəzərə alınır.
6.4. Mərkəzi icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanları və dövlətin hüquqi şəxsləri tərəfindən Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidenti və Nazirlər Kabineti aktlarının layihələrinin razılaşdırılması həyata keçirildiyi zaman layihəyə və ya onun ayrıca struktur elementinə dair icraçılar arasında fikir ayrılıqları olduqda, layihə irad və təkliflərlə birlikdə əsas icraçı tərəfindən Baş nazirə təqdim edilir.
6.5. Həmin layihə və ya onun ayrıca struktur elementinə dair qarşılıqlı həllin tapılması məqsədilə Baş nazirin tapşırığı ilə onun müavini və ya Nazirlər Kabineti Aparatının rəhbərinin yanında Aparatın müvafiq struktur bölməsinin (bölmələrinin), layihəni hazırlayan əməkdaşının (əməkdaşlarının), habelə irad və təklifləri olan mərkəzi icra hakimiyyəti orqanının (orqanlarının), yerli icra hakimiyyəti orqanının (orqanlarının) və dövlətin hüquqi şəxsinin (şəxslərinin) nümayəndələrinin iştirakı ilə müzakirə aparılır.
6.6. Bu Qaydanın 6.5-ci bəndinə uyğun aparılan müzakirə nəticəsində layihəni razılaşdırmaq mümkün olmadıqda, bu barədə Baş nazirə məlumat verilir.
6.7. Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidenti və Nazirlər Kabineti aktlarının layihələrinə və ya onun ayrıca struktur elementinə dair mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının və dövlətin hüquqi şəxslərinin rəyləri Baş nazir üçün məcburi hesab olunmur. Baş nazir qarşılıqlı həlli tapılmayan layihə və ya onun ayrıca struktur elementinə dair öz qərarını həyata keçirir.

7. Əlaqələndirici və məşvərətçi orqanlar

7.1. Əlaqələndirici orqan olan komissiyalar və təşkilat komitələri müəyyən tapşırıqların yerinə yetirilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının və dövlətin hüquqi şəxslərinin işini əlaqələndirmək məqsədi ilə yaradılır.
7.2. Məşvərətçi orqan olan şuralar konkret sahənin araşdırılması və təhlili, habelə inkişafı ilə bağlı təkliflərin hazırlanması məqsədi ilə yaradılır.
7.3. Əlaqələndirici və məşvərətçi orqanlar təmsilçilik əsasında yaradılır. Əlaqələndirici və məşvərətçi orqanların tərkibinə, baxılan məsələlərdən asılı olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının və (və ya) dövlətin hüquqi şəxslərinin nümayəndələri daxil edilir. Əlaqələndirici və məşvərətçi orqanların fəaliyyətinə yerli özünüidarə orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri də cəlb edilə bilər.
7.4. Əlaqələndirici və məşvərətçi orqanların qərarları ilə onların tərkibində işçi qruplar yaradıla bilər.
7.5. Əlaqələndirici və məşvərətçi orqanların qərarları iclas protokolları ilə rəsmiləşdirilir.
7.6. Əlaqələndirici və məşvərətçi orqanların fəaliyyəti əsasnamələri ilə tənzimlənir.

8. Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Milli Məclisi qarşısında hesabatı

8.1. Nazirlər Kabineti hər il Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının beşinci iclasında öz fəaliyyəti haqqında hesabat verir.
8.2. Hesabatın layihəsinin hazırlanması üçün Baş nazir aidiyyəti üzrə Nazirlər Kabinetinin üzvlərinə tapşırıqlar verir.
8.3. Nazirlər Kabinetinin üzvləri aidiyyəti üzrə hesabatın layihəsini hazırlayaraq Baş nazirə təqdim etməlidirlər.
8.4. Nazirlər Kabinetinin üzvlərindən daxil olmuş layihələr baxılmaq və ümumiləşdirilmək üçün Baş nazirin müavinlərinə, Nazirlər Kabineti Aparatının rəhbərinə və Aparatın müvafiq struktur bölmələrinə göndərilir.
8.5. Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Milli Məclisi qarşısında hesabatını Baş nazir və ya onun birinci müavini, Azərbaycan Respublikası Prezidentinin tapşırığı olduqda isə Nazirlər Kabinetinin müvafiq üzvü verir.

9. Azərbaycan Respublikası Milli Məclisinin Nazirlər Kabinetinə sorğuları

9.1. Azərbaycan Respublikasının Milli Məclisi Nazirlər Kabinetinə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair sorğu ilə müraciət etdikdə, Nazirlər Kabinetinin sorğuya cavabının layihəsi Baş nazirin tapşırığı ilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı (orqanları) tərəfindən hazırlanır.
9.2. Azərbaycan Respublikası Milli Məclisinin sorğusuna cavab Nazirlər Kabinetini təmsil edən səlahiyyətli şəxs tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin iclasında bir aydan gec olmayaraq təqdim edilir.

10. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının Nazirlər Kabinetinin üzvlərinə sorğuları

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından Baş nazirin və ya onun müavinlərinin ünvanına daxil olmuş sorğulara cavab layihələri Nazirlər Kabinetinin Aparatı tərəfindən 15 gündən gec olmayaraq hazırlanır. Nazirlər Kabinetinin digər üzvlərinə daxil olmuş sorğulara cavablar aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı tərəfindən hazırlanmalıdır. Sorğulara cavab vermək üçün Baş nazir və ya onun tapşırığı ilə Nazirlər Kabinetinin digər üzvləri Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında iştirak edirlər.

11. Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğuları

11.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-8-ci bəndlərində nəzərdə tutulmuş məsələlərin həllinə dair Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər.
11.2. Nazirlər Kabineti Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər.
11.3. Bu Qaydanın 11.1-ci və 11.2-ci bəndlərində nəzərdə tutulmuş sorğular Baş nazirin və ya onun müavinlərinin tapşırığı ilə Nazirlər Kabinetinin Aparatı və ya sorğu təşəbbüsü ilə çıxış edən aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı (orqanları) tərəfindən hazırlanır.
11.4. Bu Qaydanın 11.1-ci və 11.2-ci bəndlərində nəzərdə tutulmuş sorğular Baş nazir tərəfindən verilə bilər.

12. Vətəndaşların qəbulu və müraciətlərinə baxılması

12.1. Nazirlər Kabineti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vətəndaşların müraciətlərinə baxılmasını, onlara dair qərarların qəbul edilməsini və cavablandırılmasını, həmçinin vətəndaşların qəbulunu təmin edir.
12.2. Nazirlər Kabinetinin üzvləri tərəfindən vətəndaşların qəbulu Baş nazir tərəfindən hər ay təsdiq olunan qrafik üzrə həftənin müəyyən günlərində aparılır.
12.3. Baş nazirin və ya onun müavinlərinin ünvanına daxil olan müraciətlər ilə iş Nazirlər Kabinetinin Aparatı tərəfindən aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video