05 Oktyabr 2017 01:10
313
Təhsil
A- A+

Şərəfli ömür yaşayanlar

 

...Ana, ata qədər əzizdir müəllim! Ömürləri həzin nəğməyə bənzədilən, şagirdlərini gələcəyin kamil vətəndaşları kimi yetişdirən müəllim adı daim uca tutulur. Onun hər kəlməsini dürr, inci bilib yaddaşımıza həkk etməyə çalışmışıq. Çünki ilk dəfə əlimizdən tutub titrək barmaqlarımızla hərfləri yazmağı öyrədib. 

“Ana” və “Vətən” kəlmələrini onlar bizə sevdiriblər. Bu sevgi sonralar böyüyüb yurda, torpağa, millətə məhəbbətə çevrilib.
Bəşəriyyətin müəllim adına, daşıdığı missiyaya verdiyi dəyər qitədən-qitəyə keçib. 5 oktyabr Beynəlxalq Müəllimlər Gününün qeyd edilməsinə dair qərarı 1966-cı il oktyabrın 5-də UNESCO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. Dünyanın 100-dən çox ölkəsi bu tarixdə müəllimlərin peşə bayramını qeyd edir.
Ölkəmizdə məktəbə, müəllimə dövlət qayğısı ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu hər iki dövrdə yüksək səviyyədə həyata keçirilib. Təsadüfi deyil ki, ümummilli lider müəllimliyin şərəfli olduğu qədər də məsuliyyətli peşə olmasını hər zaman diqqətə çatdırıb: “Hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət, millət, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisi, ən lazımlısıdır. Müəllimlik işi həm şərəfli, həm də çətin işdir. Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni, müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda, ikiqat məsuliyyətli işdir. Mən dünyada müəllim adından yüksək, şərəfli bir ad tanımıram”.
Prezident İlham Əliyevin də müəllimə göstərdiyi diqqət və qayğı, bu sahəni dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil etməsi, təbii ki, humanist siyasətin uğurlu və məntiqi davamıdır.
Ərazisi işğal altında qalan Kəlbəcərin müəllimlərinə də dövlət və hökumət tərəfindən göstərilən qayğıdan daim pay düşüb. Kəlbəcər 13 saylı tam orta məktəbdə bir daha bunun şahidi olduq. Məhz həmin qayğının nəticəsidir ki, builki məzunların əksəriyyəti yüksək göstəricilərlə ali və orta ixtisas məktəblərinin tələbəsi adını qazanıblar. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan məktəbin direktoru Füruzə İsmayılova bildirdi ki, ölkəmizdə müəllimlərə göstərilən diqqət onların daha məsuliyyətlə çalışmasına stimul verir: “Dövlət başçısı cənab İlham Əliyevlə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu il də yeni dərs ili ərəfəsində tikilmiş, yaxud əsaslı təmirdən çıxmış bir neçə məktəblə tanış olması mühüm əhəmiyyət daşıyır. Buna görə pedaqoji kollektivlərin üzərinə daha ciddi və məsul vəzifələr düşür. Bu, eyni zamanda, müəllim peşəsinə verilən böyük dəyərdir”.
Ömrünü, gününü məktəbyaşlılarla keçirən Füruzə İsmayılova xəyalında ötənləri canlandıraraq, sevincli-kədərli günlərini bölüşməyə çalışdı: “Kəlbəcər şəhər 1 nömrəli orta məktəbi bitirib həmin il də (1973-ci il) Xarici Dillər İnstitutuna daxil olmuşam, 1978-ci ildə ali təhsilimi başa vurub təyinatla Kəlbəcərdə bitirdiyim orta məktəbdə müəllimliyə başlamışam. Təəssüf ki, Kəlbəcər 1993-cü ildə Ermənistan tərəfindən işğala məruz qaldı. Biz müəllimlər daha çox mənəvi sarsıntı keçirdik: neçə-neçə məktəblimizi, bəzilərinin ata-anasını itirdik. Ulu öndər Heydər Əliyev kəlbəcərli məcburi köçkünlərlə ilk dəfə 1996-cı ildə görüşəndə bu ağrılı faktlara toxundu və biz müəllimlərin üzərinə ciddi məsuliyyət düşdüyünü bildirdi, gənc nəsli vətənpərvər ruhda, savadlı və bilikli yetişdirməyi tələb etdi. Biz də bu tapşırığı daim əsas götürməyə çalışırıq. Kəlbəcərin işğalından sonra 2011-ci ilədək 19 nömrəli Kəlbəcər tam orta məktəbdə çalışmışam. 1995-ci ildən isə direktor işləyirəm.
Ermənistanın təcavüzündən sonra yalnız yurdlarını deyil, həm də doğma kollektivlərini itirən müəllimlərimiz az olmadı. Ötən illər ərzində onlar qarşılaşdıqları çətinliklərə baxmayaraq, öz müəllim peşələrinə sadiq qalaraq, təlim-tərbiyəsi ilə məşğul olduqları uşaq və yeniyetmələrdə Vətənə sədaqət hissi aşılayıb, doğma ata-baba yerlərinə qayıdış inamını gücləndirirlər. Bunun nəticəsində son illər kəlbəcərli məzunların arasında hərbi akademiya və liseyə qəbul olanların sayı xeyli artıb...”
Abşeron rayonunun Mehdiabaq qəsəbəsindəki Gənclər şəhərciyində fəaliyyət göstərən bu məktəbin 155 şagirdinin təlim-tərbiyəsi ilə 25 müəllim məşğul olur. Onların arasında Ələmdar Səlimov, Firəngiz Əlbəndəyeva, Zahid Səmədov... kimi qocamanlarla yanaşı, Afaq Bayramova, Nuranə Mehdiyeva, Aynurə Nəcəfova, Gülnar Bayramova, Vüsalə Musayeva, Arzu Cəbrayılova tək peşəsinə vurğun və şagirdlərinin sevimlisi olan gənc müəllimlər də var.
Qəsəbədə yaşayış binalarının birinin alt qatında fəaliyyət göstərən məktəbdə dərslər ikinövbəlidir. “Birinci növbədə digər məcburi köçkün rayonlarının (Ağdam, Füzuli, Cəbrayıl...) şagirdləri dərs keçir” -deyə məktəbin direktoru onu da bildirdi ki, bu təhsil ocağı uyğunlaşdırılmış məkanda yerləşir: “Ona görə də Abşeron rayonunun rəhbərliyi qəsəbədə təhsil ocağına olan ehtiyacı nəzərə alaraq, yenisini tikdirir. Dekabr ayında istifadəyə veriləcək təhsil ocağında, təbii ki, göstəricilərimiz daha yüksək olacaq. Şəraitimiz o qədər də ürəkaçan olmasa da, məktəbimizdə tədrisin keyfiyyəti həmişə diqqət mərkəzində saxlanıb. Bunun nəticəsi son illər məzunlarımızın ali məktəblərə qəbulunda özünü göstərir. İctimai fəallığı ilə seçilən müəllim və şagirdlərimiz az deyil. Təkcə onu deyim ki, Ağdaban faciəsi haqqında elan edilən respublika müsabiqəsində (inşa yazısı üzrə) X sinif şagirdi Çıraqova Vəfa Eldəniz qızı yüksək göstəricisi ilə fərqlənib”.
Öyrəndik ki, məktəbin builki məzunlarından Məmmədli Ruslan Bayram oğlu 630 balla Azərbaycan Diplomatik Akademiyasının, Kamilli Şəhriyar Asəf oğlu 508 balla İqtisad Universitetinin, Səfərəliyeva Çimnaz Araz qızı BDU-nun, Əlizadə Elvin İlqar oğlu Bakı Slavyan Universitetinin, Sədətquliyev Əli Mübariz oğlu isə Mingəçevir Dövlət Universitetinin tələbəsi adına layiq görülüblər.
Yeni dərs ilinin ilk aylarıdır. Adətən, bu vaxtlar müəllimlərin qayğılarının aşıb-daşan dövrüdür. İllərdir ki, məcburi köçkün həyatı yaşayan müəllimlərimiz də həmin qayğılardan kənarda deyillər. Əlbəttə, onlar inanırlar ki, düşmən əsarətində qalan yurdlarımız işğaldan azad edildikdən sonra kadr kimi müxtəlif sənət və peşələrinə, elm və təhsillərinə ciddi ehtiyac duyulacaq. Ona görə də uşaqların təhsilə cəlb edilmələri və yüksək peşə və ixtisasa nail olmaları vacib məsələ kimi qarşıda duran mühüm vəzifələrdəndir. Müəllim peşəsinin də şərəfi məhz Vətənə layiqli övladlar yetişdirməkdir!

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video